Cənubi Koreyada intim videoların satışı üçün 120 min videokameraya müdaxilə edən dörd nəfər saxlanılıb
2-12-2025, 17:18
Cənubi Koreya polisi evlərdə və xəstəxanalarda quraşdırılmış 120 min videomüşahidə kamerasına müdaxilədə şübhəli bilinən dörd nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı SBS saytı yayıb.
Məlumata əsasən, cinayətkarlar əldə etdikləri intim məzmunlu görüntüləri xarici saytlara satıblar.
Bundan əlavə, hüquq-mühafizə orqanları həmin videoları alan üç nəfəri də saxlayıblar. Polis videoların yerləşdirildiyi saytlardan birinə girişin bloklanması üçün Koreya Kommunikasiya Komissiyasına müraciət edib. Sakinlərə ev kameralarının şifrələrini müntəzəm şəkildə dəyişmək tövsiyə edilib.
Cinayətkarlar əsasən uşaqlara və ev heyvanlarına nəzarət üçün istifadə olunan zəifmüdafiəli kameralara müdaxilə ediblər. Bu tip kameralar istifadəçilərin smartfonlar vasitəsilə videoyazıları real vaxt rejimində izləyə bilməsi üçün internetə qoşulur. Müdaxilə edilən kameralarda isə "0000" və "ABCD" kimi sadə və təhlükəsiz olmayan şifrələr olub.