Görkəmli dilçı-alim, türkoloq, tənqidçi Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944-19 aprel 1991)
21-01-2026, 00:01

Görkəmli dilçı-alim, türkoloq, tənqidçi Aydın Mirsaleh oğlu Məmmədovun (16 yanvar 1944-19 aprel 1991) doğum günüdür.
Xalq yazıçısı Anarın Aydın Məmmədov haqqında yazdığı “Aydın surəti” adlı məqaləsi çox təsirlidir:
“Bir neçə il bundan qabaq Leninqradda Azərbaycan günlərinin iştirakçıları arasında Aydınla mən də vardıq. Sözləşib məşhur alim türkoloq Lev Qumilyovgilə getdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanış etsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gənc azərbaycanlı həmkarına xüsusi bir hörmətlə yanaşdığını görür, qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, öz keşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovun atasıyla bir barakda üst-üstə taxçalarda yatmağından danışdı. Söhbət Azərbaycan xalqının mənşəyindən düşdü. Qumilyov: “Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü müəyyənləşdirmək üçün ora-bura boylanırlar?-deyə soruşdu.-Səlcuqların əsl varisisiniz, Azərbaycan tarixində üç ulu Səlcuqun-Toğrulun, Alp-Aslanın, Məlikşahın həlledici yeri var. Sonra diqqətlə Aydına və mənə baxdı: “Səlcuq mənşəyi hər birinizin zahiri görkəmində belə əks olunub”, -deyə əlavə etdi. Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanın quruluşu, mənəviyyatın yönü, ruhun gözəlliyidir. Və Aydının Səlcuq ruhuna sədaqətli, türk mənəviyyatına, Xalqımızın həqiqi mənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununla əlaqədardır.”
Aydın Məmmədov 1991-ci ilin aprel ayının 19- da avtomobil qəzasında faciəvi şəkildə vəfat etdi.
Həmin məqalədə Anar yazır: “Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün Azərbaycandan axıb gəlmiş güllərə, dəmətlərə, çələnglərə qərq olub. Bir tərəfdə füsünkar gözəlliyə maliK olan Marxal yaylağı-Aydın buranı çox sevərdi. “Marxal”ın qədim türk sözü olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş bir ev-itirdikləri oğulun dərdini səssiz-səmirsiz, içindən yana-yana, qovrula - qovrula çəkən iki qoca ata-ana. Hər tərəfdə -qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, Azərbaycanın hər yerində məhəbbətlə hörmətlə, minnətdarlıqla, yanğıyla anılan bir ad-Aydın Məmmədov adı. Aydının bütün vətən torpağımızı dolaşan ruhu. Yaddaşlarımızda, qəlbimizdə, talelərimizdə yaşayan işıqlı surəti. Aydın surəti.”
1990- cı ildə keçirilən deputat seçkilərində bu nəhəng şəxsiyyətin vəkili olmuşam. Aydın Məmmədov böyük alim olmaqla yanaşı, həm də mükəmməl orator idi. Onun çıxışlarını, dialoqlarını, söhbətlərini unutmaq mümkün deyil. Heyif…
Zəruri qeyd: Aydın Məmmədov yaratdığı “Tərcümə Mərkəzi”nə istedadlı gəncləri tərəddüd etmədən işə götürürdü, yol göstərirdi və onlara yaradıcılıq azadlığı verirdi.
Allah Rəhmət eləsin…
Etibar Əliyev
TEREF

