5 il əvvəl Kuba lideri Fidel Kastro ABŞ və İsrailin İrana qarşı müharibəsinin ssenari və perspektivlərini cızmışdı.
10-04-2026, 00:09

O, 2010-cu ildə “Granma” qəzeti üçün yazdığı məqalələrdə və sosioloq Mişel Çosudovskiyə verdiyi müsahibəsində işğalçıları İrana qarşı hərbi əməliyyatların perspektivsizliyini anlamağa çağırmışdı. Fidelin təkrar-təkrar söylədiyi fikirləri iki hissəyə ayırmaq olar:
1. İrana qarşı ənənəvi müharibədə qələbə mümkün deyil.
2. Bu, nüvə müharibəsi ehtimalını ağlasığmaz dərəcədə artırır, çünki avantüranın perspektivsizliyi ilə barışmaq istəməyən təcavüzkarlar İrana qarşı atom bombası ata bilərlər.
Unutmayaq, bayırda 2010-cu ildir, qeyri-kapitalist (qeyri-neoliberal) anklavların məhvi “terrorizmə qarşı mübarizə” yarıqlığı altında davam edir, Əfqanıstan və İraq çökdürülüb, irəlidə Liviya, Suriya, Yəmən, Sudan və yenidən İraq var. Və belə bir vaxtda İrana qarşı müharibə hələ horizontda görünmür.
Ancaq Fidel məhz bu müharibədən dəfələrlə yazır və danışır. Çünki, onun sözlərinə görə, “Əfqanıstanda və İraqda baş verənlər İranda baş verəcək hadisələrlə müqayisədə xırda hadisələrdir. ABŞ və İsrail İranda tamamilə fərqli silahlanma, hazırlıq, mentalitet və əsgərlə qarşılaşacaq”.
Fidel deyir: “İrana qarşı müharibə lokal müharibə olmayacaq. İranlıları güc hesabına məğlub etmək mümkün deyil. Əgər müharibə öz konvensial (ənənəvi) xarakterini saxlsa, ABŞ onu uda bilməz və bu, tezliklə nüvə müharibəsinə çevriləcək. Əgər ABŞ səhvə yol verərək taktik nüvə silahı tətbiq etsə, hadisələr tamamilə nəzarətdən çıxacaq”.
Fidel deyir: “Əgər taktik nüvə silahı tətbiq edilsə belə yenə iranlıların təslim olacağını fikirləşmək səhvdir. Və o vaxt artıq hər şey çox gec olacaq”.
Fidelin fikrincə, İrana qarşı müharibənin ənənəvi müharibə olacağı ehtimalı azdır, ancaq bu, ənənəvi müharibə olarsa, ABŞ və İsrailin məğlubiyyəti qaçılmazdır, ardınca baş verəcək qlobal nüvə müharibəsi isə insanlığın sonu olacaq.
Dünya oxşar ehtimalla artıq bir dəfə qarşılaşıb. Fidel Vyetnam müharibəsini yada salır — prezident Nikson Henri Kissincerə Vyetnama qarşı nüvə silahından istifadə etməyi təklif edir və yaxşı ki, onu bu böyük cinayətdən daşındıra bilirlər. Amerika xalqı öz hökumətini müharibəni bitirməyə məcbur edir. Fidel fərqindədir ki, hazırda ictimai rəy gücsüzdür, əks qütbdə SSRİ kimi dövlət də yoxdur, odur ki, bu dəfə fəlakətin reallaşma ehtimalı da daha çoxdur.
Vyetnamla müqayisə də təsadüfi deyil. Nə vaxtsa Vyetnam kimi indi də İran qlobal imperializmə qarşı müqavimətin avanqardı rolunda çıxış edir. Və Çe Gevaranın məşhur “Bir Vyetnam, iki Vyetnam, çoxlu Vyetnam...” tezisi yenidən arxi-aktuallaşır. Sadəcə Vyetnam sözü İranla əvəzlənir.
Fidelin fikirlərinə şərh vermədən sadəcə onun 2010-cu ildə yazdığı məqalələrindən bəzi sitatlarla tanış olaq və ötən əsrin ən məşhur inqilabçılarından birinin fikirlərinin bu gün necə böyük əhəmiyyət kəsb etdiyinə bir daha diqqət edək:
“Digər bir problem ondadır ki, BMT hadisələrin gedişatını dəyişmək üçün heç bir imkana malik deyil və çox tezliklə İsraildə hakimiyyətdə olanlar İranın sarsılmaz müqaviməti ilə qarşılaşacaqlar. İran barışmayacaq. ABŞ-ın imperialist intriqalarının nəticələri planetin bütün sakinlərini bütün iqtisadi böhranların cəmindən daha güclü şəkildə sarsıdacaq...”
“Həm ABŞ , həm də İsrail İran Silahlı Qüvvələrinin milyonluq heyətini və onların qurudakı döyüş imkanlarını, həmçinin İnqilab Keşikçilərinin hava, dəniz və quru qüvvələrini lazımi dərəcədə qiymətləndirmirlər. ABŞ hökuməti kapitalist istehlakçılığı dəyərlərinə söykənərək iranlıları parçalamalı və rejimi devirməli olan bir siyasi kampaniya planı hazırlayıb. ABŞ hərbi gəmilərinin İsrail gəmiləri ilə birləşərək, ən azı bir İran vətəndaşında belə rəğbət oyada biləcəyini düşünmək gülüncdür...”
“Minillik mədəni ənənələri olan İran xalqı, şübhəsiz ki, təcavüzkarlardan müdafiə olunacaq. Dünya xalqlarının çox yaxın gələcəkdə baş verəcək fəlakətli nüvə müharibəsinin nəticələri ilə qarşılaşmaqdan başqa seçimi qalmır...”
“İranın proqnozlaşdırılan cavab vermək qabiliyyəti şiddətli bir müharibəyə səbəb olacaq ki, bunun üzərindəki nəzarət vuruşan tərəflərin əlindən çıxacaq və o, qaçılmaz olaraq qlobal nüvə münaqişəsinə çevriləcək...”
“Bu gün bu növ silahların tətbiqi ilə müharibənin baş verməsi barədə qaçılmaz təhlükə mövcuddur və mən zərrə qədər də şübhə etmirəm ki, ABŞ və İsrailin İrana hücumu qaçılmaz olaraq qlobal nüvə münaqişəsinə çevriləcək. Xalqlar siyasi liderlərdən öz yaşamaq hüquqlarını tələb etməyə borcludurlar. Sabah artıq çox gec olacaq...”
Məmməd Süleymanov
TEREF

