“Nvidia” 5 trilyon dollarlıq bazar dəyərini keçən ilk açıq səhmdar şirkət oldu

Dünən, 17:34           
“Nvidia” 5 trilyon dollarlıq bazar dəyərini keçən ilk açıq səhmdar şirkət oldu
Dünya Bankının məlumatına əsasən, 5 trilyon dollarlıq bazar dəyərinə çatan “Nvidia” hazırda ABŞ, Çin və Yaponiya istisna olmaqla, bütün ölkələrin ümumi fond bazarı dəyərindən daha yüksək göstəriciyə sahibdir.

İyul ayında “Nvidia”nın bazar dəyərinin 4 trilyon dollara çatmışdı. Üç ay sonra şirkət 5 trilyon dollarlıq bazar dəyərini keçərək bu həddə çatan ilk açıq səhmdar şirkətə çevrilib.

Məlumata görə, “Nvidia”nın dəyəri Çin və Yaponiya istisna olmaqla, bütün ölkələrin ümumi daxili məhsulunu (ÜDM) geridə qoyur və “S&P 500” indeksinin bütün sektorlarını üstələyir.

Çərşənbə günü şirkətin səhmləri 5,6 faiz artaraq 212,19 dollara yüksəlib. Bu artım, həm ABŞ Prezidenti Donald Trampın bəyanatları, həm də “Nvidia”nın atdığı addımlar və gəlir gözləntiləri ilə əlaqələndirilir. Bir müddətdir şirkətin Çindən çəkilməsi məsələsi gündəmdə idi. Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Tszinpin ilə “Nvidia”nın “Blackwell” çiplərini müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb. Qeyd edək ki, bu çiplərin Çinə satışı əvvəlcə qadağan olunmuş, daha sonra Tramp tərəfindən iyul ayında bu qadağa ləğv edilmişdi. Eyni zamanda, əldə olunan razılaşmaya əsasən, “Nvidia” Çindən əldə etdiyi gəlirin 15 faizini ABŞ hökumətinə ödəməlidir.

Şirkətin baş icraçı direktoru Censen Huanq bildirib ki, süni intellekt çiplərinin satışından 500 milyard dollar gəlir gözlənilir. Onun sözlərinə görə, “Nvidia” ABŞ üçün təhlükəsizlik, enerji və elm sahələrində istifadə ediləcək yeddi yeni superkompüter inşa edir. Bu da şirkətin minlərlə GPU təqdim edəcəyini göstərir və investorlar tərəfindən müsbət qarşılanır.

Bundan əlavə, “Nvidia” çərşənbə axşamı “Nokia”ya 1 milyard dollar investisiya yatırdığını açıqlayıb. Bu əməkdaşlıq çərçivəsində “Nokia”nın məhsulları “Nvidia” platformalarında 5G-Advanced və 6G şəbəkələrinin işə salınmasında istifadə olunacaq.

Süni intellekt sahəsinə marağın artdığı bir vaxtda, bəzi ekspertlər bu vəziyyətin maliyyə mühəndisliyi adlandırılan yanaşmanın nəticəsi olub-olmadığını sorğulayırlar. Belə ki, aparıcı süni intellekt şirkətlərinin bir-birinə investisiya etməsi mürəkkəb bir razılaşma şəbəkəsi yaradır. “OpenAI”ın ötən ay “Nvidia”dan 100 milyard dollarlıq investisiya alması da bu kontekstdə dəyərləndirilir.

2025-ci il ərzində “Nvidia”nın səhmləri 50 faizdən çox artıb. Şirkət bu artımı, məlumat mərkəzlərində geniş istifadə olunan qrafik emal bloklarına (GPU) olan yüksək tələbatla əlaqələndirir. “Nvidia”, nadir sayılan bu GPU-ları genişlənən məlumat mərkəzi planına daxil etməklə, bazardakı mövqeyini daha da möhkəmləndirir. Şirkət 2023-cü ilin iyun ayında ilk dəfə 1 trilyon dollarlıq bazar dəyərinə çatmışdı. O vaxtdan bəri “Nvidia” süni intellekt sahəsinin öncül brendlərindən biri kimi qalır.

Şirkətin inkişaf tarixi ilə maraqlananlar, ötən il hazırladığımız “Nvidia”nın dünyanın ən dəyərli şirkətinə çevrilməsi prosesinə həsr olunmuş məqaləni oxuya bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]