Avropa necə ağıllandı?
Bu gün, 09:50

İl 1558. Luici Kornaro adlı venesiyalı bir aristokrat sağlamlıq, ömrü uzatmaq mövzusunda xalqa məsləhətlər verirdi ki, israfdan, ifratdan qaçın, bədəni təmiz saxlayın və qətiyyən ulduzların, kosmik hadisələrin, köhnə adətlərin, kimyagərlərin, astroloqların sizi sağaldacağına, uğur gətirəcəyinə inanmayın.
Bu o dövr idi ki, Avropanın hər yerində xalqa sağlamlıq məqsədilə qiymətli metalları qaynadıb suyunu içirən, səma cisimlərini himayədar kimi sırıyan, qızıl və ya gümüş udmağın bədəni təmizlədiyini söyləyən fırıldaqçılar qaynaşırdı.
Bütün bu əbləhlikləri lağa qoyan aristokrat Kornaro Orta əsrlərin mistik təməllərindən tamamilə uzaqlaşmışdı: xalqa başa salmağa çalışırdı ki, heç bir əlvan metalın suyunu içmək sizi sağaltmayacaq, ulduzlar sizi nə qoruya, nə də himayə edə biləcək. O, öz məsləhətləri ilə qəsdən illüziyalara zərbə vururdu.
Xalq isə ta XIX əsrə qədər tək buynuzlu atın buynuzundakı iksirin, qızıl, gümüş pulların qaynadılmasından hazırlanan siropların müalicəvi gücünə inanmaqda israr etdi.
XVI əsr avropalısının bədənini gümrahlaşdırmaq üçün inandığı bu mistik illuziyalarla günümüzün müsəlmanı ruhunu təmizləyəcəyini düşünür. Mənəviyyat deyən kimi yadına elm, sənət, fəlsəfə düşmür, dərhal üz tutur cinlərin, mələklərin, qanadlı atların, sehrli əsaların havada uçuşduğu mistik bir aləmə. Mənəviyyatı quldarlıq quruluşunun "göydən endirdiyi" şəriətdə axtarır.
Dərd orasındadır ki, bizim aristokratlar da elə xalqın tayıdır. Peykanlıda falçıları ən çox polisə, məhkəməyə şikayət edənlər ölkənin ən varlı adamlarıdır. Cinlərimiz də artıq dələduzluqla məşğuldur.
Sevindirici xəbər yalnız budur ki, biz qızılı, gümüşü canımızdan çox istədiyimiz üçün, vur öldür, heç vaxt qaynadıb suyunu içmərik.
Игидай Дадашов

