Büdcədən asılı sistem qurub, sonra büdcə xərclərini kəsib, qənaət edib, həmin pulu banklara depozitə qoymaq olmaz

Bu gün, 00:04           
Büdcədən asılı sistem qurub, sonra büdcə xərclərini kəsib, qənaət edib, həmin pulu banklara depozitə qoymaq olmaz
Müxtəlif sahələrdə çalışan iş adamlarını birləşdirən bir məsələ var – hamısı deyir ki, dövriyyədə pul yoxdur, dövriyyə azalıb, satışlar/sifarişlər çöküb.
Ölkədə avtomobil, əmlak bazarında ciddi durğunluq var, ölkə idxal kəskin azalıb, iqtisadi artım 0% dir – bütün bunlar deyilənləri sübut edir.
Yaxşı, nə baş verdi ki, müxtəlif sahələrdə çalışanların eyni problemi yaranıb?
Sadə dildə izah etməyə çalışacam: Maliyyə Nazirliyinə tapşırılıb ki, büdcə xərclərinə qənaət edilsin – lap yaxşı, doğrudan da, izafi xərclər azalmalı, büdcə xərcləri sağlamlaşdırılmalıdır.
Sadəcə ciddi bir məsələ var – ölkənin iqtisadi aktivliyi, ölkə iqtisadiyyatı büdcə xərclərindən çox asılıdır. Model belə qurublar ki, ölkə iqtisadiyyatına pul büdcədən axır, sonradan dövr edir, biznes də öz payını bundan alırdı.
Maliyyə Nazirliyi, məşhur lətifədə olduğu kimi, qulaqları kəsib, indi saymağa başlayıb – yəni, xərcləri kəskin azaldaraq, monitorinqlərə başlayıb. Bu isə o deməkdir ki, büdcədən müxtəlif satınalmalara, təmir-tikinti işlərinə ayrılan vəsait ya dayanıb, ya da, kəskin azalıb. Bu isə bütün iqtisadiyyata təsir edir. Necə?
Deyim də, təsəvvür edin ki, “A” şirkəti dövlət sifarişi ilə, tutalım, məktəb tikir. “A” şirkətinin sahibinin bir az pulu var, bir az da kredit alıb, öz vəsaiti hesabına tikintidə bir az iş görür ki, ardınca büdcədən vəsaiti ayıracaqlar. Ay olub iyun, il olub yarı – amma, məsələn, vəsait hələ ayrılmayıb. Bu zaman bilirsiz nə baş verir – “A” şirkəti sement, armatur alıb – onun pulunu verə bilmir, sement, armatur satan maşın almalı idi – pul gəlməyib, maşın ala bilmir. Maşın satan evini təmir etdirməli idi – pul yoxdur, ustaya pul verə bilmir, usta gözünü o sifarişə tikmişdi – o da pulsuz qalıb, amma, məhəllə mağazasında nisyə dəftərində 500 manat borcu var, onu ödəyə bilmir, mağaza sahibi o 500 manatı gözləyir ki, gedib qızına telefon alsın – pul yoxdur, ala bilmir, telefon satan da müştəri gözləyirdi ki, 500 manata telefon satıb ailəsini 2 günlük Şamaxıya aparsın – pul yoxdur, apara bilmir, Şamaxıdaki obyekt sahibi də yay mövsümünü gözləyirdi ki, qazanıb bankın kreditini ödəsin – pul yoxdur, krediti ödəyə bilmir.
Siyahını uzada bilərəm, amma, mahiyyəti, çox güman tutduz – büdcədən asılı sistem qurub, sonra büdcə xərclərini kəsib, qənaət edib, həmin pulu banklara depozitə qoymaq olmaz, belə olanda bütün sistem dayanır, alver ölür, qazanc azalır, iqtisadiyyat olur 0%...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru