SƏN GÖYLƏRİN SİRLƏRİNİ BİLİRDİN!
6-04-2026, 12:34

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda Pirşagida anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.

Yüksə istedad və elmi biliyi olan Kərim Kərimovu 1966-cı ildə təkidlə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edirlər. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi.
1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar.

Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
Yaranandan ilk istəyin, həvəsin,
Dost edərdin kosmosa yer kürəsin,
Planeti isidərdi nəfəsin,
Sən göylərin sirlərini bilirdin!
Göylərdə özünə ulduz tapardın,
Günəş kimi hər gün çıxıb-batardın,
Çox şeyləri sən özünlə apardın,
Sən göylərin sirlərini bilirdin!
Ulduzlar fəzanın nağılbazları,
Sərhədçi olubdu azon qazları,
Buludlar səmanın uçan tozları,
Sən göylərin sirlərini bilirdin!
Ballistik raketlə göyləri biçən,
Təcrübə meydanı fəzanı seçən,
Butun alimləri yarışda keçən,
Sən göylərin sirlərini bilirdin!
Radioqurğunu sən icad etdin,
Səssiz köləliyi sən azad etdin,
Allaha, Tanrıya ibadət etdin,
Sən göylərin sirlərini bilirdin!
Göylərə Yerlərin səsin yetirdin,
Nadanlığı, cahilliyi bitirdin,
İnsana bir dünya sevgi gətirdin,
Sən göylərin sirlərini bilirdin!
Millətin imzasın Kosmosa yazdın,
“Şimşək kotanlarla” göyləri qazdın,
Cahil düşüncəni kökündən üzdün,
Sən göylərin sirlərini bilirdin!
Pirşağı kəndindən guc alib getdin,
Kosmos uçuşuna rəhbərlik etdin,
Tanrı dərgahıına əl-aman yetdin,
Sən göylərin sirlərini bilirdin!
Sən buludsan, sən ümmansan, yağınsan,
Sən bir köynək Allahına yaxınsan,
Beyinlərdən beyinlərə axinsan,
Sən göylərin sirlərini bilirdin!
Əmir Pəhləvan
Esmira Şükürova
TEREF

