Həmidə xanım Cavanşir 153
20-01-2026, 00:03

1-ci fotoda 1947-ci ildə çəkilmiş böyük Cəfər Cabbarlının oğlu Aydın Cabbarlını və Cəlil Məmmədqulzadənin ömür gün yoldaşı Həmidə xanım Cavanşiri görürsüz...
Kimdir Həmidə xanım?!
Həmidə xanım Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən çıxıb. Bütün bunlar az deyil, sonralar insanı dəyərə çevirən məsələlərdir. Bu üzdən mən onun həyatını vərəqlədkcə bu qənaətə gəldim ki, Həmidə xanım məhz belə ləyaqətli və nümunəvi ömür sürməli idi.yəni başqa cür də ola bilməzdi.Bu gün çox sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız – Sara xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir.
Həmidə xanım elə şəxsdir ki, o, olmasaydı nə Cəlil Məmmədqulzadə olardı, nə də "Molla Nəsrəddin" olardı. Olsa da belə yaxından tanıya bilməzdik. təkcə bu faktın özü əsas verir deyək ki, bu və digər xeyirxah əməllərinə görə hamımız bir nəfər kimi özünü Həmidə xanıma borclu hesab etsin.

Bu gün Azərbaycanın ilk maarifçi və xeyriyyəçi qadınlarımızdan biri "dəmir ledi", tarixçi Həmidə Əhməd bəy qızı Cavanşirin (Məmmədquluzadə) doğum günüdür. Həmidə xanım 1873-cü ilin 19 yanvarında Şuşa qəzasının Kəhrizli kəndində anadan olub, böyüyüb, başa çatıb. Həmidə xanım Cavanşir 6 fevral 1955-ci ildə vəfat edib. Atası görkəmli maarifçi, tarixçi Əhməd bəy Cavanşir, anası Mülkicahan xanım olub.
O vaxt kim deyə bilərdi ki, bu qız tək Kəhrizli kəndinin deyil, bütün Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanıma çevriləcək ?! Həm də bu azmış kimi o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həllinə çalışan və buna nail olan şəxsə çevriləcək.?!
Atası Əhməd bəy qızını müasir, cəmiyyətə xeyirli şəxs kimi görmək istəyirdi və deyirdi: “Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin”. Qızını kişi qeyrətli görmək istəyən Əhməd bəy doğrudan da onun mükəmməl təhsil almasına çalışıb. Atasının sayəsində Həmidə xanım hələ yeniyetmə yaşlarından rus dilini öyrənir, yüksək intellektə, geniş dünyagörüşünə malik olur. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək bir məktəb açır.
Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə idi. O öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayır, öz hesabına tauna və qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurur. Başqa müalicəvi vasitələri tətbiq edir.

Həmidə xanım xeyriyyəçilik fəaliyyəti ilə yaddaşlarda əbədi qalan şəxsdir. O, Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olub. Həmidə xanım Cavanşir xatirələrində 1907-ci ilin yayında Şuşada keçirilən mədəni tədbirlər haqqında maraqlı məlumatlar verərək, yığılan pulun imkansız tələbələr arasında bölüşdürüldüyünü yazır.
Bundan da artığına əmin olmaq istəyənlər Azərbaycan memuar ədəbiyyatının ən qiymətli nümunələrindən sayılan "Xatirələrim" adlı kitabı bir daha oxuya bilərlər. Həmidə xanımın "Molla Nəsrəddin" jurnalının nəşrinə, onun əməkdaşlarına, yazarlara göstərdiyi maddi və mənəvi yardımlar isə başqa mövzudur.
Həmidə xanım Azərbaycan Cumhuriyyətinin qurulma ərəfəsində Qarabağda baş verən milli qarşıdurmada öz vəsaiti hesabına yerli döyüşçü dəstələri təşkil edən şəxsdir. O, öz silahlı atlı dəstəsi ilə Əsgəran qalasını yarıb keçərək, Şuşaya yardım göstərilməsinə nail olub. Bu və digər əməlləri Həmidə xanım Cavaşirin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
lk olaraq Şuşada, sonra isə Kəhrizlidə xalça emalatxanası açdırdı, müxtəlif Qarabağ xalçaları toxutdurdu.
"Xatirələrim"in yazılması iləbağlı olmuş bir əhvalat da var. Deyilənə görə bu kitabı M.C.Bağırov sifariş edibmiş. Günlərin birində Günlərin bir günü yazıçı Mirzə İbrahimov Həmidə xanımın arxasınca o vaxtın qeyri-adi olayı olan “M-1” (“Emadin”) markalı qara maşın göndərib onu Yazıçılar İttifaqına dəvət edir.həmidə xanım gedir və sifarişi alır.
Mirzə İbrahimov: yoldaş Bağırov arzu edir ki, siz öz xatirələrinizi yazasınız, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərinizi qələmə alasınız.
həmin gün həmidə xanım Yazıçılar İttifaqına üzv edirlər. Yazı hazır olur və həmədə xanım yazdıqlarını M.İbrahimova təqdim edir.
Lakin üstündən bir neçə ay keçsə də kitab nazil olmur. Həmidə xanımı yenidən Yazılar İttifaqına dəvət edən M.İbrahimov ona deyir:
-– Həmidə xanım, yoldaş Bağırov arzu edirdi ki, Siz bu əsərinizdə yoldaş Bağırovun – o alovlu inqilabçının Qarabağdakı bolşevik fəaliyyətindən də geniş şəkildə yazasınız. Bu əhəmiyyətli hadisəni gözlərinizlə gördüyünüzdən gələcək nəsillərə onun şəxsiyyətinin böyüklüyünü məhz Siz çatdırmalısınız. Bunun ideoloji işimiz üçün çox böyük əhəmiyyəti var. Mircəfər Bağırovun vətən və xalq qarşısında elə xidmətləri var ki, onlar gərək unudulmasın, kommunist gənclərə örnək olsun, gələcək nəsillərə ötürülsün.
Həmidə xanım Mirzə İbrahimova heyrətli bir nəzər salıb xeyli susur və nəhayət, sakit tərzdə və təəssüflə belə cavab verir:
– Mən görmədiklərimi yaza bilmərəm.
Bəli, M.C.Bağırov əslində həmidə xanıma ağız açmışdı. Əgər həmidə xanım bunu etsəydi həm M.C.Bağırov bütün etdiyi faciələrə bəraət qazana bilərdi. əlli il, yüz il sonra da qələmlərini pula batırıb sıradan bir qatili milli qəhrəman etmək həvəsinə düşənlərin işi asanlaşacaqdı – onların əlində danılması müşkül olan etibarlı qaynaq olacaqdı. Bununla həmin qatil növbəti bir ölümə də səbəb olmaq niyyətindəydi – Həmidə xanımın aydan arı təmiz adını məhv etmək istəyirdi. Ancaq o, ağlına belə gətirmədiyi gözlənilməz bir cavab aldı:
“Mən görmədiklərimi yaza bilmərəm!”
Həmidə xanım bax, belə qadın idi.!

O ki qaldı onun Cəlil Məmmədquluzadə ilə olan evliliyinə...bu mevlilik heç də asan olmayıb.1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəylə iki il sonra ailə həyatı qurarkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün çətinliklərə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustadkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in əldə etdiyi xeyirxah himayədarı olmuşdu.
Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və ehtiramla ömür sürmüşdü. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan Həmidə xanım ömür-gün yoldaşının əsərlərini çap etdirmiş, bu böyük sənətlə bağlı kövrək xatirələrini ustalıqla qələmə almışdır.
Mirzə Cəlil nə qədər zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla döyüşsə da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan çıxmasına kömək göstərmişdi.
Həmidə xanımdan yazarkən onun böyük şairimiz M.Ə.Sabir münasibətlərindən yan keçmək mümkün deyil. Həmidə xanım ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabirin xəstəliyini nəzərə alıb onu Tiflisə müalicəyə çağırıb. Bundan riqqətə gələn dahi bəstəkar Üzeyir bəy demişdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi"
Böyük M.Ə.Sabir də təbii ki, bu hadisədən duyğulanaraq dostu Abbas Səhhətə belə yazmışdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".
Göstərdiyim bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktlardan yalnız biridir.!! Mübaliğəsiz deyə bilərik ki, Həmidə xanım ictimai fikir tariximizdə dərin izlər qoyan şəxsiyyətdir. Azərbaycançılıq ideologiyasının cəmiyyətin inkişafında böyük rol oynayan şəxs, qürur duyduğumuz ziyalımızdır
XX əsrin əvvəllərində azərbaycançılığın geniş təbliğ edildiyi Azərbaycan mətbuatının gözü olan "Molla Nəsrəddin" jurnalında azərbaycançılıq, vətənçilik, dil və müstəqillik anlayışları yüksək səviyyədə təbliğ olunurdu. Bax, bu həyati vacib jurnalın ayaqda durmasına yardım göstərən insanlardan biri Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi.
Həmidə xanım həmişə xatırlanacaq şəxsdir.

Sözardı: Qeyd edim ki, Həmidə xanımın birinci hərbçi əri Həmidə xanımın podpolkovnik İbrahim bəy Davatdarov olub. Evlənəndə 16 yaşı olub. İbrahim bəyin isə bu zaman ondan 22 yaş böyük idi. Lakin bu onların evlilklərinə mane olmur. Onların bu evlilikdən Müzəffər Davatdarov adında oğlu və Mina xanım Davatdarov adında qızı olub. Lakin o, cəbhədə Brest qalası yaxınlığında həlak olub. Onun adı bugün də Brest şəhərinin şərəf tarixi lövhələrində, tanınmışların siyahisinda çəkilir. Doğrudur, İbrahim bəyin günvurma nəticəsində iflicdən dünyasını dəyişdiyi də deyilir...
Belə.
Baba Allahnəzərov
TEREF

