AVROPADA “KORRUPSİYA ZƏLZƏLƏSİ” – Bakını təhdid edən Okamponu ifşa edən görüntülər yayıldı + VİDEO (Yenilənib)
Bu gün, 09:18

Fərhad Məmmədov: “Avropa İttifaqının qurumları 'Qarabağ erməniləri' mövzusunda Moskvaya xidmət edir”
"Minval Politika" nəşri Avropa siyasətində qalmaqal yaradacaq sensasion materiallar dərc edib.
“AzPolitika” xəbər verir ki, redaksiyanın əldə etdiyi video görüntülərdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okampo və oğlunun Avropa siyasətinə təsir imkanları, erməni lobbisi ilə sıx əlaqələri və hətta Ermənistanda hakimiyyət dəyişikliyi planları barədə etirafları yer alıb. Məlumata görə, videolarda Avropa İttifaqının yüksək rütbəli rəsmilərinin, o cümlədən Jozep Borrellin adları çəkilir. Okamponun Avropa Parlamenti və Avropa Komissiyası vasitəsilə təzyiq mexanizmlərindən istifadə etdiyi, geniş korrupsiya şəbəkəsi qurduğu iddia olunur.

Nəşr vurğulayır ki, videogörüntülər tamamilə həqiqidir və süni intellekt müdaxiləsinə məruz qalmayıb. Artıq məsələ ilə bağlı Avropa Parlamentinə, Avropa Komissiyasına və Belçika xüsusi xidmət orqanlarına rəsmi sorğular göndərilib.
Videogörüntülərin mətnini təqdim edirik:
Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi
Həmsöhbət: Borrell?
Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.
… Bundan başqa bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.
Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.
Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara "baxın, görün nələr baş verir" deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Həmsöhbət: Prezidenti?
Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.
Göründüyü kimi adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əls səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir.
Politoloq Fərhad Məmmədov ifşaedici materialı şərh edərkən bildirib ki, yayılan görüntülər Aİ institutlarındakı siyasi korrupsiyanın yalnız görünən tərəfidir. Ekspertin fikrincə, bu proses həm də Ermənistan daxilindəki siyasi çəkişmələrin və Rusiya faktorunun Avropa üzərindən manipulyasiyasıdır.
F.Məmmədov qeyd edir ki, lobbiçilik əslində qanuniləşdirilmiş korrupsiyadır və rəsmi İrəvan Azərbaycanla mübarizə prosesində bu tələyə düşüb: "Biz xatırlayırıq ki, korrupsiyalaşmış Okampo beynəlxalq platformalarda Ermənistan diplomatlarını müşayiət edirdi. Lakin sülh gündəliyi təsdiqləndikdən sonra Ermənistan hökuməti bu növ təşəbbüslərin maliyyələşdirilməsini dayandırdı. Amma yaradılmış infrastruktur yerində qaldı. İndi həmin infrastrukturu Rusiyanın xidmətində dayanan erməni diaspor təşkilatları ələ keçirib və öz fəaliyyətlərini Ermənistan Baş nazirinə qarşı yönəldiblər. Eyni vəziyyəti bloger Lapşinin timsalında da görürük – o artıq Ermənistana buraxılmır".
Politoloqun sözlərinə görə, Aİ-nin Ermənistandakı missiyası rəsmi İrəvana hibrid təhdidlərlə mübarizədə kömək etməli olsa da, paradoksal olaraq bu təhdidlərin mənbəyi elə Avropanın özüdür: "Bu təhdidlər Brüsseldə (Toivo Klaar kimi şəxslərin fəaliyyəti), Strasburqda (Avropa Xalq Partiyası və Karapetyanın lobbi şəbəkəsi vasitəsilə) və Parisdə (26 ölkənin diaspor təşkilatlarının görüşlərində) formalaşır. Belə çıxır ki, “Qarabağ erməniləri” mövzusunda Aİ institutları birbaşa Rusiyaya və Ermənistandakı rusyönümlü müxalifətə xidmət edir".
Ekspert vurğulayır ki, əgər Avropa strukturları bu korrupsiya şəbəkəsinə qarşı tədbir görməsə, bu, onların ya Moskvanın diktəsi ilə hərəkət etdiyini, ya da Ermənistan olmadan "Qarabağ erməniləri" mövzusunu süni şəkildə gündəmdə saxlamaq istədiyini sübut edəcək: "Azərbaycanda Avropa institutlarına onsuz da sarsılmış inam bu ifşalardan sonra tamamilə yox olur. Bu materiallar Bakının özünü nüfuzdan salmış Aİ təsisatları ilə münasibətləri kəsmək istiqamətindəki addımlarında qətiyyətini daha da gücləndirəcək".

