"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır
Bu gün, 16:34

Dünyanın aparıcı maliyyə və kriptovalyuta şirkətləri yeni "OUSD" adlı sabit kriptovalyutanın (stablecoin) yaradılması üçün bir araya gəlib.
Layihədə "BlackRock", "Coinbase", "Visa", "Mastercard", "Stripe" və digər 10-dan çox iri şirkət iştirak edir.
Məlumata əsasən, yeni sabit kriptovalyuta "Open USD" (OUSD) adlanacaq. Layihədən əldə olunacaq gəlirlər isə təsisçi şirkətlər arasında bərabər şəkildə bölüşdürüləcək.
"OUSD" korporativ ödənişlər üçün vahid stablecoin infrastrukturunun yaradılmasını hədəfləyən "Open Standard Consortium" tərəfindən buraxılacaq. Layihənin əsas məqsədi fərdi istifadəçilərdən daha çox, şirkətlər arasında rəqəmsal ödənişlərin genişlənməsini və institusional tətbiqin sürətlənməsini təmin etməkdir.
Ekspertlərin fikrincə, layihənin reallaşması hazırda "Tether" (USDT) və Circle (USDC) şirkətlərinin liderlik etdiyi stablecoin bazarında rəqabəti daha da gücləndirə bilər.
Qeyd olunur ki, təşəbbüsün ABŞ-da ötən il qəbul edilən "GENIUS Act" qanunundan sonra gündəmə gəlməsi təsadüfi deyil. Qanunvericilik bazasının daha aydın formalaşması ənənəvi maliyyə sektoru ilə kriptovalyuta ekosistemi arasında əməkdaşlığın sürətlənməsinə təkan verir.

