İran ətrafındakı münaqişə səbəbindən minlərlə lüks avtomobil Keniyaya məxsus adaya gətirilib
22-03-2026, 12:34
ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda Hörmüz boğazında yaranan gəmiçilik problemləri səbəbindən minlərlə yeni lüks avtomobil Hind okeanında, Keniya sahillərində yerləşən Lamu adasında qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hazırda adaya təxminən 4 000 avtomobil, o cümlədən yeni "Porsche" və "Volkswagen" markalı maşınlar gətirilib. Bu avtomobilləri daşıyan gəmilər Yaponiyadan Dubaya gedirdi, lakin Hörmüz boğazının faktiki bağlanması səbəbindən marşrut dəyişdirilib.
Lamu adasında cəmi 25 800 nəfər yaşayır, ərazisi isə 57 kvadratkilometrdir. Burada yerli administrasiyanın xidməti maşını və təcili yardım istisna olmaqla avtomobillərin hərəkəti qadağandır. Yüklər və insanlar əsasən gəmilər və ya yük heyvanları ilə daşınır.
İki gəmi ötən həftə avtomobilləri Lamuda boşaldıb və maşınlar hazırda liman ərazisində saxlanılır. Gələn həftə daha 5 000 yeni avtomobil gətirəcək başqa bir gəminin də adaya çatacağı gözlənilir.