Putin Azərbaycanla münasibətlərdən danışdı: "Emosiyalar böhranı idi"
11-10-2025, 08:26

Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran olmayıb, bu, "emosiya böhranı" idi. Rusiya prezidenti Vladimir Putin Düşənbədə jurnalistlərə belə deyib.
"Əgər dövlətlərarası münasibətlərdə böhran olsaydı, onda bizim ticarət-iqtisadi əlaqələrimiz artmazdı. Bütün baş verənlərə, çətinliklərə baxmayaraq, əhəmiyyətli artım olub. Bu necə bir dövlətlərarası böhrandır? Deyərdim ki, bu, daha çox emosiyaların böhranı idi. Səbəbi də aydındır. Çox ağır, faciəvi bir hadisə baş verdi – təyyarə qəzası və sərnişinlərin ölümü. Bunu sakitcə araşdırmaq lazım idi. Bizə zaman lazım idi", – Putin deyib.
'Sputnik Azərbaycan'ın icraçı direktoru həbsdən buraxılıb
"Sputnik Azərbaycan"ın Bakıda saxlanmış icraçı direktoru İqor Kartavıx azad edilib. Bu barədə "Kommersant"a Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Rossiya Seqodnya" media qrupunun rəhbəri Dmitri Kiselyov İ.Kartavıxın ev dustaqlığına buraxıldığını yazıb.
Rusiyanın da öz ərazisində saxladığı Azərbaycan vətəndaşlarından birini azad etdiyi bildirilir. "Kommersant" mənbələrinə istinadla onun Moskva Satira Teatrının keçmiş direktoru, büdcə vəsaiti mənimsəməkdə ittiham olunan Məmmədəli Ağayev olduğunu yazıb. O, avqustun sonunda həbs olunmuşdu.
"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (Sputnik-Azərbaycan) icraçı direktoru İ.Kartavıx və şef redaktoru Yevgeni Belousov bu il iyunun 30-da saxlanılıblar. Onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Onların dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və digər maddələrlə ittiham olunduğu açıqlanıb.
"Kommersant" yazır ki, danışıqlar prezidentlərin köməkçiləri səviyyəsində aparılıb və Y.Uşakov birbaşa azərbaycanlı həmkarı Hikmət Hacıyev ilə işləyib. Qərarın Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşü ərəfəsində qəbul olunduğu bildirilir.
pressklub

