Arda Güler və Modriç müqayisəsi: Keçmiş Madridli futbolçular sərt danışdı
9-02-2026, 15:08

Keçmiş Real Madridli Rafa Alkorta və idman şərhçisi Antonio Romero bu dəfə Arda Gülerin oyununu sərt tənqid edib. İkili hesab edir ki, Arda Luka Modriç kimi oyunu idarə edə biləcək səviyyədə deyil və Real Madridin ehtiyac duyduğu oyunçu deyil.
Referans Media xəbər verir ki, Arda Güler, Valensiya ilə oyunda sağ cinahda başlasa da top gəldikdə mərkəzə çəkildi. Bir neçə gözəl pası olsa da ümumi performansı gözləntilərin altında qaldı.
Real Madrid isə Mestalla stadionunda Valensiya üzərində 2-0 qələbə qazansa da, oyun rahat keçmədi. Álvaro Arbeloa komandasının üstünlüyü 65-ci dəqiqədə Álvaro Carrerasın qolundan sonra gəldi, matçın son nöqtəsi isə 91-ci dəqiqədə Kylian Mbappé ilə qoyuldu.
“Modriç deyil”
Rafa Alkorta Gülerin yaxşı futbolçu olduğunu, Madrid Realın orta mərkəzində yaxşı ayağı olduğunu qəbul etsə də, onun bu mövqedə tam uyğun olmadığını vurğulayıb:
“O, Türkiyədəki kimi oynamaq istəyir; bütün komanda onun üçün oynasın, o isə sərbəst hərəkət edə bilsin. Amma Real Madriddə vəziyyət fərqlidir: burada yalnız son pası vermək kifayət etmir, orta xəttə dəstək olmalı, hərəkət etməlidir. Bu isə onun təbiətində yoxdur. O, Modriç deyil.”
Alkorta xatırladıb ki, Modriç Real Madridə gəldikdə “on nömrə” idi, amma çalışqanlığı və topsuz oyun qabiliyyəti sayəsində mərkəzə çəkildi. Arda Güler üçün isə deyib:
“Güler yaxşı oyunçudur, amma yetərli deyil. Topsuz oyunda çox itir, çünki bu onun oyun üslubuna uyğun deyil.”
Antonio Romero isə əlavə edib ki, Arda Güler Real Madridin hücumçu orta sahə yükünü daşıya biləcək səviyyədə deyil və çox güman heç vaxt olmayacaq:
“Ayağı yaxşıdır, son pasları verə bilir, Mbappé ilə yaxşı anlaşıb, künc zərbələrini istifadə edir… amma klubun başdan xəyal etdiyi oyun tərzi bu deyil.”
Hər iki şərhçi Arda Gülerin keyfiyyətini və bəzən oyunda parlaq anlar göstərdiyini qəbul etsə də, onun Real Madrid mərkəz müdafiəsinin ağır hücum yükünü daşıya biləcək səviyyədə olmadığı qənaətindədir.

