"Əlimdə olan faktları ortaya qoysam"...
19-10-2025, 00:02

“Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”. Ramiz Mehdiyev 2020-ci ilin sentyabrında “Təzadlar”a açıqlamasınde belə demişdi.
Bu açıqlamada o, İlham Əliyevin bostanına daş atmışdı? Düşünmürəm. Niyə? Çünki o vaxt akademik Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019-2022) idi...
2019-cu ilin sonlarında isə Ramiz Mehdiyev prezident İlham Əliyev haqqında 54 səhifəlik məqalə-kitab yazmışdı. İlham Əliyevlə işlədiyi 16 illik müddətə dair müşahidələrini bölüşmüşdü. İlham Əliyevin şəxsi keyfiyyətləri, potensialı, bacarıığ haqda yüksək fikirlər söyləmiş, onu alqışlamışdı. Üstəlik, Ramiz müəllim İlham Əliyevi Azərbaycanın yeni minillikdə Ümummili lideri adlandırmışdı...
Ancaq indi vəziyyət kökündən dəyişib. Ramiz Mehdiyevin perspektivindən baxanda İlham Əliyev də nankorlar siyahısına daxildir və o, siyahının başında gəlir. Niyə? Çünki 2003-cü ildə, elə ondan sonra da Ramiz Mehdiyev asanlıqla özünü prezident seçdirə bilərdi. Faktiki olaraq ölkənin rəhbəri o idi. Ancaq Ramiz Mehdiyev bunu etmədi. Niyə etmədi? Bu suala birmənalı cavab vermək çətindir. Düşünmürəm ki, Heydər Əliyevə sədaqəti bu istəyin qarşısını aldı. Çünki Ramiz Mehdiyev öz siyasi maraqları naminə əvvəllər dəfələrlə Heydər Əliyevi tapdalayıb keçmişdi, yüksək kürsülərdən onun əleyhinə danışmışdı...
2003-cü ildə keçirilən prezident seçkisi ərəfəsində ölkədə qeyri-müəyyən situasiya mövcud idi. Heydər Əliyev ağır xəstə idi. Xaricdə müalicə olunurdu. Müxalifət isə and-aman edirdi ki, Heydər Əliyev çoxdan vəfat edib. Sadəcə bunu prezident seçkisindən sonra xalqa elan edəcəklər. Elə o vaxt, ən azı müxalifətin nəzərində öldüsü-qaldısı bəlli olmayan Heydər Əliyev 2003-cü il avqustun 2-də İlham Əliyevin Baş nazir təyin edilməsi haqqında Milli Məclisə müraciət etdi. Avqustun 4-də İlham Əliyev Baş nazir təyin edildi. Bir müddət sonra Azərbaycanda yeni prezident seçkilərinə hazırlıq başladı.
O vaxt müxalifət son dərəcə güclü idi. Müsavat Pariyası və onun lideri İsa Qəmbər xalq arasında ciddi nüfuza sahib idi. Heç şübhəsiz ki, real seçki keçirilsəydi İsa Qəmbər prezident seçiləcəkdi. Ancaq seçkilər saxtalaşdırıldı. Və İlham Əliyev prezident elan olundu...
İlham Əliyevin prezident seçilməsinə Moskva ciddi dəstək verdi. Elə ABŞ da İlham Əliyevin yanında idi. Təsadüfi deyil ki, o vaxt ABŞ-ın Azərbaycandakı səfiri Ramiz Mehdiyevə deyib ki, mitinqləri dağıdın. Bu xeyir-duadan sonra iqtidar seçki saxtakarlığına etiraz edənləri son dərəcə qəddarlıqla susdurdu...
Bütövlükdə isə iliyinə qədər rusiyapərəst olan Ramiz Mehdiyev həmişə Amerikanın əleyhinə olub. 2014-cü ildə o, hətta belə bir bəyanat verərək Amerikanı ittiham etmişdi: “ABŞ səfiri özünü Azərbaycanın qubernatoru hesab edir”.
2003-cü ildə keçirilən prezident seçkiləri zamanı İlham Əliyevin xalq arasında nüfuzundan danışmağa belə dəyməz. Xalq üçün o, daha çox Heydər Əliyevin oğlu idi. O vaxt ciddi güc olan müxalifət düşərgəsi və müxalifət mətbuatı İlham Əliyevi açıq şəkildə təhqir edirdi, aşağılayırdı. Onu narkaman, qumarbaz, tənbəl, son dərəcə bacarıqsız birisi kimi xalqa təqdim edirdi. O vaxt kimsənin ağlının ucundan da keçməzdi ki, vaxt gələcək, İlham Əliyev siyasətdə çoxlarını mat qoyacaq qrossmeysterə çevriləcək. Bir şeyi unutdular ki, İlham Əliyev Heydər Əliyevin oğludur. Genetik yaddaş da elə-belə şey deyil...
Yuxarıda qeyd edik ki, Ramiz Mehdiyevin perspektivindən İlham Əliyev nankor adamdır. Həqiqətən də Ramiz Mehdiyev və Heydər Əliyevdən qalmış komanda olmasaydı İlham Əliyev siyasi təlatümlərdən sağ çıxa bilməzdi. Xüsusən 2013-cü ildə Putinin göstərişi ilə Azərbaycan müxalifəti ilə əl-ələ verən “Milyarderlər ittifaqı” İlham Əliyevə barmaq silkələdi. Ancaq İlham Əliyev bu maneəni çətinliklə də olsa, aşa bildi.
İlham Əliyevin də perspektivindən baxanda Ramiz Mehdiyev heç adam deyil. Niyə? Çünki Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. Yəni ölkədə rəsmən ikinci adam sayılıb. Xeyli müddət isə birinci şəxs rolunda da çıxış edib...
İlham Əliyev Ramiz Mehdiyevi Heydər Əliyev ordeni də daxil olmaqla bütün orden və medallarla təltif edib. Xalq arasında son dərəcə mənfi imici olan 80 yaşını keçmiş birisini işsiz qoymayıb. Onu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019-2022) vəzifəsinə yerləşdirib. Ancaq Ramiz Mehdiyev orada olanda özünü adekvat aparmayıb. İlham Əliyev və ailəsi haqqında xoşagəlməz söhbətlərə rəvac verib...
2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılan Ramiz Mehdiyevin mal-mülkünə də əl qoyulmayıb. Adətən vurulanları yolub buraxırlar. Ancaq ona qarşı bu metoddan istifadə olunmadı...
Akademiyadan qovulduqdan sonra Ramiz Mehdiyev özünü alçaldılmış və təhqirolunmuş hiss etdi. Və bu hiss onu intiqama sürüklədi. Yoxsa dövlət çevrilişi Ramiz Mehdiyevin nəyinə lazım idi ki...
Xüsusən Ramiz Mehdiyevin məhkəmədə ifadə verməsi bu iqtidarı çıxılmaz vəziyyə sala bilər. Məncə, "əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar", xəbərdalığı indi daha aktualdır...
Artıq iqtidarın daxilində hər kəs Ramiz Mehdiyev faktoru üzərindən çxış edir, bu faktordan yararlanmağa çalışır, rəqibi vurmaq üçün də bu faktor keçərli görünür. Vəzifədə irəli çəkilmək üçün də bu faktora istinad etməkdə fayda var.
Azərbaycan üçün xeyirlisi odur ki, Rusiya üzərindən siyasət yeridənlər bundan sonra oyundan kənar vəziyətdə qalacaqlar. Rusiyanın Azərbaycana təsir və təzyiq imkanları da ciddi şəkildə zəifləyəcək...
Aydın görünən həm də odur ki, bu xəmir hələ çox su aparacaq...
Elbəyi Həsənli

