Sən doğrudan da Böyük kişi imişsən

Dünən, 11:48           
Sən doğrudan da  Böyük kişi imişsən
Əziz və dəyərli dostum Arif Ərşad çox-çox illər bundan öncə böyük insan Qara Tofiqə həsr olunan təsirli bir hekayə yazmışdı.
Artıq haqq dünyasında olan unudulmaz Tofiq bəyin xatirəsinə ərməğan kimi hekayəni təqdim edirəm.
ARİF ƏRŞAD
Böyük kişi
(hekayə)
Səhər ertədən rayon mərkəzinə gedərək, günortaya yaxın kəndə qayıdan Eldar kişi, evinə yaxınlaşanda həyət qapısının qarşısında dayanan “Təcili Yardım” maşınını və həyətə yığılmış adamları görəndə bir anlıq çaşıb qaldı. Tez özünü həyətə salıb sual dolu gözləri ilə qonum-qonşuya göz gəzdirib, başı ilə hamıya səssizcə salam verdi, heç kəsdən başqa heç nə soruşmayıb iti addımlarla bir başa evə qalxdı.
Xəstənin başına toplaşmış gözü yaşlı qadınlar Eldar kişinin gəldiyini görüb bir andaca hıçqırıqlarını saxlayıb çarpayının yanından aralandılar. Eldar kişi narahat baxşlarla çarpayıda uzanan arvadının yanında dayanmış həkimə yaxınlaşdı. Həkim üzünü Eldar kişiyə tutaraq sakit səslə:
-Narahat olmayın, - dedi. -Qorxulu heç nə yoxdur, ürək getməsinin səbəbi qan təzyiqinin yüksək olmasından, bir də ürəyinin zəifliyindəndir. Bir yandan da güclü stres keçirib. Biz tərəfdən ilkin yardım kimi nə lazımdırsa olundu. İndi ona sakitlik və dincəlmək lazımdır. Mənə də icazə verin gedim...
Həkim sözlərini bitirib çantasını topladı, sonra başını qaldırıb hələ də çaşıqınlıqla gah arvadına, gah da ona baxan Eldar kişiyə bir qədər də hüznlü səslə:
- Allah sizə səbr versin! -deyib, qapıya doğru addımladı.
Həkimin son cümləsindən, kişilərin həyətə yığışmalarından, qadınlarınsa otaqdakı xəstə arvadının başının üstünü kəsdirib xısın-xısın ağlamalarından hələ də bir şey anlamayan Eldar kişi çiyinlərini çəkərək, həkimi ötürmək üçün onun arxasınca həyətə çıxdı. Həkimin evdən çıxdığını görən həyətə yığılmış adamlar onu qəmli baxışları ilə maşına qədər səssizcə ötürdülər. Həkim başının işarəsi ilə hamıyla xüdahafisləşib maşına oturdu. “Təcili Yardım” maşını həyətdən çıxan kimi qonşuluqda yaşayan və Eldar kişinin uşaqlıq dostu olan Cavad həyətə yığılmış adamların arasından ayrılıb, sual dolu baxışlarla ona baxan Eldar kişiyə yaxınlaşdı:
-Bu vaxta qədər haradasan? Telefonunu da söndürmüsən, zəng eləmək olmur. – deyən, Cavan ani olaraq susub, doluxsunmuş gözləri ilə Eldar kişiyə baxdı, sonra titrək, xırıltılı səslə əlavə etdi: -Bir az səbirli ol, qardaş, səbirli ol. Nə eləmək olar, onun da qisməti beləymiş.
Eldar Cavadın nə dediyini anlamaq üçün gözlərini onun gözlərinin içinə dikdi, Cavadın yanaqlarından axan göz yaşlarını görüb çaşqınla soruşdu:
-Nə olub axı? Bu camaat bura niyə yığışıb?
Cavad əlindəki dəsmalla gözlərinin yaşını silərək, hökürə-hönkürə:
-Nə olacaq, qardaş, bundan artıq nə olacaq? Evin yıxılıb ey, evin yıxılıb.
Eldar kişinin sifəti bir anın içində qaraldı, “nə ola biləcək şeyləri” ehtimal edib əlini ürəyinin üzərinə qoyaraq pıçıltı ilə dilləndi:
-Nə olub? Rüstəmə nəsə olub? Nə olub mənim oğluma?
Cavad Eldarın sualına cavab verə bilmədiyindən hələ də hönkürtüylə ağlayırdı.
Eldar kişi Cavadın yaxasından tutub silkələyərək bağırdı:
-Nə olub? Cavab verin mənə, nə olub mənim balama?
Evdən eşidilən ağlaşma səsləri onu daha da qəzəbləndirdi:
-Bu camaat niyə ağlayır, hə, niyə? Nə olub?
Həyətdəki adamlar yavaş-yavaş elə həyətin ortasındaca yerində donub qalan Eldarın başına toplaşdılar. Bir-neçəsi onun qoluna girib yaxınlıqdakı kətilin üstündə oturmasına kömək etdi.
Daha olan olmuşdu, nəyisə gizlətməyin mənası yox idi. Bir də ki, bu boyda faciəni nə vaxta kimi gizlətmək olardı ki?
Gözünün ağı-qarası olan madar oğlu Rüstəmin ölüm xəbərini bu zavallı atadan necə saxlamaq olardı axı?
Yaşca Eldardan on-on beş yaş böyük olan qonşuları Nəbi kişi Eldarın yanındakı boş kətilin üstünə çökdü. Sonra da Rüstəmin səhər-səhər işə gedərkən təsadüfən bir maşın tərəfindən vurulmasını, onu vuran sürücünün Rüstəmi öz maşınında xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmadığını ürək ağrısı ilə Eldara danışdı. Sonda onu da dedi ki, Rüstəmin tabutunu artıq Bakıdan rayona gətirirlər.
Eldar kişi gözlərini bir nöqtəyə zilləyərək heç nə demir, heç nə soruşmur, bəlkə də heç nə eşitmirdi...
Eldar kişi titrək barmaqalrı ilə ciblərini eşələyib bir siqaret çıxartdı, siqareti dodaqlarına qoyub barmaqalrını kibrit üçün yenidən ciblərində gəzdirdi. Bunu görən Cavad bir qədər aralıda dayanan cavanlardan kibrit alıb qayıdana qədər, kimsə Eldar kişinin siqaretini yandırmışdı. Cavad siqaretin yandığını görüb:
-Yandırdın? Siqaretin yanır ki…
Eldar kişi əlləri əsə-əsə siqareti damağından ayırdı, tüstüsünü dərin bir yanğıyla sinəsinə çəkib asta və titrək səslə:
- Hə, siqaretim yanır… Bundan sonra bir də heç vaxt sönməyəcək, amma evimin işığı söndü, həmişəlik söndü, bundan sonra da heç vaxt yanmayacaq, - deyib, siqaret barmaqlarının arasında, əlləri ilə başını tutaraq yerə baxdı. Onun çiyni aram-aram silkələnirdi…
****
Oğlunun həbs olunmasından artıq üç gün keçsədə, Əmrah hələ də nə oğlu, nə də ki, oğlunun istintaqını aparan müstəntiqlə görüşməmişdi. Onu oğlunun hansı şəraitdə qəza törətməsi, bu qəzada onun günahının olub-olmaması qətiyyən maraqlandırmırdı. Onu bu neçə gün ərzində narahat edən, gecə-gündüz düşündürən tək bir şey vardısa, o da bu qəza səbəbindən həyatını itirən cavan oğlanın - Rüstəmin ölümü idi. Aldığı məlumata görə şəhərdə polis işçisi işləyən Rüstəmin bu yazda toyu olmalıymış. Əmrah kişi mərhumun valideyinlərinin Bakıdan 400-450 km uzaqlıqda olan dağ rayonlarından birində yaşadıqlarından onlara başsağlığı vermək üçün həmin rayona getməyin vacibliyini bilsə də, nədənsə bir başa ora getməyə ürək etmirdi. Həmin rayonda onun bir dostu- tanışı da yox idi ki, onu özünə yoldaş edib getsin.
Sözün qısası Əmrah qabağa düşə biləcək sözü keçən bir ağsaqqal olmadan bir başa matəm içində olan evin qapını açmağa çəkinirdi, oğlunun etdiyi hərəkətdən utanır, vicdan əzabı çəkirdi. Lakin onu da yaxşı bilirdi ki, getməmək də olmaz, mütləq getmək, baş sağlığı vermək, ailənin faciəsinə, kədərinə şərik olmaq lazım idi.
Qapının zəngi Əmrahı fikirlərindən ayırdı. Qızı qapını açaraq gələn qonaqları sakitcə evə dəvət etdi. Gələnlər yaxın qohumu Şəfaqət müəllimlə, onun uşaqlıq dostu Xudaverdi kişi idi. Qonaqlar salamlaşıb sakitcə əyləşdilər. İlk olaraq sözə başlayan Şəfaqət müəllim oldu:
-Əmrah kişi, mən öz dostlarımdan öyrəndim, onların da mənə məsləhətləri bu oldu ki, biz bir başa həmin rayonun ağsaqqalı olan Qara Tofiqin yanına gedək. Onun hörməti tək həmən rayonda yox, elə yaxınlıqda olan ətraf rayonlarda da böyükdür.
Əmrah siqaretini külqabında söndürüb Şəfaqət müəllimdən soruşdu:
-Sənin onunla tanışlığın var? Onun adı Qara Tofiqdir, yoxsa rəngi qara olduğu üçün elə çağırırlar?
-Yox, tanışlığım yoxdur. Bir də ki, lap qədimdən üzü bəri qara sözü tək rəng bildirmir axı, qara sözü zirvə, dağ, həm də böyüklük deməkdir.
Əmrah kişi təəcübünü gizlətmədi:
-Hə? Bax bunu bilmirdim.
Yaşca Əmrahdan bir-iki yaş kiçik olmasına baxmayaraq, həmişə ona ağsaqqal deyib müraciət edən Xudaverdi söhbətə qoşuldu:
-Ağsaqqal, həmin rayondan mənim bir əsgər yoldaşım var, amma burda, Bakıda yaşayır. Mən bu gün səhər vaxt eləyib onunla da görüşdüm. Məsələni açıb ona danışdım, o da mənə diqqətlə qulaq asıb dedi ki, mənim də o hadisədən xəbərim var, iki-üç gün bundan qabaq rəhmətliyin dəfnində iştirak edib rayondan qayıtmışam. Deyir, rəhmətliyin atası az qalır ki, yeri-göyü dağıda, neyləsin yazıq, o boyda oğul itirib, özü də evin bir uşağı. Nə is… Uzun sözü qısası, dedi ki, ağır söhbətdi. Məsləhətdi ki, o qapıya ancaq Qara Tofiqlə gedəsiniz... Görünür ki…
Əmrah Xudaverdinin sözünü kəsdi:
-Qara Tofiq harda yaşayır, harda işləyir ki? Onun ünvanını aldın?
Şəfaqət müəllim başını bulayaraq narazı tonda dedi:
-Əmrah, ağsaqqal olmaq üçün insanın harda işləyib, işləməməsinin elə də böyük əhəmiyyəti yoxdur. Elin-obanın ağsaqqalı olmaq üçün məncə yaxşı kişi olmaq kifayyətdır. Gəlin vaxt itirməyək, sabah üç-dörd nəfər qohum-qardaşla gedək həmin rayona, Qara Tofiqi rayonda hamı tanıyır, heç ünvanını almağa da ehtiyyac yoxdur…
****
Avtobus rayona yaxınlaşanda Şəfaqət müəllim yanında oturan və yol boyu mürgüləyən dostu Xudaverdini dümsüklədi:
-Xudaverdi, bəsdir də yatdın, dur!
Xudaverdi yorğun səslə soruşdu:
-Nə olub, çatmışıq ki?
-Çatmamışıq, amma çatmağımıza az qalıb, deyirəm bəlkə biz o irəlidəki yeməkxanaların birində düşək, əl-üzümüzü yuyaq, özümüzü səliqəyə salaq. Sonra rayon taksilərindən birinə oturub bir başa gedərik Qara Tofiqin evinə.
-Hə,düz deyirsən, - deyən, Xudaverdi yerindən qalxaraq sürücüyə yaxınlaşdı.
Sürücü avtobusu Xudaverdinin xahişi ilə yolun kənarında olan yeməkxananın qarşısında saxladı. Əmrah sürüçünün pulunu verdikdən sonra hər üçü maşından düşüb çayxanaya tərəf addımladılar. Çayxananın yanındakı su kranında əl-üzlərini yuyub quruladıqdan sonra, çayxanaya keçdilər. Günorta vaxtı olduğundan çayxana müştəri ilə dolu idi. Xudaverdi gözünə dəyən, boş olan yeganə masaya yaxınlaşıb əyləşdi və yanındakı stuları Əmrah kişi ilə Şəfaqət müəllimin əyləşməsi üçün bir balaca masadan araladı. Şəfaqət müəllim çay sifarişi verib əyləşdikdən sonra üzünü Əmraha tutub soruşdu:
-Ay Əmrah, yanında oturan o yaşlı arvad kim idi elə, bütün yol boyu səni salmışdı çənəsinin altına. Elə bil tanışın idi, çox mehriban danışırdız.
Əmrah aram-aram başını buladı:
-Bəs eşitməmisən ki, dərd adamı yaxınlaşdırır?
-Nə deyirdi, nə danışırdı?
-Məndən soruşurdu ki, bizim rayon adamına oxşamırsız, rayonumuza getməkdə xeyirdirmi? Mən də başıma gələnləri ona danışdım və rayona getməyimizin səbəbini dedim. Sən demə arvad da şəhid anası imiş. Dərdi təzələndi, bir oğlunu müharibədə itirdikdən sonra həyatın onunçün mənasız olmasından danışdı. Deyirdi ki, Qara Tofiq olmasaydı, indi mən çoxdan ya ölmüşdüm, ya da ki, başıma hava gəlmişdi. Qara Tofiqi tanıyan gündən, elə bilirəm ki, oğlum ölməyib, sağdır. O, mənə oğulluq edir. Gəlinimi rayon xəstəxanasına işə düzəldib, orda tibb bacısı işləyir, mən də ki, evimizin yanındakı məktəbdə xadimə işləyirəm. Allaha şükür nəvələrimi saxlayıram, heç bir narahatçılığımız yoxdur. Bir düzəlməyən iş də çıxanda, narahatçılığım olanda qaçıram Tofiqin üstünə. O da sağ olsun, bu günə qədər bir dəfə də olsun, məni naümid qaytarmayıb. Deyir, o təkcə mənə yox, ona üz tutanların hər birinə dayaq durur. Bütün rayon onun başına and içir, hamının yanında hörməti böyükdür. Siz də, elə düz eliyib onun qapısına gedirsiz.
Çayçı əlindəki çaydanı gətirib masanın üzərinə qoyub qayıtmaq istəyirdi ki, Xudaverdi onu saxladı:
-Ay oğul biz buralı deyilik, qonağıq, səndən bir söz soruşmaq istəyirəm.
Cavan oğlan maraqla Xudaverdinin üzünə baxdı:
-Xoş gəlmisiz, buyurun, eşidirəm sizi, ağsaqqal.
Xudaverdi başı ilə razılığını bildirib sözünə davam etdi:
-Sən Qara Tofiqi tanıyırsanmı, biz onun evinə necə gedə bilərik?
Çayçı gülümsündü:
-Onu burda kim tanımır ki? Qara Tofiq rayon mərkəzində yaşamır axı, qəsəbədə yaşayır. Siz səhv gəlmisiniz. Amma heç narahat olmayın, rahatca çayınızı için, sonra mən sizi bir maşınla yola salaram.
Çayçı oğlan onlardan aralanıb aralıdakı stolların birinə yaxınlaşdı. Orada oturub çay içən cavan bir oğlana başı ilə Xudaverdigil oturan masaya işarə edərək nə isə dedi. Oğlan ayağa qalxıb onlara yaxınlaşdı:
-Xoş gəlmisiniz. Sizi qəsəbəyə mən aparacam, amma siz tələsməyin, rahatca çayınızı için. Mən maşını bir az abıra salım. Kişinin qapısına çirkli maşınla getmək ayıb olar.
Cavan oğlan sözünü bitirib , çayxanadan çıxdı. Süfrəçi əlində böyük sini onların masasına yaxınlaşıb içərisində olan soyuq qəlyanaltıları süfrəyə düzdü, sonra geri qayıdıb kababla dolu böyük buludu masanın ortasına qoyub getdi. Əmrah maraqla Xudaverdiyə baxdı, və baxışlarıyla ona, biz yemək sifariş verməmişdik axı, sualını verdi. Xudaverdi əlini çörəyə uzadıb lavaşdan bir dilim götürərək dedi:
-Bissimillah! Gördün yemək, daha nə demək, yeməyinizi yeyin.
Hər üçü sakitcə yeməklərini yeməyə başladılar. Tezdən evlərində bir tikə çörəklə şirinçay içib, səhər o başdan yola çıxmışdılar deyə, oan görə də iştahla yeməyə girişməklərindən ac olduqları hiss olunurdu. Divara vurulmuş saat üçü göstərirdi. Yeməklərini yeyib hesabı vermək üçün Əmrah kişi süfrəçini səslədi:
-Ay oğul, bizim hesabımızı gətir, biz gedək.
Süfrəçi başqa masada oturub çay içən, səliqəli geyimi ilə seçilən kişinin üzünə baxdı. Kişi başı ilə ona işarə verib getməsini tapşırdı, sonra özü əlindəki çəliyə söykənərək asta-asta masaya yaxınlaşdı. Maraqla ona baxan qonaqların hər üçü ilə əl uzadıb görüşdü:
-Rayonumuza xoş gəlmisiniz. Sizin hesabınız çatıb. Qara Tofiqin qonaqları elə mənim də qonaqlarımdır.
Kişi əlindəki əsanı sağ ayağındakı protezə vurub taqqıldatdı:
- Mən Qarabağ müharibəsində ayağımın birini itirdikdən sonra, bu yeməkxananın yerinin alınmasında, sənədləşdirilməsində, elə tikilməsində də Qara Tofiqin əməyi az olmayıb. Bu çörəyi mənə Qara Tofiq verib, bax burada işləyən beş-üç nəfərin ailəsi də buradan dolanır. Allah onun köməyi olsun!
Xudaverdi əlində əsa olan kişini maraqla süzüb soruşdu:
-Allah sənə də kömək olsun,qardaş oğlu, çox sağ ol. Yəqin şəriksiniz.
Kişi masanın ətrafında olan boş stullardan birini çəkib oturdu və gülümsünərək dedi:
-Çoxları sizin kimi fikirləşir, ya mən onunla şərikəm, ya da onun burda nəsə bir marağı var. Bəlkə də elə fikirləşməklərindəndir ki, mənə toxunub eliyən yoxdur. Tofiqin adına, mənim də bu protez ayaqlarıma görə bu obyekti çox da çək-çevirə salmırlar. Şəriklik-zad yoxdur. Amma bunu da vurğulayım ki, biz Qara Tofiqin çörəyini yeyirik. Tofiq bu günə qədər kiməsə, nəsə bir yaxşılıq edibsə, ondan heç bir umacaq gözləməyib. Siz onu yaxından tanıyırsınız?
Şəfaqət müəllim başını tərpədərək dedi:
-Yox, heç üzünü də görməmişik. Sadəcə adını eşidib gəlmişik. Bir ağsaqqal kimi köməyinə ehtiyacımız var. Çox yaşlı adamdır ki?
-Çoxu elə düşünür. Onun adını eşidib üzünü görməyənlərin hamısı elə bilir ki, Tofiqin yetmiş-yetmiş beş yaşı olar. Amma onun altmış yaşı keçən il tamam olub. Bir də ki, ay qardaş, ağsaqqallıq yaşla deyil ey... Narahat olmayın, əgər siz onun üstünə gəlmisinizsə, o, heç vaxt sizi naümid qaytarmaz.
Şəfaqət müəllim yeməkxananın sahibinə təşəkkür etdikdən sonra, onunla gələnlərin hamısı ayağa qalxdı. Kişi hər biri ilə əl verib xüdafizləşərək onları qapıya qədər ötürdü. Həyətdə maşınını yuyub onları gözləyən sürücünü səslədi:
-Elşən, düz qapıya qədər apar ha.
Sürücü sağ əlini yuxarı qaldıraraq gülümsündü:
-Narahat olma, Vəli dayı.
Sürücü maşını işə saldı, qonaqlar maşına oturan kimi maşını yerindən tərpətdi. Əmrah kişi üzünü sürücüyə tutub soruşdu:
-Ay oğul, getdiyimiz o qəsəbə çox uzaqdır ki?
Sürücü başını bulayaraq cavab verdi:
-Yox, uzaq deyil. Bir də ki, uzaq olsa nə olasıdır ki? Tofiq bəyin mənim üstümdə haqqı var. Onun yolunda mən hər bir qulluğa can-başla gedərəm. Mən ömrüm boyu onun mənə elədiyi yaxşılığı unuda bilmərəm.
Arxa oturacaqda oturmuş Xudaverdi maraqla yanında əyləşən Şəfaqət müəllimə baxdı. Şəfaqət müəllim sürücüdən soruşdu:
-Ay Elşən, nə yaxşılıq eliyib sənə, bu Qara Tofiq, bilmək olar?
Elşən salonun güzgüsündən bir anlıq Şəfaqət müəllimə baxıb, yoluna davam edərək həvəslə danışmağa başladı:
-Ay dayı, mən kasıbçılıqnan böyüyən bir uşaq olmuşam. Bir anam idi, bir də mən. Atam mən uşaq olanda rəhmətə gedib. Anam da yaşlı arvaddır, baş-başa verib bir köhnə, balaca daxmamızda yaşayırdıq. Gündə başımı doldururdu ki, evlən. Mən də kasıb oğlanam da, vaxtında oxumamışam, savadım yox, vəzifəm yox, pulum yox, nəynən evlənim. MTS-in traktorunu sürməklə birtəhər dolanırdıq. Anam da gündə deyirdi ki, ay bala, belə evə gəlin gətirmək ayıbdır, bir az evə əl gəzdir. Borc xərc eliyib atamdan qalan köhnə evin ora-burasına bir balaca əl gəzdirdim. Sonra başladıq toy tədarükünə.Hətta toy gününü də təyin elədik. Toya üç ay qalmış gecə-gündüz sahələri şumlayıram ki, bir az çox pul qazanım, toyu yola verim. Bir gün yenə traktorla qonşu kəndin ərazisində torpaq şumlayırdım, mənə xəbər elədilər ki, bəs, tez gəl, evin yanır. Mən kəndə qayıdana kimi ev necə yanmışdısa, mən gəlib çatanda evimizin yerində ancaq külü qalmışdı. Anam elə ağlayırdı ki, qonşular onu sakitləşdirə bilmirdilər. O elə ağlayır və ancaq bu sözləri deyirdi, evim yandı, oğlumun toyu qaldı, arzum ürəyimdə yanıb kül oldu. Bu vaxt qonşu uşaqlardan kimsə dedi ki, bəs Qara Tofiqin maşını gəldi. Qara Tofiq maşından düşərək, yanındakı adamlarla birgə anama yaxınlaşdı. Ağlayan anamı sakitləşdirib dedi ki, ay ana ağlama, biz qoymarıq ki, sənin arzun gözündə qalsın. Anam heç nə demir, eləcə ağlamağına davam edirdi. Mən anamın qoluna girib, onu qonşuluqda yaşayan bibimgilə tərəf aparır və yol boyu onu sakitləşdirməyə çalışırdım. Deyirdim ki, ay ana, narahat olma, görürsən ki, hökümət də bu işə qarışıb, Qara Tofiq özü sənə söz verdi. Anam isə heç kirimir, əksinə daha da yanıqlı-yanıqlı ağlayaraq deyirdi ki, ay bala, Qara Tofiqin nə vecinə, bir sözdü də dedi, getdi. O, gəlib mənə ev tikəsidimi? Mən də nə qədər...
-Onda o, rayonda nə vəzifəsində işləyirdi ki? - Xudaverdi onun sözünü kəsdi.
Sürücü çiyinlərini çəkdi:
-Mən traktorçu babayam, hardan bilim nə vəzifəsində işləyirdi? Böyüyümüz idi də, lap böyüyümüz...
-Başa düşdük, bəs sonra nə oldu?
Sürücü bir anlıq söhbətinin harda qaldığını unudubmuş kimi dedi:
-Hara qaldım? Hə, onu deyirdim axı, səhəri gün Qara Tofiqin adamları gəldilər və başladılar tikintiyə. Heç üç ay keçməmişdi ki, könə evimizin yerində ondan da gözəl kürsülü bir ev tikdilər ki, gəl görəsən.
Əmrah kişi sakit səslə dilləndi:
-Bəs, toyun necə, oldumu? Yəni vaxtında olmasını soruşuram.
-Əlbətdə oldu, ev toydan on gün qabaq hazır oldu.Gəlini də bir başa öz evimə gətirdilər. İndi iki oğlum, iki qızım var. Böyük oğluma atamın adını qoymuşam, Elxan, amma sonbeşiyimin adını anam qoyub, adı Tofiqdir. Elxan altıncı sinifdə oxuyur, Tofiqin isə hələ beş yaşı var.Qızlar da ki...
Xudaverdi yenə Elşənin sözünü kəsdi:
-Qara Tofiqlə toyunda bir süzdünmü?
Elşən dərindən bir nəfəs alıb dedi:
-Yox, qismət olmadı. Həmin gün onu Bakıya çağırmışdılar deyə, gələ bilmədi. Amma çoxlu qonaq göndərmişdi mənim toyuma. Özü də hamısı da böyük adamlar. Sağ olsunlar, hamısı da yaxşı iştirak etdilər. Bu maşını da toydan yığılan pulla almışam. Borclarımı verəndən sonra, gördüm bir az pul qalıb. Arvadın ağlına qulaq asıb bu maşını aldım. İndi hərdən ora-bura sürürəm, çörək pulum çıxır.
Əmrah cibindən siqaret qutusunu çıxardıb Elşənə tərəf üzatdı:
-Çəkirsən?
Sürücü ona tərəf uzadılan qutudan bir siqaret götürüb damağına qoydu. Əmrah ilk olaraq sürücünün, sonra da öz siqaretini yandırıb soruşdu:
-Sonra heç görüşmədin Qara Tofiqlə?
Sürüçü qəsəbənin girişindəki işıqforun qırmızı işığının yandığını görüb maşının əyləcini basdı. Siqaretini maşının külqabısında söndürdü, yaşıl işıq yanan kimi yoluna davam edib, Əmrah kişinin sualına cavab verdi:
-Heylə şey olar ki, görüşməyək? Toydan on gün sonra qapımızdan iki dənə yaxşı hindquşu tutub anamla birlikdə gəldik onun iş yerinə. Anam onu qucaqlayıb öpdü, mən də ona öz təşəkkürümü bildirdim. Amma hindquşları götürmədi. Anama dedi ki, quşları qaytarın, vaxt eliyib gələcəm, bişirərsən, elə sənin öz evində birlikdə yeyərik.
Əmrah kişi maraqla soruşdu:
-Gəldimi?
Sürücü maşını iki mərtəbəli, yaraşıqlı bir evin qarşısında saxlayıb dedi:
-Yox ey, gəlmədi. Anam hələ də onun yolunu gözləyir. Hə, çatdıq, bu ev Qara Tofiqin evidir.
Əmrah kişi əlini cibinə salıb çıxartdığı pulu sürücüyə uzatdı, sürücü incik halda onun əlini geri qaytardı:
-Ay dayı, siz Qara Tofiqin qonağısınız. Deməli həm də mənim qonağımsınız. Bizdə də ki, qonaqdan pul almırlar.
Hər üçü onunla sağollaşıb maşından endilər. Sürüçü maşını yerindən tərpətmək istəyirdi ki, Xudaverdi ona səsləndi:
-Heç demədin axı, hindquşlarının axrı nə oldu, durur?
-İndiyə hindquşu qalar?-deyərək, sürücü gülə-gülə maşını sürüb oradan uzaqlaşdı.
****
Qapını on doqquz-iyirmi yaşı ancaq olan cavan bir oğlan açdı. İlk olaraq Şəfaqət müəllim danışdı:
-Salam ,oğlum, bizə Tofiq bəy lazımdır. Bura onun evidirmi?
Oğlan qapını daha da geniş açaraq dedi:
-Salam, xoş gəlmisiz. Bəli bura onun evidir, buyurun içəri.
Oğlan qonaqları içəri buraxıb qapını örtdü və onları evin ikinci mərtəbəsində olan qonaq otağına dəvət etdi. Qonaq otağı dəbdəbəli olmasa da, zövqlə bəzədilmişdi. Qonaqlar masanın ətrafında əyləşdilər. Çox keçmədi ki, oğlan əlində çay otağa daxil oldu. Çayları qonaqların qarşısına qoyub geri qayıtdı. Kimsə onu qonaq otağının qapısının arxasında gözləyirmiş kimi, dərhal da əlində başqa bir sini ilə geri qayıtdı. Gətirdiyi mürəbbələri və konfetlə dolu billur qabı masaya düzdü. Otağın baş tərfində qoyulmuş televizoru yandırdı və pultu masaya qoyub dedi:
-Siz narahat olmayın, çayınızı için, atama zəng eləmişəm, indilərdə gələcək.
Artıq bir saat olardı ki, qonaqlar evdə oturub ev sahibini gözləyirdilər. Bu vaxt ərzində ev sahibinin oğlu onlara bir neçə dəfə çay gətirsə də, sonuncu çaya heç kəs toxunmadı. Qapının zəngi eşidiləndə qonaqlar bir-birinin üzünə baxdılar. Bu vaxt bəstəboylu bir kişi içəri daxil oldu. Qonaqlar onu görcək ayağa qalxdılar. O, qonaqların hər biri ilə əl verib mehribanlıqla görüşdü:
-Xoş gəlmisiniz. Siz Allah bağışlayın, Gəncədən gəlirəm. Bir az işim vardı. Bilsəydim qonaqlarım gələcək, heç getməzdim. Buyurun əyləşin, narahat olmayın.
Kişi pultu əlinə alıb televizorun səsini azaltdı. Otağa sakitlik çökdü. Əmrah kişi göz-qaşla Şəfaqət müəllimə söhbəti başlamağa işarə etdi. Şəfaqət müəllim qarşısındakı armudu stəkanı bir balaca kənara itələyib aram-aram danışmağa başlamaq istəyirdi ki, ev sahibi onu qabaqladı:
-Deyəsən axı, bunlar sizə çörək verməyiblər. Elə yaxşı oldu, şam yeməyini birlikdə eliyərik. Mən də acam, naharda yediyimin üstündəyəm. İş-gücdən baş acmaq olmur ki, səhər evdən çıxırsan, o işin dalınca gedirsən, bu şin dalınca qaçırsan, görürsən ki, qaş qaraldı. Bir də baxırsan ki, yemək də yaddan çıxıb. Hə, nə isə, gəlin tanış olaq. Mənim adım Tofiqdir. Amma hamı mənə Qara Tofiq deyir, bəzən də yaxın dostlarım eləcə Qara deyirlər.
Şəfaqət müəllim özləri haqqında tanışlıq vermək istəyirdi ki, Xudaverdinin verdiyi yersiz sual ona danışmağa imkan vermədi.
-Nədən sizə Qara Tofiq deyirlər? Axı siz heç də bir o qədər də qara deyilsiniz axı.
Tofiq otağa daxil olan oğlunun qulağına nə dedisə, oğlu başı ilə razılıq bildirib çay süfrəsini yığışdırmağa başladı. Sonra Tofiq gülümsəyərək Xudaverdinin sualına cavab verdi:
-Bunun öz tarixcəsi var, istəyirsiniz danışa bilərəm. Hara tələsirik ki, yeməyimiz gələnə qədər danışım, bir az başımızı qataq. Hə, deməli belə, institutda oxuduğum illərdə bulvarda iki dostdumla gəzişirdik, bir də gördük ki, səkkiz-doqquz nəfər cavan oğlanlar sakitcə öz yolu ilə gedən bir qıza sataşır. Oğlanlara öz yolu ilə getmələrini, qızı təhqir etməmələrini xoşluqca desəm də, xeyri olmadı. Əlbəyaxa olduq, biz üç onlar isə səkkiz nəfər. Elə oldu ki, onlar bizim qabağımızdan qaçası oldular, biz kənd uşağı olduğumuzdan onlara nisbətən daha sağlam və cüssəli görünürdük. Qızı evlərinə ötürüb avtobusla yataqxanaya qayıdarkən yolda hiss etdim ki, ayaqqabımın içərisi su ilə doludur. Sağ ayağımda olan ayyaqqabını ayağımdan çıxartdım.Dostlarım ayağımdakı çorabın qırmızı rəngdə olmasına elə də əhəmiyyət verməsələr də, ayaqqabının içindən tökülən qanı görəndə qorxuya düşdülər. Tez məni təcili yardıma çatdırdılar, sən demə, dava zamanı oğlanlardan kimsə məni bıçaqla kürəyimdən yaralayıbmış, qan da kürəyimdən süzülərək ayağımla axıb, ayaqqabının içinə dolubmuş, amma mən heç nə hiss etməmişəm. Əməliyyatdan sonra həkim dostlarıma deyib ki, bu dağ imiş ki, bir belə qan itirməyi cəhənnəm, o boyda bıçaq batıb buna, bu adam heç hiss də eləməyib, dostdunuz dağdı ey, dağ. Elə həmin gündən dostlarım məni Qara Tofiq deyə çağırdılar. Beləcə yavaş-yavaş bu ada öyrəşdim. İndi hətda mənə sadəcə Tofiq deyəndə, bir az düşünürəm ki, görən bu adam məni çağırır, ya yox.
Şəfaqət müəllim Qara Tofiqin sözünü axıra qədər dinlədikdən sonra söhbətə başladı. İlk olaraq özünü və yanında olan digər iki qonağın kim olduğunu, hadisə barədə olan məlumatını və bu rayona gəlmələrinin səbəbini söylədi. Sonra Əmrah kişi danışmağa başladı:
-Biz Eldar kişinin dərdinə şərik olmaq üçün, ona səmimi qəlbdən baş sağlığı vermək üçün, onun ailəsinə səbr diləmək üçün bu rayona gəlmişik. Amma biz Eldar kişinin vəziyyətini anlayıb bir başa onun qapısına getməyə də ürək eləmədik. Fkirləşdik ki, bu işi ağsaqqalsız yoluna qoymaq çətin məsələdir, ona görə də elə bir başa sənin qapına gəlmişik.
