Tramp Rusiyanın İrana yardımı ilə bağlı açıqlama verib
Bu gün, 11:23
ABŞ prezidenti Donald Trump Rusiya lideri Vladimir Putin-in ABŞ və İsraillə qarşıdurma fonunda İrana “bir qədər” kömək etdiyini ehtimal etdiyini bildirib.
O, bu barədə Fox News telekanalında danışıb.
“Düşünürəm ki, o, bəlkə də onlara (İrana) bir az kömək edir. (…) O, yəqin ki, hesab edir ki, biz də Ukraynaya kömək edirik, elə deyilmi?” – deyə Tramp bildirib.
Aparıcı Brian Kilmeade Vaşinqtonun həqiqətən də Kiyevə dəstək verdiyini qeyd etdikdən sonra Tramp bu yardımın olduğunu təsdiqləyib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitry Peskov bildirib ki, Moskva İrandan, o cümlədən silah yardımı ilə bağlı heç bir rəsmi müraciət almayıb. Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki münaqişənin tərəfi deyil.
Martın 9-da Vladimir Putin və Donald Trump arasında telefon danışığı da baş tutub. Rusiya prezidenti iran münaqişəsinin nizamlanması ilə bağlı fikirlərini, o cümlədən Fars körfəzi ölkələrinin liderləri ilə apardığı müzakirələrin nəticələrini amerikalı həmkarı ilə bölüşüb.