ABŞ prezidenti Donald Tramp iki pilotun xilasından danışıb

6-04-2026, 11:38           
ABŞ prezidenti Donald Tramp iki pilotun xilasından danışıb
ABŞ prezidenti Donald Tramp Axios-a bildirib ki, ABŞ ilkin mərhələdə İran tərəfindən vurulan F-15 döyüş təyyarəsinin ekipaj üzvlərindən birinin göndərdiyi mesajın amerikalı qüvvələri tələyə çəkmək üçün hazırlanmış bir hiylə ola biləcəyindən narahat olub.
İran ordusu tərəfindən ABŞ-ın F-15 döyüş təyyarəsi vurulduqdan sonra, iki pilotun xilas edilməsi üçün ABŞ-ın xüsusi əməliyyat qüvvələrindən təxminən 200 əsgər göndərilib.
Bu təyyarənin birinci pilotu daha tez – gündüz vaxtı və İran qüvvələrinin ağır atəşi altında xilas edilib. ABŞ müdafiə rəsmisi cümə günü həyata keçirilən ilk əməliyyatı “gündüz vaxtı həyata keçirilmiş sürətli və cəsarətli əməliyyat” kimi xarakterizə edib. İkinci əməliyyat isə gecə saatlarında və İran daxilində müvəqqəti baza qurulduqdan sonra həyata keçirilib.
İkinci amerikalı pilot yaralı olmasına baxmayaraq, dağlıq ərazidə 24 saatdan çox sağ qalıb və şənbə günü xüsusi qüvvələrin əməliyyatı ilə xilas edilib. ABŞ müdafiə rəsmisi bildirib: “İki ekipaj üzvü bir-birindən bir neçə mil məsafədə idi və bölgədə yüzlərlə SEPAH qüvvəsi yerləşdirilmişdi.”
Tramp xilasetmə əməliyyatının təsdiqindən bir saat sonra Axios-a deyib: “Minlərlə bu vəhşi onu axtarırdı. Hətta əhali də onu axtarırdı. Onu tutanlara mükafat təyin edilmişdi.”
Tramp bildirib ki, bu zabit dağda bir yarıqda gizlənmişdi və ABŞ öz texnologiyalarından istifadə edərək onun yerini müəyyənləşdirə bilib.
O əlavə edib ki, ABŞ ordusu zabitin yerləşdiyi yer barədə siqnallar alırdı, lakin radio mesajından sonra rəsmilər onun İran qüvvələrinin nəzarətinə düşmüş ola biləcəyindən və bu siqnalların amerikalı qüvvələri tələyə çəkmək üçün göndərildiyindən şübhələniblər.
Tramp deyib ki, bu zabit təyyarədən katapult etdikdən sonra radio vasitəsilə qısa və qeyri-adi mesaj verib: “Power belongs to God.(Qüdrət Tanrıya məxsusdur).”
ABŞ Müdafiə Nazirliyinin rəsmisi Trampın sözlərini təsdiqləyib, lakin ifadənin dəqiq formasının belə olduğunu bildirib: “God is good.. (Tanrı yaxşıdır).”
ABŞ müdafiə naziri də bazar günü səhər “X” sosial şəbəkəsində “God is good..” ifadəsindən istifadə edib.
Tramp deyib: “Onun radioda dedikləri müsəlmanın deyəcəyi ifadəyə bənzəyirdi.”
O əlavə edib ki, zabiti tanıyan şəxslər onun dindar olduğunu və belə bir ifadənin onun üçün normal olduğunu bildiriblər.
ABŞ müdafiə rəsmisi də bunu təsdiqləyərək deyib: “Əvvəlcə tam aydın deyildi, amma biz davam etdik və onun sağ olduğunu, əsir düşmədiyini təsdiqlədik. Onu tanıyanlar onun dindar olduğunu dedilər.”
Tramp bildirib ki, İsrail ordusu iki ekipaj üzvünün axtarışı və xilas edilməsi əməliyyatında ABŞ-a “bir qədər” kömək edib.
ABŞ müdafiə rəsmisi deyib ki, İsrail zabitin dəqiq yerləşdiyi yer barədə məlumat verməyib, lakin ümumi vəziyyətlə bağlı kəşfiyyat məlumatları paylaşıb.
İsrail rəsmiləri isə bildiriblər ki, bu ölkənin hava qüvvələri İran qüvvələrinin bölgəyə çatmasının qarşısını almaq üçün bir zərbə endirib.
Tramp deyib: “Onlar yaxşı tərəfdaş olublar. Çox yaxşı və cəsur insanlardır. Biz böyük qardaş və kiçik qardaş kimiyik.”
Günaz TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru