DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? - Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 16:41

Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun- Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə, qanunların, prezident fərmanlarının, NK qərarlarının, məhkəmə aktlarının icrası məcburidir. Bu məcburiliyin pozulması dövlətə də , məhkəməyə də, dövlətin adından akt imzalayanlara da hörmətsizıikdir. Di gəl, özəlliklə sosial qanunvericilik sahəsində elə özbaşınalıqdır ki, bilmirsən dövlətin ən ali qanunu konstitusiyadır, yoxsa, sıradan məmur.
Prezidentin 26.12.2001 tarixli, 613 saylı Fərmanı ilə müharibə əlillərinə 26 manat, BVM (Böyük Vətən Müharibəsi) iştirakçılarına 25 manat, həlak olmuş döyüşçülərin (Qarabağ döyüşçüləri nəzərdə tutulmur-M.B.) dul arvadlarına 18 manat , Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli “Şöhrət” ordeninin hər hansı biri ilə təltif edilmiş şəxslərə 12 manat, BVM-dən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 12 manat kommunal , nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər əvəzi aylıq müavinətlərin verilməsi qərara alınıb. BVM-dən özgə digər müharibə əlillərinə bu müavinətin verilməsini 20 il olar DSMF özbaşına dayandırıb. Özbaşınalığın əsası kimi öncə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 20 il qabaq ləğv edilməsi əsassızlığı (Qanunun ləğvi ilə güzəşt ləğv oluna bilməz, bu Konstitusiyaya ziddir, nədən qanunun qüvvəsi geriyə şamil edilmir; eyni zamanda ləğv edilən qanunu əvəz edən “Əmək pensiyaları haqqında” Qanununda da təsbit olunub ki, əvvəllər təyin edilmiş pensiya məbləği (bütün əlavələr və güzəştlərlə birlikdə) AZALDILA bilməz), sonra “Sosial müavinətlər haqqında” 2006-cı il tarixli qanunun qərəzlə, mənimsəmə amacı ilə yanlış (guya 5 il qabaq Prezident Fərmanı ilə ayrılan aylıq müavinət SOSİAL PENSİYA, hazırkı terminologiya ilə SOSİAL MÜAVİNƏT olduğundan əmək pensiyaçılarına verilə bilməzmiş) tətbiq edilməsi irəli sürülür. “Özbaşınalıq əsası”nın əsassızlığını elə Prezidentin Fərmanı təsbit edir: “... orqanizmin funksiyalarının 61-100 fazi pozulmasına görə əlilliyi müəyyən edilmiş (köhnə terminologiya ilə 1-2-ci dərəcəli əlillərə-M.B.) şəxslərə (müharibə əlilləri istisna olmaqla), SOSİAL PENSİYAÇILARA – 6 MANAT müavinət ayrılsın”. DSMF-in “özbaşınalıq əsası”na qalsa, SOSİAL PENSİYAÇILARA həm hazırkı miqdarda (220 m-t) SOSİAL MÜAVİNƏT və 6 manatlıq güzəşt əvəzi ayrılmazdı. Ptezidentin ayırdığı güzəşt əvəzi 6-26 manat arası müavinətin özbaşınalıqla “işğal edilməsi” üzə çıxır. 30 illik hərbi işğala son qoyuldu, bəs 20 illik sosial işğala son qoyulacaqmı, Prezident aktları, NK, məhkəmə qərarları işğaldan nə vaxt qurtulacaq?
DSMF-in dövlətin sosial müdafiə siyasətini işğalda saxlaması , saxta əsasla sosial müdafiədən imtina etməsi Prezidentin 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə 26 il qabaq artırılan (I qrup müharibə əlillərinə 70.000 ( 14) manat, II qruplara 60.000 (12) manat, III qruplara 50.000 (10) manatın gizlin silinib yeyilməsində özünü göstərir. Bu sosial ödəmədə ki, kommunal xidmətdən, sosial müavinətdən bir söz belə yoxdur, niyə mənimsənilir?
NK-nın 08.01.2013-cü il tarixli , 2 saylı qərarı ilə 13 il yarımdır ikiqat artırılan və hazırda 200 manat civarında olan ərzaq payı məbləği də pensiyaçılara hesablanmayıb. Niyə, DSMF niyə qərarın icrasına məcbur edilmir?
Prezidentin 23.12.2021-ci il tarixli, 1525 saylı Fərmanı ilə 20 faiz əlavə ilə artırılan hərbi vəzifə maaşlarına uyğun pensiyalar da yenidən hesablanmayıb. ƏƏSMN, DSMF başbilənləri bu hesablanmadan imtinanı öncə ƏLAVƏNİN ARTIM olmaması (?) əsassızlığı ilə, sonra 2023-cü ildən qüvvəyə mindirdikləri ŞƏHİDLƏRİN, MÜHARİBƏ ƏLİLLƏRİNİN DÖVLƏTƏ (CƏNNƏTDƏN, ÖLÜM YATAĞINDAN) QANPULU-SIĞORTA ÖDƏNİŞİ etməməsi ABSURDLUĞU ilə izah etdilər.
DSMF-in ləğv edilmiş normativ hüquqi aktları , hətta məhkəmə qərarlarını 15-20 il geriyə şamil edib qüvvədən salması da sosial müdafiə siyasətinin işğalının göstəricisidir. Qanun, normativ akt, məhkəmə qərarı icra olunmalıdır, dövlətin sosial müdafiə siyasətinə “badalaq” gəlmək, “sosial işğalçılıq dronları” ilə məhv etmək yolverilməzdir. Yazıq əhalinin bu “dronlardan” qorunmağa nə məhkəməsi var, nə deputatı, nə də icra nəzarəti .
Haqlı sual doğur: DSMF DÖVLƏTİN SOSİAL MÜDAFİƏ FONDUDUR, yoxsa SOSİAL MƏNİMSƏMƏ ?
Məğrur Bədəlsoy


