MİLLƏT ÜÇÜN QURBAN VERDİN ÖZÜNÜ!

3-04-2026, 11:54           
MİLLƏT ÜÇÜN QURBAN VERDİN ÖZÜNÜ!
Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Bir müddətdən sonra Türkmənistana sürgün edilir.
1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana gedir. Orda Almas İldırımı həbs edirlər.
Almas İldırım İranda həbsdən canını qurtaran kimi Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.
Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Bəxtsiz tale yaşamağın qubarlı,
Azad sözün, azad zəkan nübarlı,
Ömür dediklərin boranlı, qarlı,
Millət üçün qurban verdin özünü!
Cavan ikən sürgün oldun Dərbəndə,
Saldılar tələyə, saldılar bəndə,
Əl tutmadı nə bir “övlad”, nə bəndə,
Millət üçün qurban verdin özünü!
Növbəti sürgünlük Aşxabad idi,
İblis oyunları ədavət idi,
Hər sözün Allaha şəhadət idi,
Millət üçün qurban verdin özünü!
Bəladan qaçmadın, tarana getdin,
Sərhədlər keçərək İrana getdin,
Dəhşətə, sürgünə, zindana getdin,
Millət üçün qurban verdin özünü!
İran həsrətinin odu, ocağı,
Cəhənnəm yaşatdı şeytan sayağı,
Arxa da olmadı mehi, sazağı,
Millət üçün qurban verdin özünü!
Yaşamaq səninçün zəhərə döndü,
Əzablar belində yəhərə döndü,
Səadət, xoşbəxtlik kəhərə döndü,
Millət üçün qurban verdin özünü!
Tanrı kömək oldu sənə bir anda,
Türk qanı çağladı damarda, qanda,
Getdin İstanbula kimsəsız donda,
Millət üçün qurban verdin özünü!
Türklər qucaq açdı sən tək oğluna,
Arzular, xəyallar düşdü sahmana,
Dörd övlad gətirdin cən bu cahana,
Millət üçün qurban verdin özünü!
Bu vətən, bu millət sənin bəhrəndi,
Böyük ədəbiyyat sənin töhvəndi,
Turan qardaşlığı sənin pöhrəndi,
Millət üçün qurban verdin özünü!
Əmir Pəhləvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru