"Aeroporta ya ictimai nəqliyyat yönləndirilməlidir, ya da taksi qiyməti vətəndaşın büdcəsinə uyğunlaşdırılmalıdır"
9-10-2025, 11:38

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. Bizimyol.info xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
TEREF yazır ki, məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın əlçatanlığını artırmaq lazımdır: “Düşünürəm ki, ictimai nəqliyyatın əlçatanlığını artırmaq lazımdır. Hal-hazırda H1 marşrutu “28 May” və “Koroğlu”nu keçməklə hava limanını əlaqələndirir. Amma şəhər böyükdür və fərqli istiqamətlərdən beton yol üzərindən “Əhmədli” istiqamətinə, sonradan “20 Yanvar” istiqamətinə bu növ marşrutların təşkilinə ehtiyac var. Çünki oradan Ekspress xətti üzrə avtobuslar Sumqayıta mütəmadi işləyir. Eyni zamanda aeroportun yanında yerləşən Binə-Mərdəkan istiqamətinə. Ona görə ki, aeroport işçilərinin əksəriyyəti elə bu qəsəbələrdə yaşayır. Həmçinin də reysdən sonra gələnlər, məsələn; taksi ilə getmək məcburiyyətində qalırdılar”.
Nəqliyyat eksperti qeyd edib ki, fərqli istiqamətlərdə yeni marşrutlar aeroportla əlaqələndirilməlidir ki, taksiyə o qədər də ehtiyac qalmasın: “Taksi ilə bağlı son verilən qərar əslində onların büdcəsinə birbaşa təsir edəcək. Ona görə ki, servis avtobusları səhər-axşam gəlib-gedir. Bu da ümumi olaraq aviasiya işçilərinin gediş-gəlişində əlavə xərclərin yaranmasına təsir edəcək.
Eyni zamanda yaxınlıqda yerləşən Aviasiya Akademiyasının heç hava limanı ilə ictimai nəqliyyatla əlaqəsi yoxdur. Şəhərə gələn qonaqlar və gedənlər ya H1-lə, hansı ki, onun da məhdud dayanacağı var və məhdud istiqaməti əhatə edir, ya da ki, taksi ilə getməlidirlər. Taksidə də son qərarlar birbaşa “ekonom” sinfin girişinə bir məhdudiyyətlə qarşılaşıb. Digər sinifli aqreqatorlara olan avtomobillər Bakı taksidən başqa, yüksək sinif “Uber”, “Bolt”, “Yango” daxil ola bilir. Onsuz da onların da qiyməti elə yüksəkdir. Onların prinsipcə qiyməti dəyişməyib, amma aşağı siniflinin girişi artıq məhdudlaşıb.
Məsələnin birinci həlli mənə görə ictimai nəqliyyatın fərqli istiqamətlərdəki yeni marşrutlarının aeroportla əlaqələndirməsidir ki, taksiyə o qədər də ehtiyac qalmasın. İkinci məsələ isə taksi ilə gedənlərə düşünürəm ki, hər sinfə uyğun bir imkan yaradılmalıdır, çünki cəmiyyətdə insanların imkanları fərqlidir. Təklif olunan qiymətlər insanların büdcəsinə uyğun olmalıdır”.
Rauf Ağamirzəyev vurğulayıb ki, sürətli və əlçatan qiymətlə şəhərin fərqli istiqamətindən hava limanına əlaqə təmin olacaq: “Şəhərdə keçən ildən başlamış mobilliyin transformasiyası proqramı çərçivəsində ayrılmış avtobus zolağı şəbəkəsi yaradılır. Bu zolaqların olması, həmçinin bu növ "Ekspress" avtobusların tıxacda qalmadan fərqli istiqamətə gedişin təmin edəcək.
Beton yolda zolağa ehtiyac yoxdur, onsuz da boşdur. Amma “8 Noyabr”da çəkilib, “Əhmədli” istiqamətinə birbaşa vacib olan bir qərardır. Həmçinin Ziya Bünyadov Prospektində var. Bunu da 7/24 rejiminə keçirtmək lazımdır ki, xüsusən aeroporta gedib gələnlər üçün “20 Yanvar”a fasiləsiz ictimai nəqliyyatla əlaqəni təmin etsin. Binə-Mərdəkan da şose yolunun üstündədir, onlarda onsuz da tıxac yoxdur. İctimai nəqliyyatla əlaqə təmin edilsə, məhz sürətli və əlçatan qiymətlə şəhərin fərqli istiqamətindən hava limanına əlaqə mümkün olacaq”.

