Hayların dezinformasiyası, yoxsa?: “O yataqda qızıl çoxdan tükənib...” - BU NƏDİ BELƏ?
17-12-2022, 17:18

"Müharibədən əvvəl Kaşen(“Dəmirli”-S.L.) və Drmbon(“Qızılbulaq”) polimetal mədənləri ölkə(separatçı-terrorçu rejim-S.L.) büdcəsinə 18,7 milyard dram(təxm. 43,2 milyon dollar-S.L.), yəni ölkə gəlirinin 30 faizindən çoxunu gətirirdi. Onların operatoru Artsaxın ən böyük vergi ödəyicisi və ixracatçısı- "Valleks Qrup" QSC-nin bir hissəsi olan "Base Metals" şirkətidir".
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistanın “Hraparak” nəşrinə müsahibəsində iqtisadçı Suren Parsyan çatdırıb.
Onun sözlərinə görə, 44 günlük müharibədən dərhal sonra mədənlər su mənbələrini itirdiklərindən bir neçə ay onların işində ciddi problemlər yaranıb. S. Parsyan deyir ki, 2022-ci il ərzində “Base metals” şirkəti separatçı rejim büdcəsinə təxminən 45 milyard dram(təxm. 107 milyon dollar-S.L.) ödəyib. Hazırda şirkətdə 1800 işçi çalışır, orta əmək haqqı isə 400.000 dram(təxm. 948 dollar-S.L.)dır.
“Əgər müharibədən əvvəl Drmbon Artsax büdcəsinin gəlir hissəsinin təxminən 1/3 hissəsini təmin edirdisə, indi artıq 2/3-ni təmin edir”, - deyə erməni iqtisadçı bildirib.
"Hraparak" "Valleks" şirkəti ilə əlaqə saxlayıb şərh almağa çalışsa da, şirkətdən telefon zənglərinə cavab verməyiblər. Nəşr bildirir: “Şirkətdəki mənbələrimiz xəbər verir ki, onlar nə baş verdiyini bilmirlər və Artsax hakimiyyəti ilə əlaqə saxlamağı tövsiyə edirlər”.
Qəzetin həmin mənbələrinin sözlərinə görə, guya Heyvalıdakı Qızılbulaq mədənində qızıl və əlvan metal ehtiyatları artıq tükənib.
“Qızıl çoxdan yoxa çıxıb. Hazırda filizlər Kaşendən("Dəmirli") gətirilir və Drmbon("Qızılbulaq") zavodunda emal olunur” -erməni nəşri belə yazır.
Xatırladaq ki, adı çəkilən əlvan metal yataqları son günlər Azərbaycan hökumət qurumları və ictimaiyyətinin monitorinqinin təşkil olunmasını tələb etdiyi əsas mədənlərdir. 2021-ci ilin yanvarında Azərbaycan hökuməti ilə Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti arasında “Söyüdlü” (Zod), “Vejnəli” (Zəngilan) yataqlarıyla yanaşı, “Qızılbulaq” (Kaşen, Ağdərə) qiymətli metal yatağında da istismara başlanması barədə razılaşma əldə olunub. Hazırda sözügedən Britaniya şirkəti Ermənistanı həmin mədənin qanunsuz istismarına görə məhkəməyə verməyə hazırlaşır...

