RUSİYANIN KİYEVƏ ATDIĞI 100 MİLYONLUQ RAKET - “Oreşnik”in hədəfi nə olub? + VİDEO

Bu gün, 16:24           
RUSİYANIN KİYEVƏ ATDIĞI 100 MİLYONLUQ RAKET -
Xəbər verildiyi kimi, ötən gecə Rusiya növbəti dəfə Kiyev başda olmaqla, Ukrayna ərazisinə kütləvi raket və PUA zərbələri endirib.

“AzPolitika” xəbər verir ki, mütəxəssislər bu zərbəni indiyə qədər xüsusilə də Kiyevə qarşı ən kütləvi hücum hesab edirlər.

Son məlumatlara görə, zərbə nəticəsində azı dörd nəfər həlak olub, 100-ə yaxın mülki şəxs yaralanıb.

Kiyev administrasiyasının məlumatına görə, şəhərin bütün rayonlarında ziyan qeydə alınıb. Yataqxana, iki məktəb, supermarket, ticarət mərkəzi və bazar da bu sıradadır. Həmçinin, dronlar, raketlər və onların qalıqları yaşayış binalarına da dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bu hücumda Ukraynaya qarşı ümumilikdə 600 PUA və 90 raket, o cümlədən "Oreşnik", "Kinjal", "Tsirkon", "İsgəndər", "Kalibr" və "X-101" raketləri atıb. 16 raket və 54 PUA-nı vurmaq mümkün olmayıb.

Bu raketlərin arasında məşhur və Kreml təbliğatının, şəxsən Putinin təriflədiyi orta mənzilli ballistik “Oreşnik” raketi də var. Müxtəlif hesablamalara görə, belə bir raketin buraxılışının dəyəri təxminən 100 milyon dollar civarındadır. Lakin mütəxəssislər, hətta rusiyalı müşahidəçilər də Moskvanın nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu bahalı raketi mənasız yerə sərf etdiyini qeyd edirlər.

Bundan öncə, 2024-cü ildə Dneprdəki infrastruktura həmin raketlə zərbə endirilmişdi və bu, raketin başlığının bir neçə hissəyə bölünməsi görüntüsündən başqa heç bir ciddi effekt verməmişdi.

“Oreşnik”lə ötən gecə Kiyev vilayətinə endirilən növbəti zərbə də birinci zərbədən ciddi şəkildə fərqlənməyib. Hədəf Kiyev şəhərinin cənubundakı kiçik Belaya Tserkov şəhəri olub. Kiyev vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin Baş İdarəsi zərbə nəticəsində şəhərdəki qaraj kooperativində yanğın baş verdiyini və üç qarajın yandığını bildirib.

OSINT kanallarına görə, zərbənin hədəfi şəhərdəki aerodrom ola bilərdi. Lakin "Oreshnik" şəhərin tamamilə başqa bir hissəsindəki qaraj kooperativinə düşüb.

100 milyona yaxın qiyməti olan raketlə 3 qarajın yandırılması Rusiya “Z-kanalları”nda hiddətlə qarşılanıb. Ruslar artıq sosial mediada tamamilə mənasız hücumdan şikayətlənirlər, bunu sadəcə “gözəl bir görüntü üçün pul itkisi” adlandırırlar. Onlar qəzəblənirlər ki, raket döyüş başlığı qoyulmadan istifadə olunur, Kiyevin mərkəzi hədəf alınmır və bu cür zərbələr heç bir effekt vermir…


Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumla bağlı şərh verərək deyib ki, zərbələrin əksəriyyəti Kiyevə endirilib və məhz paytaxt Rusiya ordusunun əsas hədəfi olub: "Putin artıq "ura" sözünü belə düzgün tələffüz edə bilmir - mızıldanır - amma yenə də raketləri ilə yaşayış binalarını vurur. Üç Rusiya raketi su təchizatı qurğusuna dəydi, bazarı yandırdı, onlarla yaşayış binasına və bir neçə adi məktəbə zərər verdi. O, "Oreshnik" raketini Belya Tserkova atdı. Həqiqətən də (Putin) qeyri-adekvatdır".

Qeyd edək ki, bu zərbələr nəticəsində növbəti dəfə Azərbaycanın Kiyevdəki səfirliyinə ziyan dəyib…

Rusiya tərəfi bu hücumu 22 mayda Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin işğal olunmuş Starobilsk şəhərindəki tələbə yataqxanasına endirdiyi zərbəyə cavab olduğunu bəyan edir. Yerli "hakimiyyət orqanlarının" məlumatına görə, həmin zərbədən sonra 21 nəfər həlak olub, onlardan 18-i 18-23 yaş arası qadınlar olub. Cümə günü Putin Müdafiə Nazirliyinə bu hücuma cavab hazırlamağı əmr etmişdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə həmin zərbənin Rusiyanın “Rubikon” PUA bölməsinin qərargahına endirildiyini bəyan edib. Qeyd olunur ki, Rusiya PUA bölmələrinə məhz tələbələri cəlb etməkdədir.

Xatırladaq ki, Ukraynanın Luqanska endirdiyi zərbədən bir neçə gün əvvəl Rusiya Kiyevin Darnitski rayonundakı doqquzmərtəbəli binanı X-101 raketi ilə vurmuşdu. Nəticədə 24 nəfər (üçü uşaq da daxil olmaqla) həlak olmuş, 48 nəfər yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru