Çinin süni intellekt modeli dünyanın ən böyük şirkətlərinin səhmlərini ucuzlaşdırdı

Bu gün, 12:44           
Çinin süni intellekt modeli dünyanın ən böyük şirkətlərinin səhmlərini ucuzlaşdırdı
Çinin "Moonshot" startapının yeni süni intellekt modelini təqdim etməsi dünyanın ən böyük şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Şirkət iddia edir ki, yeni model "OpenAI" və "Anthropic"in qabaqcıl sistemləri ilə rəqabət apara bilir.

Bu barədə "TradingView" məlumatlarına istinadən bildirilir.

Xəbərin hazırlandığı vaxt qlobal reytinqdə ilk onluqda yalnız iki şirkətin səhmləri simvolik artım göstərib: "Apple" 0.11%, "Saudi Aramco" isə 0.15% bahalaşıb. Digər səkkiz şirkətin səhmləri isə 1.5% və daha çox ucuzlaşıb. "Nvidia"nın səhmlərinin 3.4% azalması isə uzun müddətdən sonra şirkətin kapitallaşmaya görə liderliyini itirməsinə səbəb olub.

"Bloomberg" yazır ki, "Moonshot"ın "Kimi K3" modeli sınaqlarda ABŞ şirkətlərinin ən güclü məhsulları ilə müqayisə edilə bilən nəticələr göstərib. Proqramlaşdırma alətləri qabaqcıl süni intellekt modelləri hazırlayan şirkətlər üçün ən gəlirli istiqamətlərdən biri hesab olunur. Bu sahə "Anthropic" və "OpenAI" şirkətlərinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir.

"Əgər "Kimi" oxşar keyfiyyəti daha aşağı qiymətə təklif edə bilsə, bu, həm ABŞ-də, həm də Çində rəqiblərin biznes modelinə ciddi təsir göstərə bilər", - deyə jurnalistlər bildiriblər.

Bu, Çinin süni intellekt sahəsində bazarlara təsir edən ilk böyük sıçrayışı deyil. 2025-ci ilin əvvəlində Çinin "DeepSeek" şirkəti ABŞ texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olaraq böyük rezonans yaratmışdı. Həmin layihə "Apple" şirkətinin rəhbəri Tim Kuk və digər biznes liderləri tərəfindən də yüksək qiymətləndirilmişdi.

2026-cı ilin iyununda "DeepSeek" ilk maliyyələşdirmə raundunda 7.4 milyard dollardan çox vəsait cəlb edib və 50 milyard dollardan artıq qiymətləndirmə ilə Çinin ən bahalı süni intellekt startapına çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru