İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar kəskin azaldılır – Nə olacaq? + VİDEO

23-10-2025, 08:38           
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar kəskin azaldılır – Nə olacaq? + VİDEO
2026-cı il üçün İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 900 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

“AzPolitika” xəbər verir ki, bu məbləğ ötən il ayrılan vəsaitlə müqayisədə təxminən 35 faiz azdır.

Xatırladaq ki, 2025-ci il üçün dövlət büdcəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 2 milyard 571 milyon 690 min manat təşkil edir.

Bu məbləğ, 2024-cü ilin təsdiqlənmiş büdcə göstəricisi olan 2 milyard 811 milyon 428 min manatla müqayisədə təxminən 8,5% azalma nümayiş etdirir.

Qeyd edək ki, növbəti ildən heç bir yerdə işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər üçün icbari tibbi sığorta xidmətlərinin ödənişli olması nəzərdə tutulur. Mövcud qanuna bu dəyişikliyin tətbiq olunacağı təqdirdə, xeyli sayda vətəndaşın pulsuz tibbi xidmətə əli çatmayacaq.

Radioloq Aydın Əliyev “AzPolitika”a açıqlamasında bildirib ki, tibbi sığortaya ayrılan vəsaitlər nəinki azaldılmalı, əksinə artırılmalıdır: “Səhiyyə xərcləri hər il artırılmalıdır. Zatən xərclər bizdə yetərli qədər deyil. Əksər xəsətxanaların maddi-texniki bazaları zəifdir. Ötənilki qədər büdcə təmin edilsə belə, yenə kifayət etməyəcək. Büdcə vəsaitlərinin azaldılması bu sektorda ciddi problemlər yaradacaq ki, bu da insanların sağlamlığının qorunmasına mənfi təsir göstərəcək. Yəni ölümlərin, əlil olanların sayının kəskin artmasına gətirib çıxaracaq”.

Bu qədər azalmanın səbəbləri nədir? Azalmaya ehtiyyac nədən yaranıb? Bu insanlara əlavə yük gətirəcək mi və ya tibbi xidmətlərin azalmasına səbəb ola bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov azalmanı şərh edərkən bildirib ki, ilk baxışda vəsaitin azalması mənfi tendensiya kimi görünə bilər, lakin ekspertlər və komitə üzvləri bunu sistemin maliyyə dayanıqlığının artması və iqtisadi mexanizmlərin təkmilləşməsi ilə əlaqələndirirlər.

“Belə ki, fondun daxilolmaları təkcə dövlət büdcəsi hesabına formalaşmır; son illərdə sistem özəl sektor, müəssisələr və fiziki şəxslərin də töhfələri ilə güclənir. Bu isə beynəlxalq təcrübədə normal bir proses sayılır və dövlət yükünü tədricən azaldır”, - o,əlavə edib.

R.Mahmudovun sözlərinə görə, İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalması vətəndaşlara əlavə maliyyə yükü yaratmayacaq və tibbi xidmətlərin səviyyəsini aşağı salmayacaq.

“Əksinə, bu, sistemin daha çevik və effektiv mexanizmə çevrilməsi prosesidir. Məqsəd dövlət büdcəsi xərclərini azaltmaq deyil, vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. İş yerlərinin açılması, kölgə iqtisadiyyatının daralması və işəgötürənlərin işçiləri rəsmi qeydiyyata alması nəticəsində həm sığorta haqları, həm də insanların gələcək pensiya təminatı güclənir”, - Rəşad Mahmudov vurğulayıb.

O əlavə edib ki, dövlətin əsas məqsədi hər bir işləyən şəxsi sistemin bir hissəsinə çevirməkdir. Bu zaman fondun daxilolmaları təbii şəkildə artır və dövlət büdcəsinin üzərindəki yük azalır.

“Dünyanın inkişaf etmiş ölkələrində tibbi sığorta dövlət büdcəsi hesabına formalaşmır. Sistem yeni qurularkən dövlət bir növ tampon rolunu oynayır, zamanla isə iqtisadiyyat inkişaf etdikcə bu yük tədricən sığorta fondunun öz mexanizmləri hesabına qarşılanır. Yəni bu, “azaltma” deyil, sistemin yetkinləşməsi prosesidir”, – Rəşad Mahmudov bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]