Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib - SEPAH ona sədaqət andı içdi

9-03-2026, 08:02           
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib - SEPAH ona sədaqət andı içdi
Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.

APA xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.

Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.

Müctəba Xamenei, 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın sabiq Ali Rəhbəri Əli Xameneinin ikinci övladıdır.

İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.

Müctəba Xamenei İranın sabiq prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olması, 2005 və 2009-cu il seçkilərində Əhmədinejada dəstək verməsi ilə yadda qalıb.

***

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.

APA İranın “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

Bəyanatda SEPAH-ın Xameneinin göstərişlərinə əməl etməyə hazır olduğu vurğulanıb.

“Müctəba Xameneinin seçilməsi İslam Respublikasında yeni bir şəfəq və yeni bir dövrün başlanğıcını göstərir. Ekspertlər Şurası tərəfindən seçilən şəxsə hörmətimizi, sədaqətimizi və itaətkarlığımızı bəyan edirik”, - bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru