Daha bir nəhəng ixtisarlara getdi - "YouTube" əməkdaşlarına könüllü şəkildə işdən çıxma və kompensasiya təklif etdi
31-10-2025, 16:24
"YouTube" işçilərinə könüllü şəkildə işdən çıxmaq və bunun müqabilində kompensasiya almaq imkanı təqdim edib. Bu addım birbaşa ixtisarlara alternativ kimi və şirkətin daxili yenidənqurma prosesinin bir hissəsi kimi atılıb.
Bu barədə "Business Insider" yazıb.
Oxşar proqram "YouTube"un ana şirkəti olan "Google"da da 2025-ci ilin əvvəlindən tətbiq edilir. Yaz aylarında korporasiya artıq "Android" və "Pixel" bölmələrindən yüzlərlə əməkdaşı işdən azad etmişdi. İndi bu təşəbbüs video platformaya da şamil edilir - yeni peşə çağırışları axtarmağa hazır olanlara kompensasiya təklif olunacaq. Ödənişlərin məbləği açıqlanmayıb.
Eyni zamanda, "YouTube" struktur dəyişikliklərinə də başlayacaq. Şirkət üç əsas istiqamət üzrə bölünəcək: abunəçilər üçün məhsullar, tamaşaçılar üçün xidmətlər və kontent müəllifləri üçün alətlər. Şirkət nümayəndələrinin sözlərinə görə, bu dəyişikliklər çərçivəsində kütləvi ixtisarlar planlaşdırılmır.
"YouTube"un baş direktoru Nil Mohan bildirib ki, bu yenidənqurma platformanı süni intellekt texnologiyalarına əsaslanan gələcəyə hazırlamaq məqsədi daşıyır.