DİLƏNÇİNİN DƏ PULUNU ÇIX...

Bu gün, 17:04           
DİLƏNÇİNİN DƏ PULUNU ÇIX...
Tanınmış sənətkarlar, respublikanın xalq artistləri Mikayıl Mirzə və Rasim Balayev hər ikisi Ağsu rayonundandırlar. Həm aktyorluq fakültəsinə bir daxil olmuşdular, həm də Yasamalda eyni otaqda qalırdılar. O vaxtki İncəsənət İnstitutu isə indiki Sahil bağının yaxınlığında yerləşirdi.
Rasimlə Mikayıl ikinci kursda oxuyanda pulları tükənir. Səhərisi təqaüd verilən gün imiş. Axşam son kartofları son parça yağla qızardıb yeyən dostlar yatmağa hazırlaşanda Mikayıl deyir:
- Rasim, bir cibini qurdala gör qəpikdən-quruşdan nəyin var? Heç olmasa, sabah avtobusla özümüzü instituta çatdıraq.
Rasim ciblərini ələk-vələk edib bir abbasılıq tapır:
- Mika, bəxtimizə 20 qəpik çıxdı.
-Rasim, sən Allah, onu uşaqlarda xırdalat, 5 qəpiyi ver mənə. Sizin qrupun dərsi birinci qoşa saatdı, bizimki ikinci.
-Arxayın ol, səhər xırdaladıb sənin yol pulunu qoyaram mizin üstünə.
Səhərisi Mikayıl yuxudan oyanır, oyanan kimi də qalxıb mizin üstünə baxır. 5 qəpiyi görməyib bərk dilxor olur. Rasimin qarasına deyinə-deyinə yuyunur, geyinib Yasamaldakı “Sevil” kinoteatrının yanındakı dayanacağa gəlir. Sağa-sola boylanır, tərslikdən bir tanış rast gəlmir. 204 saylı avtobus gələndə Mikayıl da salona daxil olur. İçəridə də göz gəzdirib simsar adam görmür. Öz-özünə fikirləşir ki, avtobusdan nə bəhanəylə enəcək.
İnstitututa iki dayanacaq qalmış arxa qapıdan avtobusa bir dilənçi minir. Papağını çıxarıb”qardaşlar, xəstəyəm, kömək edin” deyə-deyə ön qapıyatərəf gedir. Dilənçi Mikayıla yaxınlaşanda, o, gözucu baxıb görür ki, papağın içində kifayət qədər “5”,”10”,”15”, hətta “20” qəpiklik var. Dilənçi papağını Mikayıl tərəfə uzadır:
- Qardaş, kömək elə.
Mikayıl ani fikirləşib aktyorluq istedadını dadına çağırır:
- Ə, utanmırsan, cavan adamsan, əlil deyilsən, amma dilənirsən?
- Qardaş, kömək elə, evdə xəstəm var...
Mikayıl iki barmağını cütləyib az qalır salsın dilənçinin gözlərinə:
- Sən öl, səni bir də dilənən görsəm, çıxararam gözlərini.
Dilənçi qəfil hücumdan qorxub gözlərini yumur, başını yana çevirir. Mikayıl tez o biri əlini papağa salıb bir neçə qəpik götürür. Dönüb qabaq qapıya tərəf gedir. Ovcunu açıb “10” qəpikliyi götürü və avtobus dayanan kimi pulu sürücünün yanındakı məxmər örtüyün üstünə atıb deyir:
- 5 qəpik də o dilənçinin əvəzinə...
(İlham Rəhimlinin “Səhnəsiz gülüş” kitabından götürülüb)
Səməndər Rzayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru