Sultan Alp Arslan isə xalqının sevgisini qazanan bir hökmdar idi
Bu gün, 12:54

Türk dünyasının hər zaman tarixdə iz qoyan şəxsiyyətləri haqda təkcə biz deyil, düşmənlərimiz belə rəğbətlə qarşılamaqdan başqa çarələri olmadığı faktdır. Bu cür şəxsiyyətlərimzdən biri də Səlcuqlu hökmdarı, Çağrı bəy oğlu, özündən sonra Səcuqlunu zirvələrə qaldıracağını bildirdiyi üçün məhz onu hökmdar kimi görən Toğrul bəyin qardaşı oğlu Sultan Alp Arslandır. Mənim düşüncələrimdə Sultan Alp Arslan yalnız bir hökmdar deyil, Türk tarixinin ən nurlu simalarından biridir. Onun şəxsiyyətinə və sarsılmaz ədalətinə olan rəğbətim sonsuzdur. Alp Arslan öz dövlətinə, xalqına bağlı bir hökmdar idi. Ədaləti ilə sadə xalqın sevgisini qazanmış, mərhəməti ilə düşmənlərinin belə hörmətini qazanmışdı. Hər kəs başçı ola bilər, amma hər kəs xalqın sevgisini qazana bilməz. Sultan Alp Arslan isə xalqının sevgisini qazanan bir hökmdar idi.
O, hərbi-strateji dühası ilə Səlcuqlu dövlətini daha da gücləndirdi, istər dünya tarixində, istərsə də Türkün tarixində silinməz iz qoydu. Malazgird savaşında qazanılan möhtəşəm zəfər sadəcə Türk dünyası üçün deyil, bütün bəşəriyyətin tarixi üçün dönüş nöqtəsi oldu. Bu savaş zamanı əsir düşən Bizans imperatoruna qarşı Alp Arslanın davranışı onun böyüklüyünün, Türk törəsindən gələn mərhəmətinin ən parlaq nümunəsi idi. Düşmən olsa belə, əsirinə qarşı insani münasibət göstərməsi, onun yalnız bir sərkərdə deyil, böyük bir insani dəyər daşıyıcısı olduğunu sübut etdi.
Malazgird savaşı öncəsi Bizans ordusunda əsas qüvvələrdən olan, dini baxımdan xristian, amma milli kimlik baxımından Türk olan qıpçaq , peçeneq və digər türklərlə gizli danışıqlar nəticəsində savaş zamanı onların Səlcuqlu ordusuna keçməsi isə başqa bir həqiqəti üzə çıxardı: Türk kimliyi dini inanclardan üstün tutulmuş, qan və kimlik birliyi hər şeydən əvvəl gəlmişdir. Bu da Alp Arslanın və onun dövrünün böyük bir ideyasını, Türk birliyi ruhunu əks etdirirdi.
Alp Arslan yalnız bir hökmdar deyildi, o, Türk dünyasının fəxri idi. Təəssüf ki, bu şərəfli şəxsiyyətin ömrü xaincəsinə xaşxaşilər tərəfindən sui-qəsd nəticəsində sona çatdı. Bu faciə bütün Türk dünyası üçün böyük bir itki oldu. Lakin Alp Arslanın ruhu, onun dövlətçilik dühası və insanlıq sevgisi hər zaman Turan ideyası ilə yaşayan nəsillərin qəlbində yaşayacaq.
M.Afət

