İran bəyan etdi: ABŞ-la danışıqların bərpası üçün əsas şərtimiz budur
Bu gün, 15:44

İranın dinc nüvə enerjisindən istifadə hüququnun tanınması və sanksiyaların ləğvi ABŞ-la danışıqların bərpası üçün əsas şərtlərdən biri sayılır.
Globalinfo.az xəbər verir ki, bunu İranın Hindistandakı səfiri Məhəmməd Fətəli deyib.
Onun sözlərinə görə, İran xalqının dinc nüvə enerjisindən istifadə hüququ müzakirə mövzusu deyil:
“Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüyük və indiyədək beynəlxalq qaydalara uyğun hərəkət etmişik. Odur ki, sanksiyaların aradan qaldırılması danışıqların yenidən başlaması üçün vacib ilkin şərtdir”, – səfir vurğulayıb.
Səfirin sözlərinə görə, son onilliklərdə ABŞ və müttəfiqləri İrana qarşı sərt sanksiyalar tətbiq edərək ölkəyə ciddi təzyiq göstəriblər. Buna İran aktivlərinin dondurulması, tibbi sahədə məhdudiyyətlər, yeni təyyarələrin alınmasına qoyulan qadağalar və aviasiya ehtiyat hissələrinin idxalına məhdudiyyətlər daxildir.
Xatırladaq ki, ABŞ və İran aprelin 8-də iki həftəlik atəşkəs elan edib. Daha sonra İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. ABŞ prezidenti Donald Tramp aprelin 21-də atəşkəsin müddətini uzatdığını və Tehrandan münaqişənin həlli ilə bağlı təkliflər gözlədiyini açıqlayıb.

