Bu gün Məhəmməd Əmin Rəsulzadənin ilk nəvəsi Firuzə xanımın doğum günüdür..
20-01-2026, 00:09

Mən Vətəndən uzaqlarda dünyası dəyişən bu nəslin bütün nümayəndələrini, o cümlədən məzarı bilinməyənlərini sevgi ehtiramla xatırlayıram.
Məmmədəmin Rəsulzadənin ilk nəvəsinin qan donduran həyat hekayəsi.
"Füruzə xanımın həyat yoldaşı ilə birgə şəklidir. Gözündəki kədərə baxın. Füruzə xanımı o kədər böyütmüşdü. O kədər 1941-ci ilin yayında atası Damad bəy həbs ediləndə çökmüşdü gözlərinə. Sonra noyabrın soyugunda sürgünə göndəriləndə, anasının ağır işlərdə işlədildikcə çəkdiyi iztirabları izləyəndə, balaca və çəlimsiz canı ilə ona yardım etmək istədiyi vaxtlarda, onun bacısı İşvə ilə birgə donub öldüyünü görəndə, Rəsulzadənin qızı olduğu üçün nəşinə kimsənin yaxın durmadığı bir həftədə, əbədiyyət qədər çəkən zamanlarda o kədər 10 yaşlı Füruzənin gözlərində özünə ömürlük yer eləmişdi. Mən Füruzə xanımı elə gözündəki o kədərlə xatırlayıram. Danışırdı ki, uşaq evində onlara-atası-anası sürgün edilmiş balacalara Lenin, Stalin haqqında şeirlər öyrədirmişlər. Cümhuriyyət quran babasına görə olmazın zülmlər çəkən Füruzəyə də bütün repressiya edilmiş ailələrin yetim qalmış uşaqları kimi cəllad Stalinə, bolşevizmə, komsomola, oktyabryata həsr edilmiş şeirləri əzbərlədirmişlər. Bayramların birində uşaq evinin sakinlərinə isti palto və şirniyyat veribmişlər. Deyirdi ki, bayram bitəndən sonra paltonu əlimizdən aldılar, amma şirniyyatı yedik, bu da inanılmaz bir səadət idi bizim üçün. Danışırdı ki, qarın içində uzaq bir məsafədən gedib su daşıyırdıq, əvəzində bizə bir qaşıq horra kimi bir şey verirdilər, acından ölməmək üçün buna da sükür edirdik. Məhəmməd Əmin Rəsulzadənin böyük qızı Lətifə xanımın ailəsindən sağ qalan bir tək o idi. Onu tapıb Bakıya gətirən dayısı Azər bəy olmuşdu. Azər bəylə məktublaşmaları var, o məktublarda o qədər həsrət, o qədər möhnət var ki...Mən onların həyat hekayəsini gəncliyə ötürmək üçün dönə-dönə yazmışam. İstəyirəm ki, gənclik istiqlalın, dövlətin, bayrağın bizə hansı fədakarlıqlar, hansı şəxsi qurbanlar bahasına başa gəldiyini, gerçək tarixi bilsin. Bu gün Füruzə xanımın doğum günüdür"
Tarixçi alim Nəcibə Bağırzadə.
Sözardı: siz digər fotoda Firuzə xanımın oğlu və qızı Həsən Məmmədov və Rəna Əliyevanı görürsüz. Firuzə xanım sürgündən sonra Seyid Hüseyn Sadiqin ailəsi ilə birgə qalıb. Firuzə Məmmədova Lətifə xanımın böyük qızı olub. O, 1931-ci il yanvarın 17-də doğulub, 2009-cu ilin 26 yanvarında rəhmətə gedib. O, Lökbatan qəbiristanlığında dəfn olunub. 1941-ci ildə 10 yaşında olanda anası Lətifə xanım və kiçik bacısı İşvə Qazaxıstana sürgün olunub. Onların ən kiçik bacısı 3 yaşlı Sona isə xəstə olduğu üçün Bakıda sanatoriyada saxlanılıb, onu nənəsinə verməyiblər. Səbəb kimi sürgün və uzun yolun balaca Sonanın səhhətinə pis təsir edəcəyini deyiblər. Əlacsız qalan Lətifə xanım sürgün olunanda övladını qaynına sağalan kimi onu himayəsinə versə də sonralar Sonanın həyatı haqqında heç bir məlumat əldə etmək mümkün olmur. Sonanın arxasınca gedəndə ona hansısa zabitin uşağı övladlığa götürdüyü deyilir.. Bununla da izi itir.
İllər öncə Gürcüstanda Rəsulzadənin varislərindən olan qadın rəhmətə getsə də Həmin qadının kim olduğu bilinmir. Bəlkə də bu, Sona və yaxud da onun övladlarından idi...
https://www.nuh.az/40473-rsulzadnin-oluna-stalinin-klini...
https://teleqraf.az/news/maraqli/452679.html
Baba Allahnəzərov
TEREF



