SOCAR-da ixtisar, DİM-də qəbul

Bu gün, 15:28           
SOCAR-da ixtisar, DİM-də qəbul
Tələbə adını qazanan gənclərimizi ürəkdən təbrik edirəm. Təhsil insanın cilasıdır. Bir toplum yüksəliş, rifah arzulayırsa, gücünü elmdən, təhsildən almalıdır.
Bu gün gənclərimizə ordan-burdan “diplom boş şeydir, get Kanadada qocaya bax, Avropada meyvə yığ adam kimi yaşa” deyənlərə də acıyıram. Çoxu zamanında kitabdan qaçdıqları üçün ölkədə, xaricdə xidmət sektorunda baş girləyənlərdir. Gələcəklə bağlı hədəfləri nədir? Daha çox qoca almanın bezini təmizləmək? Gündə 7 yox, 10 yeşik çiyələk toplamaq?
Xidmət sektorunda ən kiçik vəzifədən başlayıb yüksələ bilən, müəssisə sahibi olanlara baxın, övladlarına yaxşı, hətta çox yaxşı təhsil vermək üçün dəridən-qabıqdan çıxırlar. Ali təhsil alan övladlarını dövlət qulluğuna yönləndirirlər. Niyə əcəba? Axı, onların onlarla, yüzlərlə işçi çalışan müəssisələri var… Aralarında özlərindən yaşca 2 dəfə kiçiklərlə eyni auditoriyada dərs oxuyanlar da var, ali məktəb diplomu almaq üçün hər yolu sınayanlar da. Niyə? Çünki ali məktəb diplomu statusdur, özgüvəndir, insanın mədəni səviyyəsinin göstəricisidir, rəqabətə bir addım öndən başlamaq imkanıdır. 21-ci yüzildə bunlarsız keçinmək mümkün deyil.
Allah test üsulunu Azərbaycana gətirən eks-prezident Əbülfəz Elçibəyə, ilk tətbiqini uğurla həyata keçirən Vurğun Əyyuba rəhmət eləsin. Onların sayəsində illərlə kommunistlərin qərarları ilə sıravilərə qapalı olan fakültələr millətin üzünə açıldı. O gün bu gündür oxuyan istədiyi yeri qazanır.
Qalır oxumağa meylli gənclərdən dünya standartlarında biliyi, bacarığı olan kadrların hazırlanması, o da hökumətin birbaşa vəzifəsidir. O gün olsun, dövlət qulluğu imtahanları da tamamilə test sisteminə keçirilsin, rüşvət yuvası olan müsabiqələr aradan qaldırılsın, kiminsə əziz-giramısı yox, haqq edənlər qazansın.
Builki qəbul rəqəmlərinə baxdım, diqqətimi Ali Neft Məktəbinin yüksək göstəriciləri çəkdi. Bütün fakültələrə qəbul 600 üstü balladır. Texniki fənnlərin çağdaş dünyadakı yeri, rolu tərəfdən baxsaq, çox əla. Amma önümüzdəki illərin yerli əmək bazarı bucağından baxanda mənzərə o qədər ürəkaçan deyil. İxtisas planlaması yanlış aparılıb. Azərbaycanın enerji ehtiyatları getdikcə azalır. Ən böyük ixtisarlar SOCAR sistemindədir və proqnozlar tendensiyanın davam edəcəyi üzrədir. O zaman neft-qaz sənayesi üçün bir neçə universitetdə bu qədər kadrın hazırlanması nəyə xidmət edir? İşsizlər ordusu yaranmasına? Axı, bu savadlı gənclik sabah iş tapmasa, ölkədən getməyə məcbur qalacaq, Azərbaycan beyin köçü yaşayacaq…
Bir daha tələbə adı qazananları, onların valideynlərini, müəllimlərini təbrik edirəm. Qüvvət elmdədir. Amma həm də düzgün, çağa, tələbata uyğun peşələrin seçilməsində.
Aygün Muradxanlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]