Bakı metrosu - Bizi mənzil başına, yoxsa qəbiristanlığa aparır?
12-10-2025, 10:18

Səhər saatlarında Bakı Metropoliteninin "28 May" stansiyasında ürək tutması səbəbilə bir sərnişin həyatını itirib. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 70-75 yaşlarında bir kişi qatarda halı pisləşdikdən sonra stansiyada qatardan endirilib, lakin ilkin tibbi yardımdan sonra həyatını xilas etmək mümkün olmayıb.

Rəsmi açıqlamada ölüm səbəbi kimi yalnız "ürək tutması" göstərilir. Lakin ictimai nəqliyyatda, xüsusilə də metroda yaşanan real vəziyyəti görməmək, bu cür faciələrin sadəcə təsadüf olduğunu düşünmək sadəlövhlük olardı.

Metroda sıxlıq – nəfəs almaq belə çətindir
Bakı metrosunun ən böyük problemlərindən biri artıq illərdir ki, dəyişməz olaraq qalır: sıxlıq və havasızlıq. Xüsusilə pik saatlarda vaqonlara minmək, stansiyalarda hərəkət etmək demək olar ki, mümkünsüzdür. İnsanlar bir-birinin üstünə yıxılır, nəfəs almaq çətinləşir, psixoloji gərginlik artır.
Bunun üzərinə yeraltı nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini – yəni məhdud hava dövriyyəsini də əlavə etdikdə, artıq bu nəqliyyat növü yalnız narahat deyil, həm də təhlükəli bir mühitə çevrilir. Metronun ventilyasiya və kondisioner sistemlərinin effektiv işləmədiyi, bəzi stansiyalarda və vaqonlarda temperaturun dözülməz səviyyəyə çatdığı hallarda isə vəziyyət daha da kritikləşir.
Havasızlıq, ölümə aparan səbəb ola bilər
Bəli, ölən şəxsin xəstəliyi ola bilər. Amma bu o demək deyil ki, onun ölümündə ətraf mühitin – sıxlıq, oksigen çatışmazlığı, isti hava – heç bir rolu yoxdur. İctimai nəqliyyatda göstərilən xidmətin səviyyəsi sərnişinlərin sağlamlığına və təhlükəsizliyinə birbaşa təsir göstərir. Bunu inkar etmək məsuliyyətdən yayınmaq deməkdir.
Bəzən metronun havasızlığından gənc, sağlam insanlar belə özünü pis hiss edir. İndi təsəvvür edin – yaşı 70-i keçmiş bir insan, izdihamın içində, nəfəs almaqda çətinlik çəkdiyi bir mühitdə necə davam gətirə bilər? Bu gün həyatını itirən şəxsin taleyi sabah digərlərinin də başına gələ bilər.
Metroda tibbi yardım yoxdur...
Ən təəssüf doğuran məqamlardan biri isə budur ki, milyonlarla insanın hər gün istifadə etdiyi metro stansiyalarında nə bir tibbi yardım punktu, nə də ilkin yardım üçün lazım olan avadanlıq var. Tibbi yardımın gəlməsi üçün insanlar saatlarla gözləməyə məcbur qalır, bu isə insan həyatını birbaşa təhlükəyə atır.
Təsəvvür edin – bir insan halı pisləşib yerə yıxılır. Ətrafdakılar nə edəcək? Metroda nə həkim var, nə dərman, nə də tibbi çanta. Bu boşluq hər gün on minlərlə insanın həyatını risk altında qoyur.
Kim məsuliyyət daşıyır?
Bu vəziyyəti dəyişdirmək üçün kim hərəkətə keçməlidir? Cavab aydındır – dövlət qurumları, Bakı Metropoliteni rəhbərliyi və səhiyyə strukturları. İnsanların həyatını riskə atan bu şəraiti görməzdən gəlmək və “ürək tutmasıdır” deyib məsələni bağlamaq sadəcə biganəlikdir.
Əgər metroda vaqonlar kifayət qədər havalandırılmırsa, əgər stansiyalarda sıxlıq normanı aşıbsa, əgər ən sadə tibbi yardım vasitələri belə yoxdursa – bu artıq təkcə narahatlıq yox, ictimai təhlükə deməkdir.
Ədil Hüseynov
Live BLOG Bizimxeber.org

