Ödənişi gecikdirənə "cəza"... Tikinti şirkətlərinin rəhbərləri "cərimə" adı altında vətəndaşları necə aldadır?
7-10-2025, 17:14

Bakıda və Abşeron yarımadasında, həmçinin Sumqayıtda və başqa böyük şəhərlərdə tikilən çoxmərtəbəli binalarda satılan mənzilləri bir sıra hallarda vətəndaşlar hissə-hissə ödəmək şərtilə alırlar. Bəzi hallarda aylıq ödənişlərdə bir neçə günlük gecikmələrdə belə, şirkət rəhbərləri alıcılara ciddi problemlər yaradır. Alıcılar ağlasığmaz şərtlərlə üz-üzə qalır.
Bizimyol.info xəbər verir ki, vəkil Vamiq Şükürov vətəndaşların son vaxtlar bu sahədə qarşılaşdıqları problemləri şərh edib. Vəkilin sözlərinə görə, bir çox hallarda şirkət rəhbərləri, hətta ödənişi gecikdirən alıcıları çağırıb, evi əllərindən almaqla hədələyirlər:
“Onlara deyirlər ki, biz müqaviləni birtərəfli qaydada ləğv edə bilərik. Müqavilədə də bu var ki, gecikmə olsa, birtərəfli qaydada ləğv oluna bilər. Əgər müqavilənin ləğv edilməsini istəmirsənsə, o zaman bu qədər əlavə cərimə ödə. Hər mənzilə görə cərimə müəyyənləşdirirlər. Yəni cərimə məbləğ standart deyil. Yəni vətəndaşın çətin vəziyyətindən sui-istifadə edirlər”.
Vəkil Vamiq Şükürov bildirir ki, şəxsən ona bu cür problemlə qarşılaşan 4-5 nəfər vətəndaş hüquqi yardım üçün müraciət edib. Müdafiəçi qeyd edir ki, bu cür hüquqi mübahisələrdə sonda məhkəmədə vətəndaşın xeyrinə qərar çıxarılmasına nail olublar: “Bu cür işlərdə sonda şirkət rəhbərlərini məğlub eləmişik. Şirkətlərin biri gördü ki, onsuz da sonda bizim xeyrimizə qərar veriləcək və prosesin gedişində nümayəndəsi olduğum şəxslə müqavilə bağladılar”.
Vəkil tövsiyə edir ki, tikinti şirkətlərinin rəhbərləri bu cür hallarda vətəndaşları hədələyib, onlardan cərimə adı altında əlavə pul istəyəndə onların dediklərini eləməsinlər. Vəkilin köməyilə hüquqi müstəvidə öz haqlarını müdafiə eləsinlər.

