Şirkətdən məlumat sızmasına görə fantastik ödəmə: 1,17 milyard dollarlıq faktura
6-01-2026, 15:38

Cənubi Koreyanın e-ticarət nəhəngi "Coupang" ölkə əhalisinin yarısından çoxunu təsirləndirən böyük bir məlumat sızmasının ardından şok detallar açıqlayıb. Şirkətin 25 dekabr (Milad günü) açıqlamasına görə, keçmiş bir işçi 33 milyon müştərinin məlumatlarına icazəsiz şəkildə daxil olduğunu etiraf edib.
Valyuta.az xəbər verir ki, şirkət daxilində çalışdığı zaman bir təhlükəsizlik açarını ələ keçirən bu şəxsin, işdən çıxdıqdan sonra sistemi manipulyasiya edərək müştəri qeydiyyatlarına daxil olduğu güman edilir. Hadisəni araşdırmaq üçün beynəlxalq kibertəhlükəsizlik şirkətləri ilə əməkdaşlıq edən "Coupang" apardığı hüquqi təhqiqat nəticəsində həm şübhəlini müəyyən edib, həm də ondan rəsmi ifadə alıb.
Keçmiş işçinin, xüsusilə 3 min müştərinin sifariş tarixçəsini və mənzil giriş şifrələrini ətraflı araşdırdığı məlum olub. Bu şifrələr, kuryerlərin paketləri binaya yerləşdirməsi üçün sistemdə saxlanılır. Təhlillər göstərib ki, hücumçu bu məlumatlara həm bir masaüstü kompüter, həm də "MacBook Air" vasitəsilə daxil olub.
Şübhəli hadisə mətbuata çıxdıqdan sonra panikaya düşərək masaüstü kompüterini təhvil verib. Lakin sübutları silmək üçün qəribə bir üsula əl atıb: əlindəki "MacBook Air" modelini parçalayaraq içini daşıma çantasında kərpiclə doldurub çaya atıb. Amma çaydan çıxarılan kompüterin seriya nömrəsi şübhəlilinin "iCloud" hesabı ilə uyğunlaşanda, qaçacaq yer qalmayıb.
"Coupang" iddia edir ki, məlumatlar oğurlandıqdan sonra silinib və üçüncü şəxslərə satılmayıb. Lakin hadisənin maliyyə qiyməti olduqca ağırdır. Şirkət, məlumatlarına daxil olunmuş 33 milyon müştərinin məmnuniyyətini bərpa etmək üçün hər birinə təxminən 35 dollarlıq hədiyyə çeki təqdim edəcəyini açıqlayıb. Bu addımın ümumi xərci təxminən 1,17 milyard dollardır. Bu rəqəm, bir texnologiya şirkətinin tək bir sızmadan sonra ödədiyi ən böyük kompensasiya paketlərindən biridir. Üstəlik, bu məbləğ yalnız müştəri məmnuniyyəti üçün ayrılan büdcəni əks etdirir.
Şirkətin problemi yalnız maliyyə ilə bitmir, hökumətlə də qarşıdurma mövcuddur. Cənubi Koreya hökuməti "Coupang"ın təhlükəsizlik boşluqlarını və əməliyyat proseslərini araşdırmaq üçün rəsmi bir istintaq başladıb. Ölkədəki keçmiş nümunələr göstərir ki, bu tip laqeydliklər çox ağır inzibati cərimələrlə nəticələnir.
Cənubi Koreya əhalisinin 52 milyon olduğu nəzərə alınsa, demək olar ki, hər iki vətəndaşdan birinin şəxsi məlumatı bu sızmadan təsirlənib və hadisə milli böhran səviyyəsinə yüksəlib. İndi bütün gözlər, hüquqi prosesdən çıxacaq son qərara və Coupang’ın bu böhrandan necə çıxacağına yönəlib.

