İqtisadçıdan Dövlət Komitəsinə sual: -

15-12-2022, 16:42           
İqtisadçıdan Dövlət Komitəsinə sual: -
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manat təşkil edib.

Komitənin məlumatına görə, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6 min 182,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri 51 milyard 630,9 milyon manat təşkil edib, hər nəfərinə orta hesabla 5 min 154,8 manat düşüb.

Dövlət Statistika Komitəsinin digər bir məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz artıb.Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 15,1 faiz yüksəlib. Beləliklə, ölkə əhalisinin gəlirlərinin qiymətlərdən 6,7 faiz bəndi daha çox artdığı bildirilir. Bu gün əhalinin gəlirləri ilə müqayisə etdikdə görünür ki, bazarlardakı qiymətlər bunun əksini göstərir. Yəni əməkhaqqı ilə müqayisədə qiymətlər demək olar ki, hər gün artır.

Başqa sözlə, bahalaşma Dövlət Statistika Komitəsinin rəqəmlərindən daha çoxdur. Doğrudanmı əhalinin gəlirləri artıb?TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, rəsmi qurumların bu istiqamətdə hesablama qaydasının necə olduğu ilə bağlı məlumat verilməsi yaxşı olardı:

“Çox zaman ölkədə belə ümumi rəqəmlər açıqlanır, xüsusilə də orta aylıq maaş, gəlirliliklə bağlı belə xəbərlər olur. Ancaq bunun metodologiyası, hesablama zamanı hansı indikatorlardan istifadə edilir, nələri, hansı məqamları nəzərə aldıqları ilə bağlı təəssüf ki, bizim rəsmi qurumlar ciddi və detallı açıqlama vermirlər. Bizim iqtisadçı, mütəxəssis, toplum olaraq başqa alternativ hesablama imkanlarımız da yoxdur. Çünki bunu hesablamaq üçün informasiyaya çıxış imkanlarımız olmalıdır.

Ancaq alternativ çıxış imkanlarımız olmadığından, məcburuq ki, rəsmi qurumların elan etdiyi rəqəmlərdən danışaq. Bunların necə hesablanıb, ərsəyə gəldiyi, hansı metodologiyadan istifadə edilməsi ilə bağlı heç bir açıqlama verilmir. Ona görə insanlarda gördüyü rəsmi rəqəmlərlə real vəziyyət arasında bir disbalans yaranır. Yəni bir-birinə uyğun gəlmir. Gəlirlər artırsa, insanların dolanışığında niyə problemlər var? Qiymətlər niyə bu qədər sürətlə artır və insanlar niyə bu qədər qiymət artımından şikayətçidirlər?”

Ekspert bildirib ki, kifayət qədər suallar yaranır:

“Rəsmi rəqəmlərlə reallıq arasında ciddi dizbalans olduğu görünür. Ona görə də belə rəqəmləri şərh etmək çətindir. Çünki hesablama qaydaları haqqında heç nə bilmirik. Ölkədə hansı irəliləyiş baş verib ki, gəlir artımı ilə bağlı rəsmi səviyyədə optimist rəqəmlər açıqlanır. Əgər normal, başqa ölkələrdə olduğu metodologiyası haqqında rəsmi açıqlamalar versəydilər, cədvəllər dərc etsəydilər, mütəxəssislər də oturub hesablayardı ki, nəyə əsasən belə böyük rəqəmlərin alınmasına nail olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru