HOLLİVUDDAN HEÇ DƏ GERİ QALMADIN!
Dünən, 12:54

Şamil Mahmudbəyov 1924-cü il dekabrın 5-də Naxçıvanda dünyaya gəlmişdir. Şamil məktəbi bitirən il müharibə qapını döydü. Hələ yaşı çatmadığından 16 yaşlı oğlan dəmir yol texnikumuna gedəsi, arxa cəbhənin sayagəlməz mərhumiyyətləriylə üzləşəli oldu, üstəlik, təhsilini tamamlamaq fikrindən də əl çəkmədi.
Məktəbi bitirən il zor-güc könüllülər sırasına yazılan Şamil Mahmudbəyov Qroznıda hərbi-texniki məktəbi qurtardı. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşdu. Müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor görkəmli rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur. O, 1954-cü ildən Bakı Kinostudiyasında rejissor vəzifəsində çalışıb. “Görüş” (1955), “Qara daşlar” filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib.
Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq “Romeo mənim qonşumdur” lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş “Qaraca qız” (1966) kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü”, “Dərviş Parisi partladır” (K.Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur. Film Azərbaycanın Qızıl Fonduna daxil edilib. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Film Böyük Vətən Müharibəsindən sonraki ilk illərdən bəhs edir.
Şamil Mahmudbəyov eyni zamanda görkəmli aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor “Divar” və “İnsan” adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.
Şamil Mahmudbəyov 1997-ci il mayın 20-də Bakıda dünyasını deyishmishdir.
Çəkdiyin filmlər ruhun qidası,
İki sahil, iki ürək adası,
İstedadsan, sən dahisən, qadası,
Hollivuddan heç də geri qalmadın!
Sən göyün üzünə bir baxış idin,
Tale yollarına zər, naxış idin,
Həyata, kinoya çağrış idin,
Hollivuddan heç də geri qalmadın!
"Şərikli çörək"lə şərik işin yox,
Haram tikələrlə əyik işin yox,
Naxələf işlərlə heç bir işin yox,
Hollivuddan heç də geri qalmadın!
Talelər zamanın yazı taxtıdı,
Kiminin acılı, qızıl baxtıdı,
Tanrının verdiyi ömür vaxtıdı,
Hoollivuddan heç də geri qalmadın!
Kinoya həyatın üzün gətirdin,
Danışan gözlərin sözün gətirdin,
İblisin, mələyin özün gətirdin,
Hollivuddan heç də geri qalmadın!
İstedad ömürə, yaşa baxmadı,
Qalxdığın zirvəyə kimsə qalxmadı,
Tale öz barını başa qaxmadı,
Hollivuddan heç də geri qalmadın!
Səndən öyrəndilər film çəkməyi,
Torpağı sevməyi, töxum əkməyi,
Unutmaq olarmı, səni sevməyi ?!
Hollivuddan heç də geri qalmadın!
Əmir PƏHLƏVAN
Есмира Шукурова




