İran 47 il ərzində sanksiyalar altında özünə normal sənaye, ticarət və kənd təsərrüfatı qurmağı bacarıb.

10-03-2026, 16:02           
İran 47 il ərzində sanksiyalar altında özünə normal sənaye, ticarət və kənd təsərrüfatı qurmağı bacarıb.
Dedik, güldük, əyləndik. Bura qədəri əla. Lakin vəziyyət heç də hamımızın düşündüyü kimi deyil.
Biz İranı aftafa, təsbeh, möhür istehsalçısı kimi təqdim edirik. Əslində isə mənzərə o qədər fərqlidir ki.
Əvvəla sanksiyalar altında olsa belə, İran 47 il ərazində özünə normal sənaye, ticarət və kənd təsərrüfatı qurmağı bacarıb. Bu gün kənardan heç bir şey almadan illərlə özünü təmin edəcək bir iqtisadi sistemə malikdir. Təbii ki, dünyaya açılmadığı üçün problemlər yaşayır. Amma bu, onun aciz durumda olması anlamına gəlməz.
İkincisi, böyük qism İranın ABŞ və İsrailin qarşısında bir neçə günə məğlub olacağı düşüncəsində idi. Lakin əksəriyyətimiz unudurduq ki, mollalar 47 il yalnız təsbeh çevirməklə məşğul olmayıblar. Onlar raket sənayelərini inkişaf etdiriblər, ölkəni silah anbarına çeviriblər.
Diqqət edin, bu gün ABŞ və İsrail İranın yalnız okeana yaxın ərazilərə və şimal əyalətlərinə zərbə endirir. Belə düşünə bilərsiz ki, Tehran əsas gücünü bu bölgəyə yığdığı üçün belə addım atılır. Əslində isə durum bir qədər fərqlidir. Çünki İran coğrafi baxımdan çox böyükdür. Bu başından o biri başına təyyarə ilə getmək üçün ən azı 2 saat 45 dəqiqə vaxt lazımdır.
Eyni zamanda, ABŞ və İsrailin hələlik İranın ucqarlarına, məsələn Xorasana əli çatmır. Çünki məsafə uzaqdır. Hətta iddia edə bilərəm ki, SEPAH və İran rəhbərliyi hazırda ölkəni Tehrandan deyil, elə Məşhəddən və ya Xorasan Rəzəvidən idarə edir.
Bir neçə məqama diqqət edək. İsraildən Təbrizə hava yolu 1700 km-dən çox deyil. Kirmanşah və Kürdistana bu məsafə 1500 km-ə qədər azalır. Tehran, Şiraz, İsfahan və digər şəhərlərə isə okeandan məsafə elə də uzaq deyil. Bunun üçün Amerikalılara ən pis halda 1000 km-ə qədər məsafə qət etməsi lazımdır. Amma İsraidən qalxan aviasiya üçün Məşhəddəki hansısa obyekti vurmağa minimum 2500-3000 km ucmaq zərurəti var.
Bəli, İran gözlənilən təhlükəni əvvəlcədən hesablayıb. Bu səbəbdən də əsas gücünü Tehran və onun ətrafına cəmləyib. Lakin bu o demək deyil ki, Tehran raket gücünü ölkə boyu yaymayıb.
Bu müharibə lazım olarsa, illərlə davam edə bilər. Nə ABŞ, nə İsrail havadan zərbə endirməklə İranın hərbi gücünü, sənayesini bir neçə həftəyə məhv edə bilməz. Quru əməliyyatları aparmaq üçün isə ortalama 5 milyon hərbçiyə ehtiyac var. Varmı bu qədər gücü olan ölkə? Hələ o ayrı müsibətdir ki, bu qədər qoşun İran coğrafiyasında hansı problemlərlə qarşılaşacaq.
Təbii ki, bu hücumlar İranı ciddi problemlərlə üz-üzə qoyacaq. Onun dirçəlməsi, əvvəlki potensialını bərpa etməsi üçün uzun zaman lazımdır. Ona görə də, düşüncəm budur ki, Qərb İranla bağlı iki plana malikdir. Birinci plan bu gün şahidi olduğumuz hadisələrdir. Yəni, hərbi güc tətbiqi. İkincisi isə prosesi İranın daxilinə transferdir. Nəzərimcə, hərbi əməliyyatlar dayanan kimi, ikinci plan işə düşəcək. Əgər etirazlar başlayarsa və kütləviliyi təmin olunarsa, İrandakı indiki molla rejimi uzun müddət duruş gətirə bilməyəcək.
Fikrət Fəraməzoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru