Avropanın qorxulu yuxusu
16-11-2025, 09:14

"Ukrayna layihəsi"nin müəllifinin Britaniya ya ABŞ olduğunu demək çətindir, çünki bu hər hansı dövlətin yox, həmin dövlətlərdəki elit qrupların layihəsidir. Sadəcə, həmin qrup dövlət hakimiyyətinə nəzarəti ələ keçirəndə qrup maraqlarının layihəsi dövlət layihəsinə çevrilir. Bu baxımdan "Ukrayna layihəsi" ultraqlobalistlərin layihəsi idi. Fikrimcə, onların "beyin mərkəzi" Britaniyada yerləşir. Layihənin uğuru anqlosaksların dünya hegemonluğunu azı 50 il uzada bilərdi.
Avropa II DM-dən sonra anqlosaksların vassallığını qəbul etdi və son illərədək bu vassallığından zövq alırdı. Lakin o üstün hüquqlu vassal idi, faktiki olaraq ağaların (anqlosaksların) digər vassallara "şilləvuranı" idi. Ağanın "şilləvuran"ı necə olur? Özü güclü olmaya bilər, lakin ağaya yaltaqlanmaqla özündən güclüyə şillə vurur, çünki ağasına görə döyülənin ona cavab verməyəcəyinə əmindir.
Bəs niyə Avropa vassallığından zövq alırdı? Cavab geniş olmasın deyə bir neçə məqamı tezislərlə belə ifadə edərdim:
Hər halda digər vassallardan daha üstün mövqedədir (özünün də vassalı ola bilər) və heç kim də vassal olduğunu onun üzünə deyə bilməz.
Anqlosaksların hegemonluğu əsrlərlə bir-birini qıran, təkcə XX əsrin ilk yarısında 2 dünya müharibəsinə səbəb olan Avropada sülhü təmin edirdi (ağanın razılığı olmadan vassallar müharibə edə bilməzlər).
Ağa Avropanın həm daxildən (vassallararası), həm də xaricdən təhlükəsizliyini təmin edirdi.
Təhlükəsizliyi ağa təmin etdiyinə görə vassallar böyük ordu saxlamır və qənaət edilən vəsaiti özlərinin elmi, iqtisadi və sosial inkişafına yönəldirdilər.
Ağanın beynəlxaql aləmdə bütün uğurlarına (ağanın stolundan tikələrə) Avropa da şərik olurdu.
Avropa bu komfort şəraitindən o qədər xoşhallanmışdı ki, vassallıqdan çıxmaq haqda heç düşünmürdü də.
Ağalar ilə kontinental Avropanın münasibətləri sivil görünsün deyə ona transatlantik əməkdaşlıq deyilirdi.
Transatlantik əməkdaşlıq 30 il yaşayandan sonra böhranla üzləşməyə başladı — "parazit" Avropanı saxlamaq üçün ağaların resursu çatmırdı. Sosialist blokunun dağılması "quzğunların" qarşısına böyük bir "leş" atdı. Bu "leşin" sayəsində transatlantik əməkdaşlıq daha 30 il firavan yaşadı. Artıq yeni "leş" lazım idi — siçovullar yeməyə bir şey tapmayanda bir-birilərini (ən zəiflərini) yeyirlər. Buna görə də ağaların "Ukrayna layihəsi"ni (Rusiyanı parçalamaq) Avropa "hurrey"lə qarşıladı — əks halda özləri yeyiləcəkdi axı.
🔹 İndi artıq məlumdur ki, "Ukrayna layihəsi" uğur qazanmadı. Bu layihənin uğursuzluğu nəticəsində ABŞ-da həmin layihənin müəllifi olan elit qrup hakimiyyətdən uzaqlaşdırıldı. Britaniyada isə hələ də hakimiyyətdədir, lakin "can verir". ABŞ-ın yeni elit qrupu hakimiyyətə Avropa üçün təhlükəli olan şüarla gəlib — "America First!". Bu şüarda, əslində, qeyri-adi heç nə yoxdur, hər dövlət ilk növbədə öz maraqlarını qorumalıdır — bu aksiomdur. Yəni bu şüar heç kimi narahat etməməlidir. Bəs Avropa niyə narahatdır? Axı transatlantik əməkdaşlıqda Avropa parazit rolunda çıxış edirdi. Belə çıxır ki, "Ukrayna layihəsi"nin alınmadığını görən ağa parazitlərdən can qurtarmaq istəyir — onları da yemləməyə resurs çatmır.
Buna görə də paradoksal bir vəziyyət yaranıb. ABŞ Avropaya deyir ki, mən qoşunlarımı Avropadan çıxartmaq istəyirəm, bundan sonra özünüz özünüzü qoruyun. Avropa isə yalvarır, yaltaqlanır, hər güzəştə gedir, min hiylələr qurur ki, ABŞ qoşunlarını çıxartmasın, başqa sözlə, onları vassallıqdan məhrum etməsin. Məhz buna görə Avropa artıq fiaskoya uğramış "Ukrayna layihəsi"nin ömrünü azı 3 il uzatmağa çalışır. Niyə 3 il? Çünki ümid edirlər ki, 3 il sonra ABŞ-da hakimiyyətə yenə ultraqlobalistlərin elit qrupu gələr və onların komfort parazit fəaliyyətini bərpa edər. Bu Avropanın "A planı"dır.
Axı 3 il sonra ABŞ-da ultraqlobalistlər hakimiyyətə gəlməyə də bilər və ya gəlsələr də planları dəyişə bilər. Çünki dünya sürətlə dəyişir, ABŞ heç 5 il əvvəlki gücündə deyil. Buna görə də Avropanın "B planı" da var. Lakin bir maraqlı nüansla — "A planı" kollektiv plandırsa, "B planı" ayrı-ayrı dövlətlərin fərdi planıdır. Nədir bu planın mahiyyəti?
Avropa liderləri, mətbuatı hər gün Rusiya təhlükəsi, Rusiyanın Ukraynadan sonra Avropanı işğal edəcəyi, Rusiyanın Ukrayna müharibəsinə tələb olunandan çox sursat və texnika istehsal etməsi barədə danışır, yazır, həyəcan təbili çalır, panik fon yaradırlar. Az-çox məntiqi olan hər kəs bilir ki, bu mümkün deyil. Bu haqda çox yazmaq istəmirəm, sadəcə, onu deyim ki, Rusiyanın hətta sərhədindəki slavyan ölkələrini işğal etməyə belə insan resursu yoxdur. Bunu etmək üçün heç rasional əsası da yoxdur — niyə işğal etməlidir axı?! Rusiyanın heç Ukraynanı da tam işğal edəcəyinə inanmıram. Ehtiyac olsa, bu haqda ayrı bir status yazaram.
🔹 Bəs niyə Avropa belə isteriya qaldırır? Sualın bir neçə cavabı var. Mən ən üstə olan cavabdan ən gizlində olana doğru sadalayacam:
▪️Avropa üçün təhlükəni şişirtməklə ABŞ-ın Ukraynadan tam çıxmasına mane olmaq.
▪️Avropada panikanı gücləndirməklə Ukraynaya yardım ayrılmasına, başqa sözlə, ölkə əhalisinin rifahının aşağı düşməsinə bəraət qazandırmaq, bir növ əhalinin buna dözümlü yanaşmasına nail olmaq.
▪️Ukraynanın məğlubiyyətini mümkün qədər, idealda 3 il təxirə salmaq
▪️Avropa ölkələrində hərbi büdcənin kəskin artırılmasına, milli ordunun gücləndirilməsinə, əhalinin militaristləşməsinə nail olmaq.
Bu hadisələr fonunda mətbuatdan oxuyuruq ki, gah Polşa, gah Almaniya, gah Fransa Avropanın ən güclü ordusunu yaradacaqları barədə bəyanatlar verirlər, bütün ölkələrdə yeni hərbi zavodlar tikilir, hərbçi sayı artırılır, bir çox ölkələr məcburi hərbi xidmətə keçirlər, məktəblərdə hərbi hazırlıq, ilkin tibbi yardım kursları keçilməyə başlayır, yeni hospitallar, sığınacaqlar tikilir, tez-tez hərbi məşqlər (manevrlər) keçirilir və s. və i.a. Sanki bütün Avropa 2-3 il sonra başlayacaq müharibəyə hazırlaşır. Özləri 2028-2030-cu illərdə Rusiyanın Avropa ilə müharibəyə başlayacağını deyir və bu tarixə sürətlə hazırlaşırlar.
Yaxşı, əgər Rusiyanın Avropaya hücum edəcəyi real deyilsə, onda niyə Avropa belə sürətlə silahlanır, əhalinin sosial vəziyyətini pisləşdirmək bahasına militarizasiyaya bu qədər vəsait xərcləyir? Onları axmaq adlandırmaq olmaz axı! Hakmiyyətdə kimsə axmaq ola bilər, lakin onların arxasında oturuşmuş institutlar, beyin mərkəzləri dayanır. Hər hansı strateji qərarı məhz həmin institutlar hazırlayırlar, sadəcə, hakimiyyətdə olan şəxsin adı ilə əlaqələndirilir.
Bu statusun məğzi də məhz bu suala cavab idi.
🔹 Avropanın qorxulu yuxusu ABŞ-ın Avropadan çıxması, transatlantik əməkdaşlığın dağılmasıdır. Niyə?
Avropa tarixən dünyanın ən aqressiv qitəsi olub. Dünyada ən çox müharibələr bu qitədə baş verib. Tarix boyu özünü sivil sayan Avropa təkcə öz qitəsi ilə kifayətlənməyib, bütün digər qitələrdə də saysız-hesabsız işğalçı müharibələr aparıb. Yəni Avropada planetimizin ən aqressiv xalqları yaşayıb. II DM-dən sonra Avropa sülh qitəsinə çevrilib. Bu necə baş verdi?
II DM-dən sonra heç bir Avropa ölkəsi qaliblərin iradəsinə zidd hərəkət edə bilməzdi. 1945-ci ildə qaliblər beynəlxalq hüququn prinsiplərini müəyyən etdilər və BMT-ni yaratdılar. Beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlət sərhədlərinin toxunulmazlığı prinsipidir. Qərbdə (kapitalist blokunda) bu prinsipi ABŞ, şərqdə (sosialist blokunda) — SSRİ təmin edirdi. Qəliblərin Qərbi və Şərqi Avropada saxlanılan qoşunları həm də bu prinsipin qorunması üzrə "jandarmlar" idilər...
Dövlət sərhədləri heç vaxt sabit olmur, o da sosiumun inkişaf səviyyəsindən asılı olaraq genişlənən-daralan elastik çərçivədir. Tarix boyu belə olub, 1945-ci ilədək sərhədləri daim sabit qalan dövlət olmayıb. Mövcud sərhədlərlərdən narazılıq isə əksər hallarda müharibələrə səbəb olub. ABŞ və SSRİ qoşunları məhz buna imkan verməyiblər. Əgər dövlət sərhədini genişləndirə bilməyəcəksə, qonşusu ilə müharibə etməyinin nə mənası var?!
Beynəlxalq hüququn bu prinsipi yalnız sərhədlərin zorla dəyişdirilməsinə qarşı idi, lakin sərhədlər könüllü şəkildə dəyişdirilə bilərdi. Buna görə də 1945-ci ildən sonra Qərb hansı ölkəni parçalamaq istəyirdisə, buna milli azadlıq hərəkatı verib, ölkəni de-fakto bölür, sonra da mərkəzi hakimiyyəti separatçı ərazinin sərhədlərini tanımağa məcbur edirdi. Bu halda formal olaraq beynəlxalq hüquq pozulmurdu, çünki sərhədlər qarşılıqlı tanınırdı. Xatırlayırsınızsa, Qarabağ münaqişəsində də ATƏT-in Minsk qrupu bizi buna məcbur etdirmək istəyirdi.