Sonra Xudaverdi danışmağa başladı. Tofiq heç nə demir, sakitcə danışan qonaqarı dinləyirdi. Qonaqların gəlişindən agah olandan sonra, o, televizorun səsini tam alıb, bir qədər fikrə getdi, sonra mobil telefonla harasa zəng vurdu:
-Salam, axşamın xeyir, Seyid, necəsən? Bilirsən niyə sənə zəng eləmişəm. Sabah saat on birdə sənin dalıca maşın göndərəcəm. Bakıdan gələn qonaqlarımla birlikdə rəhmətlik Rüstəmin qəbrini ziyarət eləyəcəyik. Sənin də bizimlə ora getməyin savab olar, bir “Yasin” oxuyarsan. Həm də sabah rəhmətliyin “yeddisidir” axı, sonra hamımız birlikdə məclisə gedib, Eldar kişiyə başsağlığı verərik. Oldu Seyid, sağ ol, gecən xeyrə qalsın.
Qara Tofiq telefonu söndürəndən sonra, yenidən kiminsə nömrəsini yığdı. Danışdığı adama qızılgüldən ibarət böyük bir əklil sifariş verdikdən sonra telefonu bir kənara qoyub dedi:
-Atalardan qalma bir məsəl var, qanı qanla yumazlar, qanı su ilə yuyarlar. Bu elə bir hadisədir ki, düşmənçiliklə, qisasçılıqla olmayıb. Qəza nəticəsində olub. Amma çox böyük faciədir. Rüstəm, rəhmətlik evin bir uşağı idi, özü də subay. Nə isə, heç ölməli oğul deyildi, heyif ondan...
Yemək yedikdən sonra qonaqları evdə yerbəyer edən Tofiq, üzürxahlıq edib eyvana çıxdı, sonra telefonla nömrə yığb kiminləsə uzun-uzadı danışdı və telefon danışığını belə bitirdi:
-Narahat olma, qalan hər şey mənlikdir. Elə olsun ki, bu iş böyüməsin... Onsuz da olan olub...
****
Eldarın həyətində qurulmuş böyük yas mağarından çıxanda Qara Tofiqlə gələn qonaqları ötürmək üçün hamı ayağa qalxdı. Hətda mərhumun atası Eldar kişi də ayağa qalxıb onlarla bərabər qapıya qədər addımladı. Bu isə Qara Tofiqin ən faciəli hadisələrdə belə, insanların sevgisini, hörmətini qazanmış söz sahibi, bir el ağsaqqalı olmasının göstəricisi idi.
Əmrah kişi əlini belinə qoyaraq hər kəsdən bir-neçə aadım irəidə sakitcə gedir və nəsə düşünürdü. Birdən nə üçünsə ayaq saxladı.Geri çevriləndə ondan azca arxada gələn Qara Tofiqlə Şəfaqət müəllimgilin söhbət edə-edə ona çatdığını gördü. Hadisə baş verən gündən bu günə qədər yaşadığı hər şey kino lenti kimi gözünün qabağından keçdi. Döş cibində olan mobil telefonun səsi bir anlıq onu qarışıq fikirlərdən ayırdı.Əmrah kişi özündən ixtiyarsız telefonu çıxarıb ekrana baxmadan zəngə rədd cavabı verdi. Qara Tofiqgil Əmrah kişiyə yaxınlaşıb onunla bərabər bir qədər addımladılar. Elə bir-iki addım atmışdılar ki,Qara Tofiqin telefonuna zəng gəldi.Qara Tofiq telefonu cibindən çıxarıb ekrana baxmadan cavab verdi:
-Eşidirəm.
Sonra,telefon qulağında bir müddət heç nə demədən danışan adamı dinlədi.Nəhayyət ki, ani olaraq gülümsəyib dedi:
-Yaxşı, çox sağ ol.İndi verirəm...
Qara Tofiq telefonu qulağından ayırıb onu Əmrah kişiyə uzatdı:
-Götür,qardaş,oğlunun müstəntiqidir,deyir şikayətçi olmadığına görə bir-iki saata oğlunu burxacaqlar.
Əmrah kişi telefonu Qara Tofiqdən alıb qulağına yaxınlaşdırsa da, xətdin o üzündə müstəntiqin dediklərindən heç nə başa düşmədi. Sadəcə, telefona qulağında sanki onunla danışan adama deyil, bir az əvvəl Tofiqən eşitdiklərinə cavab verirmiş kimi bircə onu deyə bildi:
-Sağ olun. Allah sizdən razı olsun!
Əmrah kişi telefonu qulağından ayırıb Tofiqə uzatı və neçə gündən bəri içinə dolan sarsıntnın təsirindən kövrələrək Tofiqin boynunu qucaqladı:
-Sən doğrudan da Böyük kişi imişsən.
Ehtiram Ilham












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru