Qaranlıq tenderlər silsiləsindən: İdman Nazirliyinin tenderində maraqlı “səhv” - İT şirkəti idman zallarını tikir?

2-10-2025, 09:17           
Qaranlıq tenderlər silsiləsindən: İdman Nazirliyinin tenderində maraqlı “səhv” - İT şirkəti idman zallarını tikir?
Gənclər və İdman Nazirliyi “Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlərin satın alınması” üzrə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 966,6 min manat təşkil edib.

Müqaviləni şərh edən iqtisadçı Toğrul Vəliyev bildirir ki, maraqlı olan məsələ tenderin təsnifat kodudur. Onun sözlərinə görə, satınalma “11162100 Xüsusi parçalar və ya geyimlər” kodu üzrə qeydə alınıb. “Tikinti işləri ilə “xüsusi parçalar və ya geyimlər” kodunun nə əlaqəsi olduğu sual doğurur”, - iqtisadçı qeyd edib.

T.Vəliyev vurğulayır ki, digər diqqət çəkən məqam isə qalib şirkətin adıdır:“Satınalmada qalib “Cyberspace MMC” olub. Adından da göründüyü kimi, şirkət tikinti sahəsi ilə məşğul olan bir qurum deyil. Rəsmi saytlarında qeyd olunur ki, şirkət “20 il ərzində Azərbaycanın informasiya texnologiyaları bazarında etibarlı partner və sistemlərin inteqrasiyası, avadanlıqların alınması və quraşdırılması, eləcə də proqram təminatı üzrə konsultant xidmətləri göstərmişdir”.

“Cyberspace MMC”-nin digər tender iştiraklarına baxış göstərir ki, şirkət əsasən İT sahəsi ilə bağlı işlərdə iştirak edib. Bu isə suallar doğurur: artıq İT şirkətləri tikinti sektoruna da daxil olurlar, yoxsa tenderin təsnifat kodunda və seçilmiş şirkətdə səhv var?

Gənclər və İdman Nazirliyi ictimaiyyətə məlumat versə, yanlışlığın səbəbinə aydınlıq gətirilə bilər.
“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru