BELƏ RƏVAYƏT EDİRLƏR Kİ...
1-04-2026, 17:04

Kiçik bir qəsəbədə, illərdir sakitcə fəaliyyət göstərən məscidin tam qonşuluğunda bir adam pivəxana açmaq qərarına gəlir. Divar-divara olan bu iki məkanın qonşuluğu, təbii ki, möminləri bərk qəzəbləndirir. Camaat yığışıb pivəxana sahibinin yanına gedir:
— "A kişi, bura ibadət evidir, Allahın evidir. Ayıbdır, günahdır, yığışdır bu zəhrimarı buradan!" — deyirlər.
Amma pivəxana sahibi geri çəkilmir:
— "Mənim obyektim qanunidir, vergimi verirəm, çörəyimi burdan çıxarıram," — deyib işinə davam edir.
Məsələnin şikayətlə həll olunmayacağını görən dindarlar başqa yola əl atır: Mənəvi müharibə. Hər namazdan sonra əllərini göyə açıb, ürəkdən dua etməyə başlayırlar:
— "Ya Rəbbim, sən bu günah yuvasını yerlə-yeksan elə! Bizə rəhm elə, o qapıya bir qıfıl vurdur!"
Günlər keçir və bir gecə qəfil fırtına qopur. Şimşək düz pivəxananın damına çaxır. Obyekt bir neçə saatın içində yanıb kül olur. Səhər məscid əhli sevinclə, "Dualarımız qəbul oldu!" deyə şükür edərkən, gözlənilməz bir hadisə baş verir: Pivəxana sahibi məscid camaatını məhkəməyə verir.
Pivəxana sahibi (iddiaçı): "Cənab hakim, bu adamlar günlərlə mənə qarşı bəddua etdilər. Mənim obyektim onların duaları ucbatından ildırım vurub yandı. Zərərimi onlar ödəməlidir!"
Molla və dindarlar (cavabdeh): "Xeyr, hakim bəy! Biz dua etmişik, düzdür, amma bu sadəcə bir təbiət hadisəsidir. Bir-iki sözlə bina yanmaz. Bizim bu işdə bir günahımız yoxdur."
Hakim sənədləri kənara qoyub eynəyini düzəldir və tarixdə qalan bu sözü deyir:
"Qəribə vəziyyətdir... Qarşımda duanın gücünə səmimi qəlbdən inanan bir pivəxana sahibi və öz duasının təsirinə inanmayan bir mömin qrupu var!"
Bəzən "günahkar" dediyimiz insanın inamı, "mömin" dediyimiz insanın vərdiş halına gətirdiyi rituallardan daha səmimi çıxa bilir. Pivəxana sahibi baş verəni birbaşa Yaradanın müdaxiləsi kimi görür və buna sarsılmaz şəkildə inanır. O, metafizik gücü qəbul edir.
Dindarların hərəkəti isə, ironikdir. İstədikləri reallaşanda, onun məsuliyyətini (və ya nəticəsini) üzərlərinə götürməkdən qorxurlar. Bu, çox vaxt insanın nəyisə ürəkdən istəyib, sonra o reallaşanda "mən belə deməmişdim" deməsinə bənzəyir.
Əsl möminlik sadəcə dodaq ucu ilə dua etmək deyil, o duanın ağırlığını və nəticəsini çiyinlərində daşıya bilməkdir. Digər tərəfdən, bəzən ən böyük "həqiqəti" bizə heç gözləmədiyimiz, bəyənmədiyimiz insanlar sübut edir.
Səfər İbrahmli