İlk dəfə sərhədlərin zorla dəyişdirilməsinə hüquqi status verilməsi Serbiyada baş verdi. ABŞ hərbi qüvvələrinin köməyi ilə Kosovo Serbiyadan müstəqilliyini elan etdi və dərhal (2008-ci ilin 18 fevralında) ABŞ onun müstəqilliyini tanıdı. Serbiya isə, nə qədər məcbur etməyə çalışsalar da, indiyədək Kosovo Respublikasını tanımayıb (Azərbaycan da tanımayıb). ABŞ-ın ardınca bütün Avropa vassalları da Kosovonun müstəqilliyini tanıdı. Rusiya və Çin buna kəskin etiraz etdilər və belə presedentin ağır nəticələr verəcəyini bildirdilər (əslində, presedent Rusiya üçün hazırlanmışdı). O vaxt özlərini müstəqil respublika elan etmiş Abxaziya və Cənubi Osetiya əraziləri Gürcüstan mərkəzi hökumətinə tabe olmurdular. Həmin ərazilərdə Rusiya qoşunları var idi, lakin Rusiya onların müstəqilliyini tanımırdı. Kosovo presedentinə əsas gətirərək, Rusiya 2008-ci ilin 26 avqustunda Abxaziya və Cənubi Osetiya Respublikalarını tanıdı.
Bəs niyə Avropa Kosovo presedentindən narahat olmadı? Axı Avropada eyni problemlər az qala hər ölkədə var, onların da öz "Kosovo"su yarana bilməzdimi? Ona görə narahat deyildilər ki, Avropada sərhədləri hansısa xalqın etirazı, narazılığı, "milli azadlıq mübarizəsi" dəyişdirə bilməzdi, sərhədləri yalnız ağanın (ABŞ-ın) iradəsi dəyişdirə bilərdi. Avropa da ağanın sadiq vassalarına qarşı bunu etməyəcəyinə əmin idi. Serbiya vassal deyildi deyə cəzalandırılmışdı.
İndi isə vəziyyət başqadır — ağanın nə 20 il əvvəlki gücü, nə də istəyi var. Avropada hər ölkənin digərinə tarixi ərazi iddiaları var, hələ II DM-dən sonra qaliblərin iradəsi ilə dəyişdirilən sərhədləri demirəm. Yəni sərhəd davası Avropa üçün ən böyük potensial təhlükədir. Buna müxtəlif ölkələrdəki separatçılıq meyllərini (basklar, korsikalılar, kataloniyalılar, frizlər, Rumıniyada macarlar, şotlandlar, irlandlar və s.) əlavə etsək, Avropanın qorxulu yuxusunu təsəvvür edərik. ABŞ qoşunları Avropadan çıxandan sonra güclü ölkənin zəifdən torpaq almaq iddiasına düşməyəcəyinə, separatçıların üsyan qaldırmayacağına, hansısa ölkənin dənizə yol açmaq üçün müharibəyə başlamayacağına kim təminat verə bilər? Özünü Avropanın ən güclü ordusuna sahib bilən Polşa indidən Almaniyadan trilyon avrodan çox reparasiya tələb edir, Almaniya isə Polşaya ərazi iddiaları irəli sürür. Hətta Britaniya və ABŞ-ın Polşa ordusunu belə silahlandırmasının Rusiyaya qarşı yox, Almaniyaya qarşı aparıldılğı ehtimal edilir. Almaniya da bu təhlükəni hiss edərək, guya Rusiyaya qarşı ordusunu gücləndirir, gələn il üçün Avropada ən böyük hərbi büdcə ayırıb.
🔸 Qısası, Avropa müharibələrə hazırlaşır, lakin Rusiya ilə yox, Avropadaxili müharibələrə. bu müharibələrdə ABŞ onları sakitləşdirməyəcək, əksinə, tərəflərə silah satacaq. Avropanı 20-30 illik xaos gözləyir. Xaosdan sonra bəzi dövlətlər yoxa çıxa bilər. Müharibələr nəticəsində güclər tarazlığı yarandıqdan, Avropa xarabazarlığa çevrildikdən sonra qitənin yeni xəritəsi çəkiləcək və təxminən, 30 il nisbi sülh bərqərar olacaq.
Əslində, Rusiya da bu dövrə hazırlaşır. Ona Ukrayna təhlükəsizlik zolağı lazımdır ki, Avropada gözlənilən xaos onun ərazisinə keçə bilməsin.
P.S. Yazdıqlarım tam anlaşıqlı deyilsə, üzrlü sayın: çox böyük bir mövzunu mümkün qədər qısa yazmağa çalışdım. Burda 1-2 cümlə ilə yazdığım fikirlərin çoxu, əslində, böyük bir yazı mövzusudur.
Asif Şəfəqqətov
TEREF

