38 şəhidin ruhu... Həsənriz kəndi...- Mehriban Vezir yazır
27-03-2026, 12:14

Redaktə etdiyim bir mətndə bu ada rast gəldim: HƏSƏNRİZ
Mətndə deyilir:
"... İyul ayının 3-də... bölük, Elxan Salmanovun rəhbərliyi ilə Həsənriz kəndinin azad olunmasında şücaət göstərdi. ...Sonradan bölüyə azad olunmuş Həsənriz kəndinin müdafiəsi tapşırıldı. ...1992-ci il iyul ayının 19-da - kəndin azad edilməsindən 16 gün sonra - erməni-rus birliklərinin əkshücumu zamanı ...bölüyün əskərləri yalnız atıcı silahlarla silahlanmalarına baxmayaraq sona qədər döyüşmüş, silah-sursat, zirehli texnika baxımından dəfələrlə üstün olan düşmənin qarşısından geri çəkilməmişlər. 38 nəfər igid əskərimiz son güllələri bitənədək müqavimət göstərmişlər. Cəngavər döyüşçülərimiz qeyri-bərabər döyüşdə mühasirəyə düşmüş, düşmənlə əlbəyaxa savaşmışlar.
Həmin döyüşdə qəhrəmancasına şəhid olmuş 38 nəfər döyüşçümüzün şərəfinə Şəhidlər Xiyabanında onların şücaətini əks etdirən məzarüstü xatirə abidəsi qoyulmuşdur"
Təsirlidir... həm şərəfli, həm hüznlü... 38 nəfər... son döyüş... 38 şəhid...
Silah-sursat bitir, əlbəyaxa savaş başlayır... və azad edildiyindən 16 gün sonra Həsənriz yenidən düşmən əlinə düşür...
Kənd haqda vikipediyaya baxdım. Tarixi qədimmiş. Miladın 5-ci yüzilinə aid alban kilsəsi varmış Həsənrizdə.
1828 - Türkmənçay Müqaviləsindən sonra rus imperiyası Həsənrizə İrandan erməni köçü gətirmiş, kəndin demoqrafiq düzəni gəlmələrin xeyrinə dəyişmişdir.
1918-ci ildə Qarabağda törədilən qətliamda bu kəndin erməniləri fəal iştirak etmişlər.
Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilmiş, 1992-də Həsənriz - tarixi adı bərpa olunmuşdur.
2023-cü ildə işğaldan azad edilmişdir.
2025-ci il martın 3-də Həsənriz kəndinə 25 ailədən ibarət ilk köç karvanı yola düşmüşdür.
2025-ci ilin mart ayına olan məlumata görə Həsənriz kəndinə 166 nəfərdən ibarət 50 ailə köçürülmüşdür.
Bütün bunları uzun-uzadı niyə yazıram?
Həsənriz uğrunda şəhid olanlarımız naminə...
Silah-sursatı bitdikdən sonra tanklı-toplu düşmənlə əlbəyaxa döyüşə girmiş 38 şəhidin xatirəsi naminə...
Unutmq olmaz!
Macal olar... bir gün...
O kəndə gedərəm...
Son azadlıq savaşında belə ruhları ilə iştirak etmiş o 38 şəhidimizin adını arayaram...
Həsənriz uğrunda... imperiya gücü ilə silahlanmış düşmənlə əlbəyaxa döyüşmüş o 38 cəngavərin xatirəsini yaşadan abidəni arayaram...
Varmı, görən...
TEREF

