Kipr kurortları turizm böhranı yaşayır: Savaş onlarıda vurrdu
Bu gün, 09:35

Adətən yay başlamazdan əvvəl Avropanın bu məşhur dənizkənarı məkanı hotellər, restoran terrasları və çimərliklərdəki sıxlıqla seçilir. Lakin bu il burada sakitlik hökm sürür, çünki çoxsaylı turistlər səfərlərini ləğv ediblər.
Bu barədə "Startlap.hu" nəşri yazır.
Materialda qeyd olunur ki, ötən il Kipr turizm sahəsində tarixi rekord əldə etmişdi. Rəsmi məlumatlara əsasən, ölkəyə 4,53 milyondan çox turist səfər edib ki, bu da 2024-cü illə müqayisədə 12,2 faiz çoxdur. Turizmdən əldə olunan gəlir 3,7 milyard avroya yaxınlaşıb və qonaqların təxminən üçdə biri Böyük Britaniyadan gəlib. Lakin 2026-cı ilin yazında vəziyyət qəfil mənfi istiqamətdə dəyişib.
Kipr Hotellər Assosiasiyasının məlumatına görə, mart ayında yeni rezervasiyaların sayı təxminən 40 faiz azalıb. Aprel ayında da oxşar geriləmə müşahidə olunub.
“Nəticədə gəlirlər də azalıb. Mart ayında turizmdən əldə olunan gəlir illik müqayisədə 33,8 faiz azalaraq 85,6 milyon avroya düşüb”, deyə nəşr yazır.
Niyə turistlər Kiprə getmirlər?
Peşəkar təşkilatlar bu azalmanı ilk növbədə Yaxın Şərqdəki hərbi vəziyyətlə əlaqələndirirlər.
“Kipr Avropa İttifaqının üzvü və məşhur Aralıq dənizi kurortu olsa da, coğrafi baxımdan Yaxın Şərqdəki münaqişə zonasına yaxın yerləşir. Mart ayının əvvəlində adanın cənubundakı Britaniyaya məxsus ‘Akrotiri’ hərbi bazasına pilotsuz uçuş aparatının düşməsi turistlərin narahatlığını daha da artırıb”, deyə nəşr xatırladıb.
"easyJet" şirkətinin rəhbəri bildirib ki, qeyri-müəyyənlik səbəbindən bir çox sərnişin alternativ olaraq İspaniyanı seçib, Kiprə isə tələbat azalıb. Bu qərarlara yalnız təhlükəsizlik narahatlıqları deyil, həm də yanacaq qiymətlərinin artması, marşrutların uzanması və aviabiletlərin bahalaşması təsir göstərir.
Yay mövsümündə 450 minə qədər turist çatışmaya bilər
Larnaka və Pafos hava limanlarını idarə edən "Hermes Airports" şirkətinin məlumatına görə, aviaşirkətlər aprel-oktyabr aylarını əhatə edən yay cədvəlindən təxminən 600 min sərnişin yeri çıxarıblar.
Materialda qeyd edilir ki, bu, ümumi daşıma qabiliyyətinin təxminən 5 faiz azalması deməkdir. Bununla belə, sərnişin axını ötən illə müqayisədə daha çox – təxminən 9 faiz azala bilər. Bu isə ölkəyə gələn turistlərin sayının təxminən 450 min nəfər azalması anlamına gəlir.

