Monoloq: Ofisiant və Milyonçu.
20-01-2026, 00:01

"Ye, müəllim, ye! O qızıl tozuna batırılmış steyki nuş elə. Yanındakı o 'dodağı silikonlu', beyni isə boş kuklalar da sənə əla yaraşır. Həyat sənindir, kef elə! Sənə kim nə deyə bilər ki?
Amma gəl sənə bir sirr açım. Sən elə bilirsən ki, 'kralsan'. Əslində isə sən sadəcə dünyanın ən bahalı müştərisisən. Sən yaradıcı deyilsən, sən sadəcə pul xərcləyən 'kassasan'.
Bax, o mindiyin zirehli maşın var ha... Qorxursan? Həyətindəki o 20 dənə 'qoluzorlu' səni kimdən qoruyur? O savadsız saxladığın, 'kitab oxumasın, fəhləlik eləsin' dediyin ac kütlədən qoruyur, elə deyilmi? Sən pulunu o insanların beyninə yox, əzələsinə xərclədin. İndi də o əzələlərin arasında qorxu içində yaşayırsan. Halbuki o pulu təhsilə qoysaydın, indi ətrafında 'zombi'lər yox, səni başa düşən sivil cəmiyyət olardı. Hasarın hündürlüyü səni xilas etməyəcək, müəllim.
Sənə elə gəlir ki, çox ağıllısan, çünki pulun var. Amma sabah o yağlı ürəyin sancanda, səni özəl təyyarən Almaniyaya çatdırmağa vaxt tapmayacaq. Bilirsən səni kim kəsib-doğrayacaq? Sənin vaxtilə laboratoriya açmadığın, xaricə oxumağa göndərmədiyin, rüşvətlə lisenziya satdığın "cərrah"lar. Bax, ədalət onda yerini tapacaq. Sənin tikdiyin o lazımsız şadlıq sarayı sənə süni nəfəs verə bilməyəcək.
Cibinə qoyduğun o son model telefona bax. Onu 25 yaşlı bir 'uşaq' yaradıb. O uşaq sənin bütün nəslindən daha güclüdür. Sən neft satıb daş-divar alırsan, onlar ağıl satıb dünyanı alır. Sən hələ də 'beton' dövründəsən, dünya isə 'kod' dövründədir. Sən o texnologiyanın sahibi deyilsən, sən onun sadəcə istifadəçisisən. Köləsisən.
Deyirsən, 'Mən bu gün üçün yaşayıram, öləndən sonra cəhənnəmə ki...'? Düz deyirsən. Amma sən heç 'bu günü' də ləzzətlə yaşamırsan axı. Ətrafına bax. Bir dənə ağıllı həmsöhbətin varmı? Yoxdur. Hamısı sənin cibinə baxan yaltaqlardır. Sən pulunla özünə 'keyfiyyətli həyat' yox, sadəcə 'bahalı tənhalıq' almısan.
İndi get, o növbəti villanın təməlini at. Amma unutma: Titanikdə də ən bahalı biletləri sənin kimilər almışdı.
Davam elə, müəllim. Şampanını süzdür..."
Dr. Benjamin Karimov
TEREF

