Ümumiyyətlə bizdə iqtisadi xəbərlərdə bağlıqla məzmun çox vaxt uyğun gəlmir
Bu gün, 12:59

Xəbər oxudum: “Azərbaycanın pomidor ixracı coğrafiyası genişlənir” – sevinmək istədim ki, nəhayət hökumət ölkəmizin aqrar sahədəki Rusiyadan asılılığını azaltmağa başlayıb.
Amma və lakin, xəbərin içi, rəqəmlər başlığa uyğun deyildi – 2026-cı ilin ilk 6 ayında Azərbaycandan ixrac edilən pomidorun 93%-i Rusiyaya gedib. Yerdə qalan 7%-in tamımına yaxını isə Belarus və Ukraynaya ixrac edilib.
Yəni, dadı-tamı ilə müsbət mənada seçilən pomidorun Körfəz ölkələrinə, AB-yə ixracı üçün yaranmış münbit şəraitdən yenə də istifadə edə bilmirik.
Rusiyadan bu qədər asılı olmaq iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir – Moskva kefi istəyəndə yenə pomidorda müxtəlif xəstəliklər tapa, bununla da Azərbaycana təzyiq göstərməyə çalışa bilər.
Ümumiyyətlə bizdə iqtisadi xəbərlərdə bağlıqla məzmun çox vaxt uyğun gəlmir – məsələn, hökumət fəxrlə deyir ki, Azərbaycan bu ilin ilk 7 ayında 5 mlrd. 933 mln. dollarlıq qeyri-neft məhsulu ixrac edib. İnsan sevinmək istəyir, məzmununa baxanda görürsən ki, hökumətin təsnifatında qeyri-neft ixracı kimi qeyd olunan məhsulların siyahasında ən yüksək paya 7108 kodu ilə, “işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla)”, adlı məhsul yer alır. 2026-cı ilin ilk 7 ayında bu kodla ixrac 3 mlrd. 707 mln. dollar olub – bu da, qeyri-neft ixracımızın 62%-dən çoxdur. Yəni, qara qızılla, sarı qızılın fərqi nədir ki, hər ikisi də Allahın verdiyi resursdur...
Natig Cəfərli

