ABŞ İranla əlaqədar Bağdada xəbərdarlıq etdi
2-12-2025, 15:24

İraqda yeni hökumətin formalaşması “Sədr” Hərəkatının iştirak etməməsi səbəbindən daha asan görünür, amma məlumatlı mənbələr bildirirlər ki, hələ də gələcək hökumət üçün ABŞ-nin şərtləri və İranla əlaqəli silahlı qrupların rolu barədə mürəkkəb məqamlar qalır.
Bu barədə İraqın “Al Jabaal” nəşri məlumat yayıb.
Qeyd edilib ki, son parlament seçkilərində daha çox mandat qazanmış silahlı qruplar, kvota sisteminə görə, hökumətdə iştirak haqqına malikdirlər, amma ABŞ onların həssas nazirliklərə rəhbərlik etməsinə qarşıdır:
“Bu səbəbdən Koordinasiya Çərçivəsi əsas nazirliklərin, məsələn, neft, maliyyə və investisiya nazirliklərinin İranla əlaqəli silahlı qrupların üzvlərinə yox, müstəqil və ya beynəlxalq səviyyədə tanınan şiə fiqurlar tərəfindən idarə olunmasına qərar verib.
“Hikmət” Hərəkatı və ənənəvi şiə partiyaları vurğulayıb ki, Xarici İşlər və Neft nazirlikləri beynəlxalq qəbul görən və Qərb və ABŞ ilə ünsiyyət qabiliyyətinə malik şəxslər tərəfindən idarə olunmalıdır.
ABŞ-nin İraq üzrə xüsusi nümayəndəsi xəbərdarlıq edib ki, ölkə tarixi bir dönəmdən keçir, İraqı müstəqil və hörmətli ölkəyə çevirmək, iqtisadi inkişaf və sərmayə cəlb etmək üçün silahlı qruplar siyasətdən ayrılmalı, belə qruplar nəzarətsiz buraxılmamalı və qanunun aliliyi gücləndirilməlidir”.

