Azərbaycanda dövlət və özəl şirkətlər bir-biri ilə rəqabət aparması iqtisadi baxımdan absurd vəziyyət yaradıb
11-10-2025, 08:34
Mikayıl Cabbarov: “Tənzimləyici qurumlar bazar iştirakçısı funksiyasını yerinə yetirdiyi halda, bu, sistemli risk yarada bilər.” Bu gün Azərbaycanda faktiki olaraq dövlət və özəl şirkətlər bir-biri ilə rəqabət aparır. Bu isə iqtisadi baxımdan absurd vəziyyət yaradıb. Təsəvvür edin ki, dövlət şirkəti olan “Azərpoçt” bazarda daha böyük pay qazanmaq məqsədilə xarici partnyora endirim təklif edir. Bunu da dövlət müəssisəsi kimi aldığı subsidiyalar hesabına həyata keçirir. Nəticədə qazanan xarici tərəfdaş olur, itirən isə Azərbaycan iqtisadiyyatı. Digər tərəfdən, bazarı tənzimləməli olan qurum – İKT Agentliyi (İKTA) – həmin nazirliyin tabeliyində fəaliyyət göstərir. Bu da obyektiv rəqabət mühitini şübhə altına salır. İKTA-nın üç ildən artıq fəaliyyəti ərzində sektor üçün real və hiss olunan heç bir töhfə verməməsi də vəziyyəti daha da ağırlaşdırır. Unutmaq olmaz ki, hər bir sistem yalnız bütün tərəflərin maraqları qorunduğu halda dayanıqlı ola bilər. Əgər satan qazanır, müştəri qazanır, dövlət də qazanc əldə etdiyini düşünürsə, amma nəticədə sahibkar itirirsə – bu, sağlam iqtisadi model deyil. Sabir Niftaliyev TEREF.net