`Ən birinci utanmalı şəxs mənəm` - Çingiz Abdullayev

6-03-2016, 01:02           

"Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O, hələ ki, baş məşqçimizdir. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək".

teref.az-nun "Report"a istinadən verdiyi məlumata görə, bunu "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, "Neftçi"nin baş məşqçisi adına layiq yaxşı, səviyyəli mütəxəssis olmalıdır: "Ancaq bu, o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdir, "Qarabağ" onunla uğurlar qazanır. Əslində Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın".

"Qəbələ"yə məğlubiyyətdən və AZAL-ın "Xəzər Lənkəran"ı səfərdə 1:0 hesabı ilə yenməsindən sonra "Neftçi" 7-ci pilləyə enib. Ç.Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: "Komanda indi bu yerdədirsə, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam, günahlarım, səhvlərim olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]