"Çaqqal" ələ keçirilir!
Dünən, 17:04

Avqustun 14-də Xartumdakı çarpayısında yatdığı vaxt bir neçə kişi onu yatağa sıxdı. Karlos müqavimət göstərsə də, gec idi, Fransa kəşfiyyatçıları onu ələ keçirmişdilər.
1949-cu ilin 12 oktyabrında Venesuelada hüquqşünas ailəsində doğulan oğlan uşağına atası Vladimir İliç Leninin şərəfinə İliç adını verdi. Bu ad sanki onun taleyində rol oynadı, İliç Ramires Sançes sonralar marksist-leninçiyə çevrildi.
Əslində, burada haqsızam, ad onun taleyində rol oynaya bilər, amma marksist-leninçi olması, məncə, ailədən gəlirdi. Sançesin atası Xose Ramires Navas qatı marksist idi.
1960-cı illərdə Kubada partizan hazırlığı keçən Karlos 1970-ci ildə isə Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinə qoşulur. İordaniyada “Qara sentyabr” döyüşlərində iştirak edir, daha sonra təşkilatın ən məxfi, ən sirli strateqlərindən olan Vadi Həddadın yanında təlim keçir.
Şöhrət aludəliyi, özünü nümayiş etdirmək həvəsi və macərapərəstliyi olan Karlos bu xüsusiyyətlərini nümayiş etdirmək üçün ən qeyri-insani yollardan birini seçmişdi. Zorakılığa meylli olması da bunda mühüm rol oynamışdı.
1973–85-ci illərdə Karlos artıq beynəlxalq terorçu kimi tanınırdı. 1975-ci ildə Vyanada OPEC-in toplantısına silahlı basqına rəhbərlik edərək 11 neft nazirini və onlarla başqa şəxsi girov götürməsi onun adını bütün dünyada daha da məşhurlaşdırdı.
Bəs niyə Çaqqal?
1971-ci ildə ingilis yazıçısı Frederik Forsayt “Çaqqalın günü” adlı roman yazır. Romanda hadisələr 1960-cı illərin Fransasında cərəyan edirdi. Fransanın Əlcəzairdən çəkilməsinə qarşı olan ifrat sağçı təşkilat prezident Şarl de Qollu öldürmək üçün peşəkar, son dərəcə soyuqqanlı və kimliyi bilinməyən muzdlu qatil tutur. Həmin qatilin kod adı “Çaqqal” idi.
Yeri gəlmişkən, Forsayt özü MI6-nın əməkdaşı idi. Sonralar bunu yazdığı bioqrafiyasında özü də etiraf edəcəkdi.
İliç Ramires Sançesə də “Çaqqal” kod adını vermişdilər və bunu “The Guardian” qəzetinin əməkdaşları etmişdi. Səbəb də bu idi: Karlosun silahlarını gizlətdiyi yerdə, silahların arasında “Çaqqalın günü” romanı tapılmışdı.
Və beləcə, o, İliç Ramires Sançesdən “Çaqqal Karlos”a (Carlos the Jackal) çevrilmişdi.
ASALA, keçmiş Ştazi, hətta KQB ilə əlaqələrinin olduğu məlum olan Karlosun törətdiyi partlayışlar, həyata keçirdiyi əməliyyatlar haqda yazsam, uzun alınacaq. Onun 1994-cü ildə fransalı kəşfiyyatçılar tərəfindən ələ keçirilməsində, sözsüz ki, ən böyük rolu MKİ və onun peşəkar əməkdaşı Billi Vo (Billy Waugh) oynamışdı. Məhz Billi və onun dəstəsi Sudanın paytaxtı Xartumda Karlosun gizləndiyi mənzili müəyyən etmiş və aylarla onun mənzilini izləmişdilər.
Sonralar Billi Vo bu haqda “Çaqqalın ovu” kitabını yazmışdı.
Karlos indi 77 yaşındadır və həbs həyatı yaşayır.
Comerd Qaya

