Yaponiyadan rekord HƏRBİ BÜDCƏ: "Çinin böyük nüvə arsenalına malik olması..."

27-12-2025, 07:34           
Yaponiyadan rekord HƏRBİ BÜDCƏ:
“Region potensial gərginlik mənbəyi olaraq qalır və gələcəkdə daha ciddi problemlərə yol aça bilər”.

Bunu Yaponiyanın Çini çəkindirmək məqsədilə 58 milyard dollar həcmində rekord müdafiə büdcəsini təsdiqləməsinin yeni eskalasiya nöqtəsi yaratma ehtimalından danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.media-samir_humbetov

Politoloq bildirib ki, böyük miqyaslı eskalasiyanın baş verəcəyi düşünülmür:

“Belə iri dövlətlərin açıq qarşıdurması təkcə region üçün yox, bütün bəşəriyyət üçün ciddi fəlakət deməkdir. Bu səbəbdən nə Yaponiyanın, nə də Çinin belə riski gözə alacağını real hesab etmirəm. Nəzərə almaq lazımdır ki, bir tərəfdə 130 milyondan artıq əhalisi olan Yaponiya, digər tərəfdə isə təxminən bir yarım milyardlıq Çin dayanır. Tərəflərin həm müdafiə büdcələri, həm də hərbi imkanları eyni deyil və arada ciddi fərqlər mövcuddur.

Bununla yanaşı, region potensial gərginlik mənbəyi olaraq qalır və gələcəkdə daha ciddi problemlərə yol aça bilər. Çinin böyük nüvə arsenalına malik olması, eyni zamanda, Yaponiya ərazisində yerləşən ABŞ-nin hərbi hava və digər bazalarının mövcudluğu vəziyyəti daha da həssas edir. Həmin bazaların hər birinin ayrıca strateji rolu və yükü var. Bu da region üçün əlavə risk faktoru yaradır.

Məhz sadalanan amillər fonunda genişmiqyaslı eskalasiyanın ehtimalını aşağı qiymətləndirirəm. Bununla belə, Yaponiyanın hərbi baxımdan gücləndirilməsi regionda çəkindirmə və tarazlaşdırma siyasətinin tərkib hissəsidir. Proses yalnız Yaponiyanın daxili təşəbbüsü kimi yox, eyni zamanda, ABŞ-nin Uzaq Şərq strategiyasının açıq göstəricisi kimi dəyərləndirilməlidir. Vaşinqton Çinə birbaşa qarşıdurmadan yayınaraq, əsasən, Yaponiya və Cənubi Koreya üzərindən təsir göstərməyə çalışır. Paralel olaraq isə AUKUS paktı vasitəsilə Pekinə siyasi və hərbi mesaj göndərir.

Bu kontekstdə atılan addımlar eskalasiyaya deyil, Çini tarazlaşdırmaq və müəyyən məsələlərdə çəkindirmək məqsədi daşıyır. 58 milyard dollarlıq vəsait kifayət qədər böyük məbləğdir və Yaponiyanın Silahlı Qüvvələrinin modernləşdirilməsi baxımından ciddi üstünlüklər yarada bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]