General Şəfayət İmranovdan ABSURD REAKSİYA: "Siz kimsiniz məni yığmısınız?"
27-09-2025, 00:01

Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda illərlə çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gündür, Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfayət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.
Manset.az hərbi prokurorun birinci müavini general-mayor Şəfayət İmranovla əlaqə saxlayıb. Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə sərt ifadələr işlədib:
"Siz kimsiniz ki, məni yığmısınız? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun" - deyə general bildirib.
Manşet.az Şəfayət İmranovun diqqətinə çatdırmağı özünə borc bilir.
Biz, xəbər portalı olaraq, Azərbaycan Respublikasında KİV qanunlarını rəhbər tutaraq fəaliyyət göstəririk. Görünən odur ki, general rütbəsi daşıyan və Hərbi Prokurorun birinci müavini kimi ciddi, məsuliyyətli vəzifə sahibi olan Şəfayət İmranov öz vəzifələrini bilmir. Biz jurnalist olaraq öz vəzifəmizi yerinə yetiririk. Yayılan xəbərlə bağlı Ş. İmranova ünvanladığımız suala Manşet.az saytının baş redaktoruna sərt reaksiyası bizdə böyük təəssüf hissi doğurur.
General Şəfayət İmranovdan Azərbaycanın KİV qanunlarına nəzər yetirməsini və bu qanunlara hörmətlə yanaşmasını istəyirik.

